“İnqilab o vaxt olur ki, bıçaq boğaza dirənib”

715416.06.2013 

Sirus Təbrizli: “Mən rüşvətxorluğu, riyakarlığı, yaltaqlığı, satqınlığı tənqid etmişdim; öz fikrimdən dönməmişəm, nə demişəm də düz demişəm!”
“YAP da yeniləşəcək, Azərbaycan da”

“Mən o birliklərə inanmıram, heç nə də olmayacaq”
“Yavaş-yavaş simasız quldurlar səhnədən çıxacaq və Azərbaycan düz yolla gedəcək, yeniləşəcək”

Hakim partiyanın son qurultayında YAP rəhbərliyinə yeni simaların gətirilməsi, bunun fonunda təşkilatın qurucuları olan “91-lər”in toplantıdan və rəhbərlikdən kənarda saxlanılması növbəti dəfə geniş müzakirələrə yol açdı. Xüsusilə seçkilər ərəfəsində iqtidar partiyasında baş verənlərə cəmiyyətin ayrı-ayrı düşərgələrində fərqli münasibət var. YAP-ın “Dədə Qorqudu”, “91-lər”in tanınmış nümayəndəsi və 2007-ci ilin martından hakim düşərgəyə, öz partiyadaşlarına ünvanlandığı cəsarətli mesajlarının qarşılığında partiyadan uzaqlaşdırılmış Sirus Təbrizli ilə geniş söhbətimizdə həm də keçmiş silahdaşlarına qarşı münasibətdən danışdıq.

– Sirus bəy, YAP-ın son qurultayında verilən qərarları, partiya rəhbərliyindəki yenilikləri partiya qurucusu, sabiq sədr müavini olaraq necə dəyərləndirirsiniz?

– Düz 21 il öncə xalqımızı, vətənimizi sevən vətənpərvər insanlar Azərbaycanı ağır, çətin durumdan qurtarmaq yolunu səriştəli, təcrübəli bir siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. Bu məqsədin reallaşdırılması üçün də Heydər Əliyevin partiyasının yaranmasını zəruri saydıq. Bilirdik ki, bu ideya Azərbaycan xalqı tərəfindən həm bəyəniləcək, alqışlanacaq, həm də böyük dəstək tapacaq. O zaman Azərbaycana həm sabitlik, sakitlik, lazımdı həm də totalitar sistemdən çıxmış dövlət yeniləşməli idi. Məhz buna görə də mən partiyanın adını Yeni Azərbaycan qoydum və bu, Heydər Əliyev, həm də o zamankı silahdaşlar tərəfindən bəyənildi və qəbul edildi. 1993-cü ilin iyununda təcrübəli bir siyasətçi olan Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması həm ölkədə sabitlik, sakitlik yaratdı, həm də bir çox yeniliklərlə səciyyələndi. Bu yeniliklər İlham Əliyev dövründə də daha geniş vüsət tapdı və əminəm ki, bundan sonra daha da artacaq. Sözsüz ki, bu işlərin təşəbbüskarları olaraq biz yaxşı işlərə sevindiyimiz kimi, neqativ hallarla bağlı da məyusluq duyğusu keçiririk. Şəxsən mən bu duyğularımı daim tənqidi fikirlərimdə bildirmişəm. YAP-ın son qurultayında Mehriban xanımın 1-ci müavin seçilməsi həm partiyanı yeniləşdirəcək, həm də Azərbaycanı. Mən buna əminəm.

– 2007-ci ildə partiyadaşlarınıza, hakim düşərgəyə ölkədəki vəziyyətlə bağlı sərt mesajlar verib çağırışlar etmişdiniz. Bu gün ölkənin vəziyyəti necədir, sizin çağırışlarınızın hansısa təsiri oldumu?

