“İmam Hüseyn” plakatı yerinə qaytarıldı-FOTO

Elmar Vəliyev “İmam Hüseyn Meydanı” yazılan plakatı kimə sökdürdü?

Gəncənin “İmamzadə” ziyarətgahında yeni inşa olunan və prezident İlham Əliyev tərəfindən açılışı olan “İmam Hüseyn Meydanı” ətrafında baş verənlər haqqında məlumat vermişdik. Baş redaktorumuz Əvəz Zeynallı bu günlərdə Gəncədə olarkən, öz doğmalarının məzarlarını ziyarət edib və ziyarət əsnasında maraqlı məqamlar aşkarlayıb. Məlum olub ki, yeni istifadəyə verilən “İmamzadə” ziyarətgahının “İmam Hüseyn Meydanı” bağlanıb və “İmam Hüseyn Meydanı” yazılan plakat sökülərək götürülüb. Təbii ki, “İmam Hüseyn Meydanı” plakatının yanında yerləşən minbər də yerində olmayıb.

 

Əvəz Zeynallının facebook statusu:

Əvəz Zeynallı durumu fərq edən kimi dərhal “İmamzadə”də məsələ ilə maraqlanıb. Orada məlumat alıb ki, Elmar Vəliyevin tapşırığı ilə plakatı və minbəri götürüb köhnə “Qurbangah” adlı binanın arxasındakı zibilliyə atıblar. Məsələni araşdıran Ə.Zeynallı zibilliyə gedib və gördüyü mənzərədən dəhşətə gələrək özünün facebook səhifəsində belə bir status paylaşıb:

“Yezid xislətli Elmar Vəliyev Gəncənin “İmamzadə” ziyarətgahında yerləşən “İmam Hüseyn” meydanını bağlayıb və İmam Hüseynin adı yazılan tabelanı zibilliyə tullayıb. Minbəri də. Adam İmam Hüseynlə düşmənçilik aparır. Yezid ibn Müaviyə kimi…”

Nə oldusa bu statusdan sonra oldu. İctimai fikirdə bomba kimi partlayan statusdan sonra həm Bakıda, həm də Gəncədə “İmam Hüseyn Meydanı” yazılan plakatın sökülməsi və minbərin götürülərək zibilliyə atılması böyük rezonans yaratdı.

 

Namiq Allahverdi kimdir?

Facebook səhifəsində onlarla, yüzlərlə paylaşım oldu. Onlarla insan kəskin etirazını bildirdi. İslam dininin müqəddəslərinə Elmar Vəliyevin münasibəti məlumdur, amma bu qədər də irəli gediləcəyi, onun “İmam Hüseyn Meydanı” yazılan plakatı sökdürüb zibilliyə atdıracağı, peyğəmbərin minbərini tualetin yanına tulladacağını kimsə gözləməzdi. Vəziyyətin belə dəyişdiyini görən Gəncə rəhbərliyi təcili “addım”lar atmağa qərar verdi.

Ə.Zeynallının statusunun yazılmasından bir neçə saat sonra Naiq Meşdi adlı bir facebook profilindən Namiq Allahverdi olduğu məlum olan bir adam şərh yazdı. Şərhdə deyilir:

“O plakatı mən sökdürmüşəm ki, yağışın altında xarab olmasın. Minbəri də mən götürmüşəm ki, hər ikisi növbəti Aşurada lazım olacaq. Elmar Vəliyevin bu işdən heç xəbəri belə yoxdu. Mən Namiq Allahverdi bu günədək İmamzadə kompleksində mühafizə rəisi vəzifəsində işləyirdim. (Sizin bu yazınızı oxuyanadək).”

Namiq Allahverdi Elmar Vəliyevin dili ilə özünə və Elmar Vəliyevə yaraşmayan bəzi sözlər də sərf edib. Bizi və xural.com-u aylıq verdikləri reketləri ilə qarışıq salıb. Olsun, etirazımız yox. Amma burada haqlı suallar meydana çıxır. Birbaşa ölkə gündəminə çıxan və böyük qınaq yaradan bir olayı “İmamzadə”də Elmar Vəliyevin tapşırıqlarını icra edən bir sıradan adam necə öhdəsinə götürə bilər? Bu, Elmar Vəliyevin adından verilən qərardır və biz bunu bilirik. Məsuliyyəti Namiq Allahverdinin boynuna yıxıblar və bu açıqlamanı verəndən sonra onu “İmamzadə”dəki işindən azad ediblər.

 

Namiq Allahverdini işdən kim azad edib?

