İlham Rəhimovun xural.com-a müsahibəsi: “Birdən sanki hansısa səs mənə dedi ki…”

ilham rəhimov1Professor İlham Rəhimov: “Mən hüquqşünasam, bu elmlə məşğulam, ən nəhayət hüquq PROFESSORUYAM və bundan şərəf duyuram”

xural.com İlham Rəhimovdan gündəmə damğa vuracaq müsahibə götürdü..

O, hər zaman Azərbaycan mətbuatının gündəmində olub. Haqqında olur-olmadıq şeylər yazılıb. Zamanında “Xural” olaraq da onu ən çox tənqid edənlərdən olmuşuq. Ancaq heç bir zaman azad mətbuata, müstəqil mediaya qarşı qırmızı xətti keçməyib. Söz azadlığına diqqətli yanaşıb. Hətta ən ağır zamanlarımızda – şərlənib içəri atılanda hamıdan, ələlxüsus da ondan – İlham Rəhimovdan zərbə gözləyərkən, bizə dostluq əli uzadıb. Əlindən gələni edəcəyini bildirib. Bəlkə də edib, amma bu, çox unikal və maraqlı hadisədir. Məmləkətdə dost deyib qulluğunda durduqların, ürək qızdırıb böyük bildiklərin bir çoxları üzünə durmaq üçün fürsət gözləyərkən, zamanında incitdiyimiz və haqqında yazdığımız, tənqid etdiyimiz bir adam bu qaranlığın içində bizə əl uzadırdı. Biz təbii ki, mənəvi planda o əli sıxdıq. Qiymətləndirdik. Tanrı, beynəlxalq və yerli hüquq müdafiəçiləri və Azərbaycan prezidenti azadlığı qismət etdilər və biz bizə əl uzadan o adamla müsahibəyə getdik.

Biz hər zaman müsahibəni canlı-canlı götürmüşük. Amma İlham Rəhimovla bu, alınmadı. Suallar yazılı olaraq cavablandırıldı. Halbuki bütün suallar ayrı-ayrı mövzulara həm də keçid idi. Ona görə də müsahibədə bəzən elə qənaət yarana bilər ki, biz mövzunu davam etdirməmişik.

İlham Rəhimovla o zamanın tənqidi yazılar mövzusuna da toxunduq və onun da maraqlı yanaşması oldu: “Hamısı ona görədir ki, məni yaxşı tanımırsınız. Mənim öz prinsipim var: kimsə təhqir etsə, cavabını alar, amma kimsə haqqımda xoşuma gəlməyən nəsə yazsa, bununla barışa bilərəm. Sizi heç vaxt düşmənim saymamışam, hərçənd Siz jurnalistsiniz.”

İlham Rəhimovla çox şeydən danışdıq. Bəzi suallarımıza ümumiyyətlə, cavab verməsə də, əsasən, verdiyimiz bütün sualları cavablandırdı. Onunla ilk sevgisindən tutmuş dostluğa bəslədiyi münasibətə, həyat yollarındakı çətinlikdən tutmuş “oliqarx” adının verdiyi əsəbə qədər danışdıq.

Buyurun, oxuyun…

I hissə

 

– Uşaqlıq xəyallarınız və arzularınız nələr idi?

