İlkin Rüstəmzadənin həyatı təhlükədə; “…başınızla cavabdehsiniz!”

Siyasi məhbus, NİDA-çı İlkin Rüstəmzadənin həyatına həbsxanada təhlükə yaranıb. Bu barədə məlumatı Milli Şuranın sədri Cəmil Həsənli İlkinin atasına istinadən FB səhifəsində paylaşıb:

“Dostlar! Siyasi məhbus İlkin Rüstəmzadənin həyatı təhlükədədir. İndicə onun 13 saylı cəzaçəkmə müəssisəndə təhdid olunması haqqında məlumat aldım. İlkinin atası Bəkir Rüstəmzadə zəng etmişdi, onunla görüşdən gəldiyini dedi. O, İlkinin sözlərinə istinadən bildirdi ki, 13 saylı cəzaçəkmə müəssisəsinə Elçin Əlicanov adlı yeni rəis müavini təyin edilib. Əvvəllər bu adam 2 və 17 saylı cəzaçəkmə müəssisələrində işləyib. Bəkir müəllimin sözlərinə görə Əlicanov İlkini təhdid etməklə öz vəzifəsinin icrasına başlayıb. O, İlkini hədələyib ki, sən prezidenti söymüsən və buradan salamat çıxmayacaqsan. Doğrusu, Mehman Qələndərovun müəmmalı intiharı, Abbas Hüseynin çarmıxa çəkilməsindən sonra Azərbaycan həbsxanalarında hər şey baş verə bilər”.

İlkin Rüstəmzadənin anası da oğlu ilə bağlı yaranmış təhlükəli vəziyyətə münasibət bildirib. Atlas Hüseynovanın bəyanatını təqdim edirik:

“Bu gün 13 nömrəli CÇM-ə getmişdik. Orda vəziyyət yaxşı deyil. Təzə təyin olunmuş rəis müavini Elçin Əlicanov özünü orada hakimi-mütləq elan edib. İstədiyini döydürür, söydürür, təhdid edir, ölümlə hədələyir. İlkini də təhdid edib, ölümlə hədələyib. Deyib ki, bir qarışıqlıq yaradıb səni aradan götürəcəm. Mən başa düşə bilmirəm, bu adam özünü kim hesab edir? Ola bilsin, oturduğu kreslo onda hegemonluq iddiasi yaradıb. Amma vəzifə at kimi bir şeydir. Hamı minə bilər. Bu gün o kreslo, əynindəki mundir olmasa adi adamlardan birisən. Özü də cəmiyyət tərəfindən qəbul edilməyən, salama belə layiq olan adamlardan biri.
Mən bütün mediaya, hüquq müdafiəçilərinə, siyasi partiya rəhbərlərinə, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətin rəhbərliyinə səslənirəm. Bu biabrçılığa aidiyyatı olan qurumlar son qoymalıdır.
Elçin Əlicanov, siz deyəsən, öz səlahiyyətlərinizi bilmirsiz. Mən bilən sizin vəzifəniz ümumi qayda-qanuna nəzarət etmək, məhbusların təhlükəsizliyinə nail olmaq, asayişi qorumaqdır. Siz isə sanki ora killer kimi göndərilmisiz. Bilmirəm, sizin bu hərəkətiniz ya siyasi sifarişdir, ya da özünü göstərmək, ad çıxarmaqdır. Hər iki halda zərərlidir.
Hamı bilir ki, İlkin cinayətkar deyil, ölkəsinin, ölkə prezidentinin də şəxsi düşməni deyil. Siz utanmadan şər atır və öyünürsüz ki, hara şikayət etsən, heç kim məni qoyub sənə inanmaz. Siz bu qədərmi özünüzdən razısınız? Qanunlar sizin üçün önəm daşımır? Bəs hüquqi dövlət anlayışı harda qaldı? Siz məmursuz. Məmur isə xalqına xidmət etməlidir. Ordakı məhbuslar cinayətkar da olsalar (söz gəlişi), cəzalarını çəkirlər.
Elçin Əlicanov, siz orda İlkinin təhlükəsizliyinə (xüsusilə dediyiniz sözlərdən sonra) başınızla cavabdehsiniz. Bunu unutmayın!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button