İNSAN OLMAQ

gultekin-hacibeyli-yeni

Gültəkin Hacıbəyli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü

Mən Ankarada baş verən dəhşətli terror olayına görə kədərimi ifadə edəndə “niyə kədərlənirsiniz, ölənlərin çoxu kürdlərdir, sevinmək lazımdır” deyənlərin yerinə çox utanmışdım. İndi də facebook sosial şəbəkəsində 127 günahsız insanın ölümü ilə yasa boğulan Fransanın yanında olduğumu, kədərini bölüşdüyümü, qanlı terroru lənətlədiyimi yazdım və bəzi şərhlərə görə çox utandım! Saxta soyqırımının tanınması məsələsində tutduğu ermənipərəst mövqeyinə görə Fransanı həmişə açıq və sərt şəkildə ələşdirmişəm. Hətta bu ölkənin münaqişə tərəflərindən birinə açıq rəğbət ifadə etməklə Minsk qrupunun həmsədri kimi etimadını itirdiyini yazmışam. Ancaq bu gün günahsız insanların ölümünə sevinməyə ad tapa bilmirəm və… yenə də utanıram! Fransanı çox yaxşı tanıyan biri kimi deyə bilərəm ki, bu ölkə yüz minlərlə müsəlmanın rahat, firavan həyata qovuşduğu ölkədir və o yüz minlər bəzi “islam təəssübkeşlərinin” indi faciəsinə sevindiyi Fransaya müsəlman ölkələrindən və müsəlman diktatorların zülmündən qaçaraq pənah gətirib. O yüz minləri heç bir müsəlman ölkəsi qəbul etməyib və indi də etmir. Düzü onların “bir cəhənnəmdən qurtulub başqa cəhənnəmə düşmək” kimi planları da olmayıb. Fransa Suriyanı orada xristianlar öldürüldüyü üçün bombalamır, İŞİD-i vurur, müsəlmanları müsəlmanlardan xilas etmək üçün vurur. “Müsəlman təəssübkeşləri” xristian Fransasını lənətləyərkən bir bunları da düşünsələr yaxşı olar. Ancaq təssüf ki, bir çox hallarda məsələ düşünməkdən keçib artıq. “Heyf ki, 160 nəfər öldü, kaş ki, 1,6 milyon qırılaydı” deyənlərin düşüncəsi varmı ki, ona xitab edəsən?! Ona necə başa salasan ki, ay qardaş, Allah insanı insan olaraq xəlq etdi və sevdi. Necə anladasan ki, günahsız körpələrin, qocaların, qadınların, lap elə kişilərin ölümünə fərman vermək, günahsız qan axıtmaq Allaha asi çıxmaqdır, bütün dinləri və insanı xəlq edən Yaradanı danmaqdır! Necə inandırasan ki, ərəbin 22 dövləti var, onlar bir-birinə arxa dursa, dünya ərəbin olar, sən öz millətinin halına ağla, sən öz Vətənində tüğyan edən haqsızlığa, zülmə, zillətə etiraz et!

Bu ölkədə nə qədər cahil, avam, savadsız, insanlığa düşmən kəsilən,terrora, günahsiz insanların ölümünə sevinən İŞİD simpatizanı, potensial terrorçu varmış, ilahi?! Təhsilin, azad rəqabətin, siyasi plüralizmin, fikir müxtəlifliyinin məhv edilməsinin bəhrəsidir bu zəhərli meyvələr! Müxalifəti məhv etməklə, vətəndaş cəmiyyətini boğmaqla, azad fikri təqib etməklə, korrupsiyanı, rüşvəti ən işlək idarəetmə mexanizminə çevirməklə, ədalət ünvanı məhkəmələri haqsızlıq və nifrət ünvanına çevirməklə, icbari təhsili 11 ildən 9 ilə salmaqla, müəllimi ya 150-200 manatla dilənmək, ya fəhləlik etmək, palçıqla əlləşmək seçimi qarşısında qoymaqla başqa hansı cəmiyyət yetişdirmək olardı ki?! Bir hökumət öz xalqına bundan böyük pislik edə bilərdimi?!

Parisdə baş verən dəhşətli olaylara ilkin reaksiya təbii ki, şok və lənətdir. Ancaq şokdan çıxıb və bu vəhşəti törədən insanlıq düşmənlərini lənətləyəndən sonra hadisələri soyuq başla təhlil edəndə Qərbin özünü də baş verənlərə görə qınamaya bilmirsən. Bu dünyanın əksər bəlaları diktatura rejimlərindən, avtoritarizmdən, despotizmdən qaynaqlanır. Öz ölkələrində milyonların hüquqlarını mənimsəmək yolu ilə milyardlara sahiblənən diktatorlar təbii ki, cəhalətin, savadsızlığın inkişafında maraqlıdırlar. Cəhalət və savadsızlıq isə yoxsulluq və dini fanatizm doğurur. Hansı birimiz ümidimiz hər yerdən üzüləndə, dövlət hakimiyyət orqanlarında, məhkəmələrdə, ən ali instansiyalarda ədalət tapmayanda əlimizi göyə açıb bizə qarşı haqsızlıq edənləri Allaha tapşırmamışıq?! Diktarorların haqqı tapdalanan milyonların üzünə bağlaya bilmədiyi yeganə qapı olduğu üçün sonda hamı bu ünvana- dinə üz tutmalı olur. Terrorizmi stimullaşdıran, maliyyələşdirən və yaşadan da diktatura rejimləridir.Odur ki, Qərb siyasətçiləri, liderləri, düşüncə adamları Pariş vəhşətindən ilk növbədə bu dərsi almalıdırlar: diktatura rejimləri ilə mübarizə ABŞ və Avropa üçün öz ölkələrində işsizlik faizin azalması və iqtisadi artım göstəricilərindən daha üstün prioritetə çevrilməyincə bu ölkələrin vətəndaşlarının güvənliyinə təminat olmayacaq. Dünya bizim ümumi evimizdir. Həyat o qədər qloballaşıb, Dünya o qədər kiçilib ki, biz bir ailəyə çevrilmişik. Ailə üzvlərinin böyük bir qismi haqsızlıqdan,zülmdən, savadsızlıqdan, cəhalətdən, yoxsulluqdan əziyyət çəkirsə, o ailədə heç kim özünü xoşbəxt və təhlükəsizlik baxımından güvənli hiss edə bilməz. Müasir dünyanın intibahı dünya liderləri bu mənəvi məsuliyyəti üzərlərinə götürən zamandan başlayacaq.

Allah zülmün və cəhalətin bütün qurbanlarına rəhmət eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button