– Azərbaycanın vəziyyətində hansı bir dövlət olsaydı, lap elə Amerikanın özü kimi böyük dövlətin əhalisinin 20 faizi qaçqın, ərazisinin 20 faizi işğalda olsaydı, o dövlət müvazinətini itirəcəkdi. Bu çətin bir vaxtda gəlib işləri yoluna qoymaq, bu qədər qaçqınlı, problemli ölkədə bu qədər tikmək, qurmaq, yaratmaq elə-belə iş deyil. Saakaşvili əbəs yerə deməmişdi ki, prezidentlər içərisində İlham Əliyev qədər öz dövləti üçün iş görən adam tanımıram. Saakaşvili sıradan bir siyasətçi deyil, mən onun səmimiyyətinə də inanıram. Düzdür, Azərbaycan zəngin dövlətdir. Amma bunu etməkdən ötrü o başıpozuqluqdan-filandan qurtarmaq lazım idi. Bugünlərdə mənə danışıblar ki, bir dəfə Əbülfəz Elçibəy öz iqamətgahından dövlət bağına, Azad Mirzəcanzadənin yanına gəlir, çay içib söhbət edirlər. Durub gedəndə Əbülfəz bəy baxır ki, gül-çiçəyin içində zir-zibil var. Elçibəy rəhmətlik əyilib kağız-kuğuzu götürür, onu ötürənlərə deyir ki, a bəylər, bunun yiyəsi, sahibi sabah gələcək və bizdən soruşacaq ki, niyə buranı belə zibilləmisiniz. Bu, çox simvolik bir şeydir. Dövlət zibillənmişdi. Çox təəssüf ki, həmin o zibillərdən, simasız quldurlardan bu gün də dövlət bağında var. Ona görə də mən və mənim kimi ziyalılar bu tənqidi etməlidirlər də. Amma ümumi götürəndə bəli, bu cür problemli bir ölkə, hərənin bir silahlı dəstəsi vardı, prezidentin başının üstündən öz sözünü keçirirdi, bu vəziyyəti qısa müddətdə yoluna qoymaq, qısa müddətdə abadlıq işləri aparmaq asan məsələ deyildi. Dədə Qorquddan bu yana heç kim Azərbaycanda bu qədər abadlıq işləri görməyib, Azərbaycana yenilik gətirməyib. Mən əminəm ki, bunun davamı olacaq. Amma tənqidə dözümlü olmaq lazımdır. Yaponiya, Hindistanda partiyalar olub ki, 50-60 il hakimiyyətdə olub. Ona görə ki, partiyanın içində fraksiyalar var idi. Yəni hətta partiyanın üzvləri müxtəlif düşüncələrə malik idilər. YAP-ı yaradanda mən Heydər Əliyevlə bütün bu məsələləri müzakirə edirdim. İndi bəziləri mənim haqqımda deyirlər ki, partiyanın xəttinə zidd gedirdi. Utanmırlar! Yadlarına salsınlar ki, mən nəyi tənqid eləmişdim. Mən rüşvətxorluğu, riyakarlığı, yaltaqlığı, satqınlığı tənqid etmişdim. Bir soruşan yoxdur ki, necə olur bu millət həm Heydər Əliyevi sevir, həm də onun düşməninə, onu bəyənməyən, tənqid edən adamlara səs verib onu deputat edir. Siz jurnalistlər bu tədqiqatları aparmalısınız, ya yox? Mənim ürəyim ağrıyır, İctimai Palatanın yaranması da bu iqtidarın səhvidir. Dünya dağılmazdı ki, müxalifət düşərgəsindən heç olmasa cümləni düzgün quran 5-10 adam parlamentə buraxılsaydı. Nə olar, qoy tənqid də eləsinlər. Bu gün Milli Şuranı da yenə iqtidarın səhvi yaradır. Əgər tənqidə, zamanın tələb etdiyi demokratik proseslərə dözümlü yanaşılsaydı, heç bu təşkilatlara ehtiyac qalmazdı. Yəni Sirus Təbrizli o partiyada hesab elə ki, təkbaşına bir fraksiya idi. Mən o vaxt tənqidi fikirləri deyəndə Heydər Əliyevə arxayın idim. Mən bu gün də öz fikrimdən dönməmişəm, nə demişəm də düz demişəm. Mən bu gün də İlham Əliyevə arxayınam. YAP-ın qurultayında Elmlər Akademiyasının prezidentinin müavin seçilməsi, xüsusən Mehriban xanımın partiya rəhbərliyinə gəlməsi tamamilə yenilikdir. Hakim partiyaya yeni adam gəlib, deməli, partiya yeniləşəcək. Beynəlxalq aləmdə gördüyü işlər də diqqətəlayiqdir. Müsəlman aləmində qadının siyasətdə yuxarı pillədə olmasının özü böyük bir yenilikdir. Sabah ölkə cazibədar bir ölkəyə çevrilə bilər. Yaxud çox həssas bir təbəqə olan qaçqınlarla bağlı bir insanın YAP rəhbərliyinə gətirilməsi təsadüfi deyil. Mən bu yenilikləri zəhmət çəkdiyim partiyada görəndə əlbəttə sevinirəm. Amma mən partiyada dönük, alçaq, riyakar adamları görəndə sarsılıram. Belə çıxır ki, YAP-ın xətti rüşvətxorları, satqınları, ikiüzlüləri, minsifətliləri müdafiə etməkdir? Xeyr! Bu, xətt ola bilməz! Nə Heydər Əliyev, nə də İlham Əliyev bunu bəyənməz, nə Allah götürməz, nə bəndə istəməz və əgər belə adamlar çoxluq təşkil etsə, o dövlət batar. Mən sevinirəm ki, Qurtuluş günü ərəfəsində keçirilən qurultayda o yeniliklər baş verdi. Bəli, ötən 20 il bir cavanın ömrüdür, ölkə yaşayır, həyat davam edir. Mən əminəm ki, əgər xalqın istədiyini, demokratik ölkələrin istədiyini etsələr, hətta Qarabağ problemi də onun içərisində tezliklə həll olunacaq.

