İlqar Məmmədov həbsxanadan açıqlama yaydı – REAL sürətlə partiyalaşır

Azər Qasımlı: “Biz Azərbaycanın partiyası olacağıq”

Həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədov qurumun partiyaya çevrilməsi ilə bağlı önəmli açıqlama verib. Hərəkatın idarə olunması ilə bağlı idarə heyətinin üzvü Azər Qasımlıya geniş səlahiyyətlər verib. Bu barədə məlumat onun bloqunda yerləşdirilib.
İ.Məmmədov qərarını bu cür əsaslandırıb: “Məsələn, Respublikaçı Alternativi bəlkə də daha sürətlə partiyaya çevirmək gərək idi. Doğrudur, bu məsələdə İdarə Heyəti Azər Qasımlıya səlahiyyətlər verib. Ancaq əslində ona əməlli kart-blanş verilməli və iş sürətləndirilməlidir. Bu baxımdan Azər Qasımlıya öz tərəfimdən kart-blanş verirəm. Onun partiya quruculuğu planı ilə tanışam və bəyənirəm. Bundan sonra hesab edin ki, partiyalaşma mövzusunda danışanda mən danışıram, iş görəndə mən iş görürəm. İnanıram ki, bu səlahiyyətdən Azər Qasımlı həmişəki kimi yüksək məsuliyyəti və peşəkarlığı ilə istifadə edəcək”.
 
A.Qasımlı “Yeni Müsavat”a açıqlamasında bunları deyib: “Bu qərar yeni deyil, çoxdan verilib. Son iki ildə bununla bağlı çox işlər görülüb. REAL artıq ölkənin 70%-ni əhatə edib, yəni yerli təşkilatlarımız, məclislərimiz var. Biz bu işləri görmüşük, hazırda da işlərimiz bu istiqamətdə davam edir. Lakin  partiya olmaq üçün hələ görüləsi işlər var. Öncəliklə qurultay keçirilməlidir. İlqar bəy bu açıqlaması ilə bizlərə çatdırmaq istəyir ki, işləri sürətləndirmək, aktiv olmaq lazımdır”.
REAL funksioneri İ.Məmmədovun belə açıqlama verməsinin səbəblərindən danışdı: “Referendumdan sonra iqtisadi böhranın dərinləşəcəyi qaçılmazdır. Ölkə xarici və daxilində hər kəsə məlumdur ki, 2017-ci il iqtisadi-sosial baxımdan bu ildən daha ağır olacaq. Ümumiyyətlə, bundan sonrakı illər, ən azı yaxın 5 il çətin olacaq. Ölkəyə iqtisadi islahatlar və neft asılılığından qurtulmaq lazımdır. Bunları etməyin yolu siyasi islahatlardan keçir. Referenduma çıxarılan dəyişikliklər təəssüflər olsun ki, siyasi islahatlar hesab oluna bilməz. Edilən dəyişikliklər sistemi daha da böhranlı hala gətirəcək. İlk növbədə hakimiyyət daxilində ciddi parçalanmalar, qarşıdurmalar olacaq. Bunun da cəmiyyətə təsiri şübhəsizdir. Nəticədə cəmiyyətdə siyasi aktivlik artacaq. Digər tərəfdən də insanların sosial vəziyyətinin ağırlaşması siyasi meydanda əlavə canlanmaya səbəb olacaq. Belə proseslərin getdiyi bir vaxtda REAL kənarda qala bilməz. REAL güclənməli və siyasi iradəsini ortaya qoymalıdır. İlqar bəyin bəyanatının məğzini məhz bu təşkil edir”.
REAL-ın İdarə Heyətinin üzvü partiyanın qeydə alınmamasını onların fəaliyyətinə əngəl yaratmayacağı qənaətindədir: “Bizim qeydə alınmamağımız düşünürəm ki, ciddi problem olmayacaq. Çünki qeydiyyat məsələsi Azərbaycan siyasi sistemində o qədər də önəm daşımır. Bizim üçün vacib olan odur ki, bu gün REAL var, onun sədri, İdarə Heyəti, üzvləri və tərəfdarları var. Bir gün bunlar partiya formatında, təşkilatlanmış və daha mütəşəkkil olacaq. Bunu etmək üçün isə qeydiyyat vacib deyil. Önəmli olan bizim fəaliyyətimizdir”.
 
A.Qasımlı REAL-ın ABŞ səfirliyi ilə yaxın olmasının fəaliyyətlərinə təsir edib-etməyəcəyi barədə sualımızı bu cür cavablandırdı: “Biz Azərbaycanın, xalqımızın, seçicilərimizin partiyası olacağıq. Biz Azərbaycan cəmiyyətinin içərisindən çıxmış, xalqın içində fəaliyyət göstərmiş şəxslərik və bundan sonra da bu belə olacaq. Bütün səfirliklərə də  siyasi məsafəmiz eynidir”.
musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button