İlkin Rüstəmzadədən xəbər var

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin xəstəxanaya köçürülməsinə icazə verməyib.
Bu haqda gənc fəalın bacısı Türkan Rüstəmzadə Azadlıq Radiosuna deyib. O, bu gün, mayın 11-i həbsdəki qardaşı ilə telefonla danışıb.
Müəssisə həkimi təqdimat vermişdi
“İlkin Rüstəmzadənin Penitensiar Xidmətin hospitalına köçürülməsi və zəruri müayinələrdən keçməsi ilə bağlı cəzaçəkmə müəssisəsinin həkimi təqdimat verib. Həmin təqdimata Penitensiar Xidmətdən cavab gəlib. Xidmət cavabında bildirib ki, onun müalicə üçün xəstəxanaya yerləşdirilməsi əməliyyat şəraiti baxımından məqsədəuyğun sayılmayıb”, – deyə bacısı bildirib.
Həkimin təqdimatına Penitensiar Xidmətdən belə cavab verilməsinə hələlik, bu qurumdan əlavə izahat almaq mümkün olmayıb.
***
 
“İlkin Rüstəmzadə ilə bağlı 13 saylı Cəzaçəkmə Müəssisəsinin tibb idarəsinə baş tibb idarəsindən bildiriş gəlib. Bildirişdə qeyd olunur ki, İlkin xəstəxanaya göndərilə bilməz. Səbəb olaraq İlkinin qaçmağa, özünə və digər dustaqlara xəsarət yetirəcək “xüsusi cinayətkar” olduğu göstərilir”. 
Arqument.Az xəbər verir ki, bunu isə Nida Hərəkatının İdarə Heyətinin üzvü Məsud Əskər feybukda yazıb.
“Hakimiyyətin həbsdəki siyasi və vicdan məhbuslarına təzyiqi davam edir”, – M. Əskər bildirib.
***
Mədə xorası və nevroz…
İ.Rüstəmzadə mart ayında kəskin ağrılarının olması barədə açıqlama vermişdi.
Həkimlər onun mədə xorasından və nevrozdan əziyyət çəkdiyini bildirmişdilər.
Bir müddət öncə, gənc fəalın ictimaiyyət arasında başqa bir açıqlaması yayılmışdı. İlkin Rüstəmzadə bildirirdi ki, cəzaçəkmə müəssisəsinə gələn Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri ona əməkdaşlıq təklif ediblər. Əks halda onu müalicə almayacağı, həbsdən heç vaxt buraxılmayacağı ilə hədələyiblər. Ancaq Dövlət Təhlükəsizlik Xidmətindən indiyə kimi bu açıqlamaya hər hansı münasibət bildirilməyib.
İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili, narkotik maddə və silah saxlamaq kimi ittihamlarla uzun müddətə həbs olunublar.
Onların həbsinə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələri səbəb göstərilir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyev və Üzeyir Məmmədlini 7 il, ən gənc fəal 17 yaşlı Şahin Novruzlunu isə 6 il azadlıqdan məhrum edib.
«Amnesty International» hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları «vicdan məhbusları» adlandırıb.
Sonradan İlkin Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button