-“91-lər” məsələsi, onlara münasibət bugünlərdə yenə də aktuallaşdı, partiya quruculuğunda iştirak etmiş şəxslər onlara qarşı biganəlikdən, qurultaydan kənarda saxlanılmasından narazılıqlarını açıqladılar. Onlara haqq verirsinizmi?

– “91-lər”in siyahısının başında Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Zeynəb Xanlarova, Ömər Eldarov kimi şəxsiyyətlər var idi. Onların hamısı vətənpərvər insanlar idi. Biz bilmirdik ki, başımıza nələr gələcək. Həmin dövrdə bu işlərə baş qoşan insanlar yalnız hörmətə layiqdirlər. Bu gün İlham Əliyevin ətrafında elə namərd adamlar var ki, onlar onu hörmətdən salmaqdan ötrü “91-lər”ə arxa çevirirlər ki, millət desin İlham Əliyev atasının silahdaşlarını qoruya bilməyibsə, biz bundan nə umacağıq? Bu, çox təhlükəli siyasətdir. Bu insanların böyük iddiaları yoxdur. Mənim özümün həyat tərzim var, heç vaxt bilmədiyim şeyə baş qoşan deyiləm. Amma mən o insanların hamısını ləyaqətli insan sayıram. O dövrdə kim bu işə qoşulubsa, Azərbaycan xalqı, dövləti naminə qoşulub. Mən hətta rəhmətlik Heydər Əliyevin özünə deyirdim ki, sizin qaş-gözünüzə aşiq olmamışam. Mən xalqın vəziyyətini görürdüm və bundan qurtuluş kimi… O dövrdə Etibar Məmmədovdan güclü siyasətçi yox idi. Mən bu gün Etibarla münasibətdəyəm, çox şeyləri ondan də ondan öyrəniləm, dünyanı gəzib, görüb, çox püxtələşib. Yeri gəlmişkən, Heydər Əliyevə kömək edənlər arasında Nemət Pənahlının da çox böyük rolu olub. O vaxt Naxçıvana gəldi, mənimlə birgə mitinqi apardı… İndi Etibara sual verirəm ki, Heydər Əliyev olmasaydı, sən həmin dövrdə ən güclü partiyanın sədri kimi hakimiyyət gəlib bu işlərin öhdəsindən gələ bilərdin? Deyir, “yox”. Bunu ziyalı adam olan, mitinq pafosu ilə yaşamayan Etibar Məmmədov deyir. O, çox püxtələşib, bu gün də ondan istifadə etmək olar, nə olsun müxalifətdə olub… Əsl siyasətçi vəziyyəti düzgün qiymətləndirməyi bacarmalıdır. Çünki o, ziyalı adamdır. Ona görə də Etibar Məmmədovun özü də, bir çox AMİP-çilər də Heydər Əliyevin hakimiyyətə gəlməsində çox mühüm rol oynadılar. O vaxt da Heydər Əliyevə deyirdim ki, şərait yarat, bu insanlar namizədliklərini versinlər, lap Bakı şəhər merini seçilsinlər. Əgər biz buna şərait yaratmırıqsa, onlar da prezident seçkilərini gözləyirlər. Hamı gözünü o yerə dikib. Amma biz şərait yaratsaq, Əli Kərimli gedib bir rayonda vali olsa, yaxşı olarsa da, bu iqtidarın xeyrinədir, pis işləsə də. Pis olacaqsa, deyəcəklər bu bir rayonu idarə edə bilmədi, ölkəni necə idarə edəcək? Təbii ki, əxlaqsız kommunist rejiminin təfəkkürü ilə düşünən adamlarla mənim düşüncəm eyni ola bilməz. Mənim oturub-durduğum insanlar olub. Nə Xudu Məmmədov, nə Azad Mirzəzadə, nə Xəlil Rza, nə Ziya Bünyadov, nə Sabir Əhmədov həmin təfəkkürü qəbul etməyib. Mənim bu dairəm olub və onlarla ləzzət almışam. Həmin Sabir Əhmədov-hansı ki, Heydər Əliyevi tənqid etmişdi-amma Heydər Əliyev gəldi, ona prezident təqaüdü verdi, İlham Əliyevin vaxtında Sabir Əhmədova ev verdilər. AXC heç ev tikə bilirdi ki? 5 manat pul qazandılar ki, kiməsə təqaüd versinlər? Bunlar da axı insandırlar.

