“İmamzada” kompleksi natəmizlik içində

Imamzade-Dini-Kompleksinin-Bayir-Fasadi_1Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmisi: “”İmamzada” ən yüksək standartlara cavab verəcək səviyyədə hazırlanacaqdır”

Xural.com-a daxil olan məlumatlara görə, Gəncənin “İmamzada” kompleksində natəmizlik baş alıb gedir. Gəncədə yaşayan sakinlərin redaksiyamıza verdikləri məlumatlara görə, qəbiristanlıq tam baxımsız vəziyyətdədir. “Məzarlıqları ziyarət etmək, düzənsiz böyüyən otlar arasında addımlamaq mümkün deyil. Ziyarətinə gəlinən məzarlar bir az normal olsa da, ziyarətinə gəlinməyən məzarların üstünü və yanını natəmizlik bürüyüb. Buna nəzarət etmək, kompleksi təmiz saxlamaq mümkün olmazmı? “İmamzada” tarixi bir ərazidir və dilənçilərin əlindən bura girmək və normal ziyarət etmək mümkün deyil. Olmazmı bu ziyarətgahı çox mədəni və səviyyəli xidmətə keçirsinlər və Türkiyədə, İranda olduğu kimi insanlar rahatca ibadətləri və ziyarətləri ilə məşğul ola bilsinlər” – bunu da redaksiyamızla əlaqə saxlayan sakinlərdən biri deyir.

Məsələylə bağlı dəfələrlə Kəpəz rayon bələdiyyəsi ilə əlaqə saxlasaq da, telefonları götürən olmadı. Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi ilə əlaqə saxladıq. Bizə cavab verən və adının çəkilməsini istəməyən xanım, suallarımızı dinləyəndən sonda bizə cavab verə bilməyəcəyini, bu suallara ancaq idarənin Bəxtiyar adlı bir məsləhətçisinin cavab verə biləcəyini dedi. Deyilən zamandan sonra bir daha telefon etdik və Bəxtiyar müəllimlə danışa bildik. Suallarımızı təmkinlə dinlədikdən sonra Bəxtiyar müəllim cavab verdi: ““İmamzada” kompleksinə biz baxmırıq. Ora Gəncə şəhər kommunal idarəsi baxır. Oranın da telefonları yeni dəyişdiyinə görə sizə heç bir kömək edə bilmərəm. Suallarınızla bağlı onu deyə bilərəm ki, bu kompleks cənab prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Bura bir neçə dəfə pul ayrılıb. Kompleksdə möhtəşəm işlər gedir və bura ən müasir standartlara cavab verəcək səviyyədə hazırlanıb istifadəyə veriləcəkdir. Dediyiniz problemlər də o zaman öz həllini tapacaqdır.”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button