İmam Hüseynin adı yazılan plakatı zibilliyə atmaqla qoruyur bu adam onu? Minbəri tualetin yanına tullamaq onu gələn Aşuraya qədər qorumaqdır? Bir də, harada görünüb ki, sadə və sıravi mühafizəçi belə önəmli qərarlar qəbul edir? Sən kimsən, Namiq Allahverdi? Kim sənə bu səlahiyyəti verib ki, sən prezidentin açılışında iştirak etdiyi, şəxsən tikib istifadəyə verdiyi İmam Hüseyn meydanını bağlayasan və peyğəmbərin minbərini aparıb tualetin yanına tullayasan? Belə özbaşınalıq bilirsənmi nəyə başa gələ bilər? Gəncəyə İmam Hüseyn şəhəri deyirlər. Zatən camaatın nəfəsi boğazındadır, sənin kimi özünübilməz icraçıların hərəkətləri nəyə başa gələr, fərqindəsinizmi? Bu dəfə tapşırıq yiyəsi Elmar Vəliyev yolun yarısından qayıtdı, görək gələcəkdə nələr edəcək?!

 

“Üçbulaq”ı da Namiq Allahverdi bağladıb?!

Namiq Allahverdiyə bir sual da yaranır. Elə həmi gün Ə.Zeynallı Gəncənin problemlərindən bəhs edən daha bir məsələ qaldırdı: “Gəncənin icra başçısı Yezid Elmar (Vəliyev) şəhərin tarixi “3 bulaq” kompleksini sökdürüb və şəhərin təmiz suyunu kəsib. Yeziddən betər yəni…”

“Üçbulaq”ı kim bağladıb? Gəncəliləri kim Yezid kimi suya həsrət qoyub? Kim təmiz suyu gəncəlilərə pulla satdırır? Onu da Namiq Allahverdi edib? Yolları da Namiq Allahverdi dağıdıb? Evləri də Namiq Allahverdi uçurub?!

Bax, beləcə, adamlara qara işlərini gördürüb, daha sonra da işdən çıxarırlar. İndi kim bilir, bundan sonra Namiq Allahverdi Gəncənin hansı sahəsini gedib Elmar Vəliyevin adından ağlar günə qoyacaq?!

 

Hacı Tahir Abbaszadə ilə nəhayət, əlaqə saxlaya bildik

Məsələyə “İmamzadə” ziyarətgahının mütəvəllisi, Şeyx Allahşükür Paşazadənin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadənin münasibətini öyrənmək asan olmadı. Bir neçə cəhddən sonra Hacı Tahirlə danışa bildik. Geniş açıqlama verə bilməyəcəyini deyən Hacı Tahir məsələnin araşdırıldığını və İmam Hüseyn Meydanının artıq açıldığını dedi:

“Məsələdən mən də xəbərdaram. İnternetdə paylaşılan xəbəri və onun ətrafında gedən müzakirəni mənə də dedilər. Hansısa Namiq Allahverdi adlı adamın çıxıb bu işləri özünün gördüyünü bəyan etməsi çox düşündürücüdür. Mən Namiq Allahverdi haqqında Dini Məsələlər üzrə Dövlət Qurumunun sədri Mübariz Qurbanlıya, eləcə də bütün digər əlaqədar qurumlara müraciət etmişəm. Namiq Allahverdi ilə birlikdə onun havadarlarına da xəbərdarlıqlar etmişəm. Əvvəllər Namiq Allahverdi heç bir şeyin onluq olmadığını desə də, indi özünün də yazdığından məlum olur ki, hər şeyi o və havadarları edir. Məlum qalmaqaldan sonra mənə zəng etdilər, Namiq Allahverdinin işdən çıxarıldığını, “İmamzadə”dən tamamilə uzaqlaşdırıldığını, İmam Hüseyn Meydanının təkrar açıldığını dedilər və İmam Hüseyn Meydanının plakatını qaytarıb başqa bir formada yerinə asdılar. Əslində, Namiq Allahverdinin belə bir səlahiyyəti yoxdur və dini atributların yerini o dəyişdirə bilməzdi. Bu, dinimizə sataşılmadır və inanmıram ki, təkcə Namiq Allahverdinin işidir. “İmamzadə” kompleksində İmam Hüseyn Meydanı ilə birlikdə, Hüseyniyyə və Zeynəbiyyə məkanları, qonaqlar üçün mehmanxana kompleksi, böyük dini tədbirlərin keçirilməsi üçün mərasim zalı, ziyarətçilər üçün “Qurbangah” binası, iki məscid və Mərkəzi hərəm binaları cənab İlham Əliyev tərəfindən inşa edilib və dindarlarımızın istifadəsinə verilibdir. Təəssüf ki, bəzi məmurlar öz vəzifə və səlahiyyət hədlərini aşaraq, bu yerlərə də tamah salıb göz dikirlər. Əmin olduğumu bildirirəm ki, bu müqəddəs ziyarətgahı yüz illərdən sonra təkrar tikib dindarlara bəxş edən cənab İlham Əliyev, dinimizin işinə qarışan özünübilməz məmurları öz yerində oturdacaq.”

     

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button