– Əli Əlirzayev kimi şəxslərin YAP rəhbərliyindən uzaqlaşdırılmasını necə qarşıladınız?

– Orda qüvvələr var. O adamlar nə hərəkatda olublar, nə də YAP-ın yaranmasında. Paxıllıq, istəməzlik bu millətin qanındadır da. Ona görə də millətin başını bir yerə yığmaq çətin məsələdir. Gör də sənin müxalifətin nə vəziyyətdədir. Bir Çin rəvayəti var. Deyir, bir gün körpə yatmışdı. Bir əfi ilan gəlib körpəni çalmaq istəyəndə iki başqa ilan cumub onu qanına qəltan eləyirlər. Tanrı bu iki ilana deyir ki, siz ki, belə iş gördünüz, nə istəyirsinizsə, deyin. İlanlardan biri deyir ki, istəyirəm mənim 10 quyruğum olsun. Tanrı deyir “buyur”. O biri deyir istəyirəm 10 başım olsun. Onun da istəyi yerinə yetirilir. Günlərin birində bunlar cığırdan yola çıxanda at qoşulmuş bir araba tindən çıxır. Bu zaman bir başlı ilan dərhal təhlükəsiz yerə dönür, xilas olur. 10 başlı ilanın başlarının biri sağa, biri sola, o biri düz getmək istəyir, düşürlər arabanın altına məhv olurlar. Sənin müxalifətinə bax. Adətən hakimiyyəti yıxmaq üçün ən barışmaz müxalifət birləşir. Necə ki, İranda şahı yıxmaqdan ötrü kommunistlərlə ruhanilər birləşdilər, şahı yıxdılar, sonra kommunistlər ruhanilərin başını yedi. Sənin müxalifətin hələ ümumi məqsədə çatmaq üçün birləşə bilmir, hakimiyyətə gəlsələr bir-birini didəcəklər də. İnqilab vaxtı deyil daha. Bizim xalq da heç inqilaba hazır deyil, buna şərait də yoxdur. İnqilab o vaxt olur ki, bıçaq boğaza dirənib. Çörək var, nəqliyyat var, Allaha şükür bir bulvar var idi, indi qış bulvarı da oldu, camaat gəzir, gözünü qurdunu öldürür. (gülür) Amma həll olunası problemlər də var. Məsələn, o gün bir nəfər deyir ki, Sirus müəllim, mənim atamın 50 ildən çox əmək stajı var, amma cəmi 153 manat pensiya alır. Deyir ki, məmurlara müraciət edəcəyəm ki, mənim atam həkimə gedir, dərman alır, yemək yeyir, çay içir, nəvəsinə bir konfet alır…153 manatla bu cür bir ay yaşaya bilərsinizmi? Mən də istərdim ki, ölkədə maaşlar, pensiyalar artırılsın.