– Hər şey ondan asılıdır ki, uşaqlıq nə vaxt başlayır, nə vaxt bitir, bu barədə konkret resept yoxdur. Təbii ki, uşaqlıq çağında hansısa arzularım olub. Düzünə qalsa, onları yaxşı xatırlamıram. Arzularım haradasa 8-ci sinifdə az-çox dəqiq xarakter aldı. Ümumiyyətlə, mən tez böyüdüm, yəni başqa cür desək, zaman elə gətirdi ki, birgə oxuduğum və ya ünsiyyətdə olduğum yoldaşlarımdan, sanki tez uşaqlıq yaşından çıxdım. Həyatımda gözlənilməz hadisələr, problemlər yaşandı. O zaman kənddə ata baba və nənəmin himayəsində böyüdüm, onların tərbiyəsini gördüm. Bu baxımdan, demək olar ki, uşaqlıq dövrüm müqayisəli götürəndə standart keçməyib. Dördüncü sinfə qədər Azərbaycan məktəbində oxudum, atam Bərdə rayonunda işləyəndə məni rus məktəbinə keçirdilər. Əvvəl çətin idi, amma analığım rus dili və ədəbiyyatı müəlliməsi olduğu üçün bu çətinliklərin öhdəsindən gələ bildim. Artıq orta məktəbi bitirəndə gələcəkdə kim olamaq istədiyimi bilirdim. Ümumiyyətlə, mən orta məktəbdə oxuyanda humanitar fənlərə daha çox meylli idim. Ona görə qərara alındı ki, hüquq fakültəsinə daxil olum. Amma Bakıda bu mümkün olmadı. Çünki o vaxt müəyyən kateqoriyalı qulluqçuların (atam o zaman ticarət sahəsində məsul vəzifədə işləyirdi) uşaqları bu fakültəyə daxil ola bilməzdi. Ona görə, əslən Leninqraddan olan analığımın təşəbbüsü ilə bu tarixi şəhərə yollandım.

Beləliklə, Tovuzun Cilovdarlı kəndindən olan uşaq Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olundu. Yeri gəlmişkən, orada oxumaya da bilərdim. Vaxtaşırı qəbul komissiyasına gedirdim ki, müsabiqənin necə olduğunu öyrənim. Sən demə, bu fakültəyə qəbula gələnlər hamısından çox imiş. Təbii ki, həyəcanlandım və sənədlərimi daha az iddiaçı olan fəlsəfə fakültəsinə verdim. Bu, günün birinci yarısında baş verdi. Amma nəsə məni narahat edirdi. Günün sonuna yaxın yenidən universitetə qayıtdım. Sənəd qəbulunun son günü idi. Birdən sanki hansısa səs mənə dedi: “Get, sənədlərini götür və yenidən hüquq fakültəsinə ver.” Bu səs məni sevindirdi, hiss etdim ki, kimsə mənə məsləhət verir. Çünki həmin vaxt yanımda yaxın adamlarımdan heç kəs yox idi. Çox çətinliklə sənədləri götürüb yenidən hüquq fakültəsinə verdim. Yəqin ki, taleyimə belə yazılıbmış.

– İlk sevgiyə inanırsınızmı?

– Gələcək həyat yoldaşımla (o, 2002-ci ildə dünyasını dəyişib) bir sinifdə oxuyurduq. O, Bakıda ali tibbi təhsil alıb, mənsə dediyim kimi, Leninqradda oxudum. Bizim münasibətlərimizi hələ məktəbdə oxuyanda çoxları bilirdi.

ilham rəhimov2– Hansı hadisə ömrünüzün axarını dəyişdirdi?

– Həyat yoldaşımın vəfatı.

– Xüsusi həssaslıqla xatırladığınız müəlliminiz varmı? Hansı müəlliminiz ömrünüzə böyük hərflərlə yazılıb?

– 2012-ci ildə dərc edilən “Cinayətkarlıq və cəza” kitabımı müəllimim və rəhbərim, tanınmış sovet-rus alimi, gözəl insan Belyayev Nikolay Aleksandroviçin əziz xatirəsinə belə bir yazı ilə həsr etmişəm: “Uşaqların tərbiyəsinə görə borclu olduğu müəllimlər valideyndən hörmətlidir: biri bizə yalnız həyat, o birilər isə gözəl həyat bəxş edir” (Aristotel).

– Nə xoşunuza gəlmir? Hansı hadisələr var ki, qarşılaşmaq istəməzsiniz?