– Müxalifətin birləşə bilmədiyindən danışdınız. Amma fakt budur ki, müxalif düşərgə birləşib Milli Şuranı yaradıb. Yeri gəlmişkən, siz bu qurumdan nə gözləyirsiniz?

– Nə olsun yaradılıb? Yadımdadır bir vaxtlar SİDSUH var idi. Onda Müsavat, Cəbhə də daha güclü idi. İndi bunlarda kim qalıb ki? Mən o birliklərə inanmıram, heç nə də olmayacaq. Qarşıdan seçki gəlir. Keçmiş müsavatçı İsa Qəmbərin silahdaşı Vaqif Səmədoğlu neçə ay bundan əvvəl elan etdi ki, xalq İlham Əliyevi seçəcək. Əgər o, bunu elan edirsə və belə görürsə, İlham Əliyevin atası üçün vuruşan adam olaraq mən durub deməliyəm ki, yox, İsa Qəmbər olacaq? Mən fəxr edirəm ki, 1992-ci ilin avqust ayında yazdım ki, “Heydər bəyi biz çağırmalıyıq”, Heydər bəy növbəti ilin iyununda gəldi. YAP bu dəlixananı düzəldib, idarə edib, sakitlik, sabitlik verib. Bu formanın yeniləşməsi bəzən məzmuna da təsir edir. İlham Əliyevin rəhbərliyi ilə keçirilən bir “Eurovision”-la nə qədər insan Azərbaycanı tanıdı? Amma mən görəndə ki, dünən mənim ad qoyduğum partiyaya rişxənd eləyən adam bu gün YAP-çı olur, Əli Əlirzayev qalır qıraqda, o, gedib qurultayda oturur, mənə təsir edir. Əlbəttə belə şey hökuməti də hörmətdən salır, prezidentin imicinə də mənfi təsir edir. Necə olur ki, Heydər Əliyevi tənqid edənləri, onu öldürmək istəyənləri deputat seçirlər. Siz jurnalistlər niyə bunu yazmırsınız? Bu, Heydər Əliyev prinsipini pozmaq deməkdir. Mən buna necə dözə bilərəm?

– Abbas Abbasovun son vaxtlar açıq şəkildə sərgilədiyi sərt mövqe, YAP-ın ona qarşı sərt reaksiyası sizin üçün gözlənilənidimi?

– O da iqtidardakı adamların səhvidir. Bunlar İlham Əliyevə nə qədər problemlər yaradırlar. Abbas Abbasovu gözəl tanıyıram, professional idarə edən, işləyən adamdır. Onun qardaşı Nadiri də tanıyıram. Onlar məhəllədə böyüyüblər, xalqın nə istədiyini bilirlər, Heydər Əliyevə də, İlham Əliyevə də sadiq olublar. Mən o gün oxudum, o qədər yaramaz adamlar var ki… Sirusla İlhamın arasına, Abbasla İlhamın arasına girin, Rafiq Əliyevi şərləyin, Rüstəm İbrahimbəyova qarşı böhtan yağdırın. Bunlar olmamalıdır, bunlar da mənim ürəyimi ağrıdır. Vaxtilə Azərbaycanın pasportları təzələnəndə Heydər Əliyev ona tapşırdı ki, get bu məsələ ilə məşğul ol. İndi bunlar nəyə lazımdır? Mən bir dəfə Moskvanın “Dojd” kanalında Araz Ağalarovu izləmişəm, Ağalarov hardan namizədliyini versə, mən ona səs verərəm. Çünki bu adam idarəetməni bacarır. Bu adam oğlunu göndərməyib ki, yeyib-yatsın. Çox sərt bir düşərgədə Emin gedib formalaşıb, ona görə də bu gün həm sənətdə uğur qazanıb, həm də biznesdə. Seçkidə iştirak etsə, mən ona səs verə bilərəm. Nəyə görə Azərbaycanın belə oğlanlarına qarşı qısqanclıqla yanaşmalıyıq, əvəzində millət satqını, ikiüzlünü, yaltağı, oğrunu görməlidir. Bu məsələlər get-gedə aradan götürülməlidir, çıxış yolu budur. Yuxarıda bir adam mənim xoş sözümü demir. Amma İlham Əliyev bizim nələr etdiyimizin şahidi olub. Bir dəfə gizlin bir yerdə yığılmışdıq, çörək yeyirdik. İlham Əliyev, rəhmətlik Aqil idi, Elçin Muradov, Mehriban xanımın qohumu idi. Orda bir türk var idi, qayıdıb dedi Sirus bəy bu yolda başını qoyub, siz heç olmasa ayaqlarınızla gedin. Telefon nömrələrini yazıb hamısı mənə verdi, o kağız da bu saat məndədir. (surəti çıxarılan telefon nömrələri və adları göstərir-E.P.) İndi şəxsi təyyarədə gəzənlər o vaxt yox idi axı. İndi Əli Əlirzayev, Şahlar Əsgərov, Asya Manafova pis kişi olub. Axı bu, insafsızlıqdır. Mən onları Azərbaycanın dəyanətli insanları saymışam, sayıram və sayacağam. Bütün “91-lər” şəxsən mənimçün əziz adamlardır. Vaxtilə o müraciətə qol çəkməyənlər kənardan bizə irad tuturlar. Belə dövlətçilik olar?

– Bu arada Milli Şuranın sədri seçilən Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi haqda da danışılır. Onun şansını necə dəyərləndirirsiniz?

– Mənim Rüstəmə böyük hörmətim var. Rüstəm İbrahimbəyov kimi istedadlı bir yazıçının, Əliyevləri dəstəkləyən bir ziyalının çevrilib belə vəziyyətə gətirilməsi həmin iqtidardakı insanların “fəaliyyətidir”. Bu, belə olmamalı idi. Mən bunu cəmiyyətə də, prezidentə yaxın adamlara da demişəm. Bir vaxtlar onunla bağlı parlamentdə müzakirə aparılanda mən dedim bunu çatdırın ki, ayıbdır, parlamentin Rüstəmlə nə işi var axı, Rüstəm nə edib? Deyirlər iddialıdır. Necə olur e, avara adamlar, satqınlar, həm ataya, həm oğula təhqir deyənlər iddialı ola bilirlər, Rüstəm kimi adam iddiaçı olmur? Amma Rüstəm dəfələrlə deyib ki, mən siyasət adamı deyiləm. Ona görə də dövlətlə zarafat etmək olmaz. Yaxşı, sən deputatlığa namizəd vermişdin. Camaatın vecinədir ki, sən deputat seçildin, ya seçilmədin. Hansı deputat parlamentdə bir iş görə bilib? O parlamentin tarixində bir söz yadda qaldı, onu da Sirus Təbrizli deyib ki, Azərbaycanı simasız quldurlar idarə edirlər. Ancaq yavaş-yavaş simasız quldurlar səhnədən çıxacaq və Azərbaycan düz yolla gedəcək, yeniləşəcək. Ona görə də mən o qurultayda baş verən yeniliklərə sevinirəm…

http://www.musavat.com/new/Siyas%C9%99t/154619-%E2%80%9C%C4%B0nqilab_o_vaxt_olur_ki,_b%C4%B1%C3%A7aq_bo%C4%9Faza_dir%C9%99nib%E2%80%9D

Əlaqəli məqalələr

2 şərh

    1. Nata xanım, Sizinlə heç bir qərəzimiz yoxdur. Sadəcə birtərəfli, təhqir xarakterli şərhləri yayımlamaq KİV haqqında qanuna zidd olduğu üçün yayımlamırıq. Fikirlərinizi əsaslandırın, şərhinizi yayımlayaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button