– Yaxınlarımdan kiminsə mənə ağrı-acı yaşatması xoşuma gəlmir. Çox istədiyim və hörmət etdiyim birisini tez-tez yoluxmaqla bezdirmək xoşuma gəlmir. Qabaqcadan nəyə görəsə kədərlənmək, hələ olmayan şeyə görə sevinmək xoşuma gəlmir. Özünü tərifləmək, lakin səhvlərimizi və çatışmazlıqlarımızı görməmək xoşuma gəlmir. Bu bizə irəli getməyə imkan vermir. Bunlar xoşuma gəlməyənlərin yalnız kiçik bir hissəsidir.

– Hansı adamları sevmirsiniz?

–  Nə vaxtsa yardım edən adamları unudanları. Müəllimini tez unudan şagirdə hörmət etmirəm. Anasını unudan evli oğula nifrət edirəm. Çıxılmaz vəziyyətdən çıxaran adama minnətdar olmayana qarşı laqeyidəm. Ən başlıcası, yaltaq, sırtıq, tez-tez mövqe dəyişən adamları görmək istəmirəm. Ancaq ən çox nə vaxtsa rus filosofu İ.A.İlyinin bəhs etdiyi adamlara yazığım gəlir: “Elə adamlar var ki, yaxşı nəsə görən kimi orada pis bir şey tapırlar. Onlar heç vaxt tərifləmir, yaxud tərifə “amma” sözü ilə başlayırlar.” Bu xüsusiyyət xəstə, yaxud aclıq hiss edən adamlara xasdır. Şəxsiyyətə əzab verən tərbiyə; həyatda sevincinin az olması; bu səbəblərdən inkişaf edən yüksək xudbinlik və şöhrətpərəstlik – hamısı burada rol oynayır. Ancaq bu adamlar öz vəziyyətlərində bədbəxtdilər. Təmənnasız hörmətin sevinci onlar üçün əlçatmazdır. Özünü fəda etmək onlar üçün əlçatmazdır. Onlar həmişəlik özlərinə və onun subyektiv olaraq qiymətli, obyektiv olaraq isə cılız vəziyyətinə zəncirləniblər. Çünki psixopotologiya göstərir ki, bu “amma”nın arxasında “bəs mən?” refleksi dayanır. “Əgər bunu mən eləməmişəmsə, burada yaxşı nə ola bilər?” “Mənə məxsus olmayanda yaxşı nə ola bilər?” Balaca uşaq hər şeylə bağlı soruşur: “Bəs mən?” Digəri onun yanında güc və cəldlik göstərəndə isə ağlayır.

– Aşıq musiqisini sevirsiniz, amma “Saz Mərkəzi”miz yoxdur? Bu haqda nə düşünürsünüz?

– Axı mən Tovuzdanam. Qarabağda uşaqlar muğamla, Tovuzda Saz və Aşıqla doğulurlar. Sualınızın ikinci hissəsinə gəlincə, düzünə qalsa, bizdə “Saz Mərkəzi”nin olmadığını bilmirdim. Hesab edirəm ki, belə bir mərkəz olmalıdır.


ilham rəhimov3– Sizə “oliqarx” deyəndə əsəbiləşmirsiniz ki?

– Əvvəla, “oliqarx” termini son zamanlarda dəbə düşən, tez-tez, yeri gəldi-gəlmədi bəzi insanlara yapışdırılan bir termindir və bir çox hallarda onun müəlliflərinin savad səviyyəsini göstərir. “Oliqarx” oliqarxiyanın tərkib hissəsidir, birbaşa hakimiyyətə bağlı məsələdir, yəni siyasi idarəçilik, dövlət idarəçiliyi formasıdır. Yəni hakimiyyət bir qrup “oliqarx”ın əlində cəmləşir və bir qrup monopolist, varlı insanların maraqlarını ifadə edir. Bu baxımdan, bu damğanı mənə yapışdırmaq istəyən insanların məqsədləri və səviyyələri aydındır və mənə heç bir aidiyyatı yoxdur.

Mən hüquqşünasam, bu elmlə məşğulam, ən nəhayət hüquq PROFESSORUYAM və bundan şərəf duyuram.

– Dostluq anlayışına münasibətiniz necədir?

 

Davamı var…

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button