İnsan, sən kimsən?!

Eldar İsmayıl

Eldar İsmayılın yeni poeması insanlığın əsas probleminin – «Sən kimsən, İnsan» sualının araşdırılması və sorğulanması üzərində yoğunlaşıb. Eldar İsmayıl insanın insanın qurdu olmasını, «dünyanın əşrəfi» olmalı ikən dünyanın cəlladı olmasını gözlər önünə sərir, insanın dünyanı düzəltməli ikən dünyanı dağıtmasını, bütün gözəllikləri bu dünyaya gətirməli ikən bütün vəhşiliklərdə dünyanın bütün məxluqlarını ötüb keçməsini anlaya bilmir. Bunun üçün tarixə, şahların, xanların ömrünə müraciət edir şair, ancaq dünyasını dəyişən və yaşadığı zamanlarda insanlara əzab verən bir xanın övladlarına etdiyi ibrətamiz vəsiyyəti diqqətə çatdıranda sarsıldığı hiss olunur. Eldar İsmayıl həm də ölkədə baş verənlərdən narahatdır. Bu narahatçılıq bir qırmızı xətt kimi, «İnsan, Sən kimsən?» harayı ilə müşayiət olunur…

«Xural» Oxucularının poemanı sevəcəklərinə və məmnuniyyətlə oxuyacaqlarına inanırıq. Çünki orada həm də Azərbaycan gerçəkliyi var. Biz hamımız o gerçəkliyin sərt nidaları altında ömür sürür, yaşamağa çalışırıq…

Bəşərin nicatı insanlaşmaqdadır.
İnsanlaşın, insanlaşdırın…

Asif ATA, Böyük Azərbaycan filosofu

Şükür olsun ki, siz varsınız, insanlığı qoruyub saxlayan ey müdrik insanlar! Əks halda məxluq səviyyəsində olub, insanlaşa bilməyən adamlar qısa zamanda dünyanı didib, parçalayıb udardılar…

III- son hissə

Zülm-zalım…

Əhməd xanın vəsiyyəti,
Peyğəmbərin nəsihəti
Aqillərin məsləhəti
Naqislərə fərq etmədi.
Zaman ancaq öz işində,
Gərdiş hər vaxt gərdişində…
Yerə-yurda sığışmayan
Quduzlaşmış çox harınlar
Nə atlıdı, nə piyada.
Bir anlığa dön geri bax,
Gör onlardan bir əlamət
Qalıbdımı bu dünyada?!
Keçib atın at dövranı,
Soltan Səncər yaşamaqda.
Yenə fəqir qarıların,
Qocaların torpağını
Torba ilə daşımaqda.
İndi maşın dövranıdı,
Yüz minlərə maşın alan
Haramxorlar öz işində,
Öz içinə sığışmır ki…
Parçalayıb dağıtmaqdan,
Talamaqdan, qoparmaqdan,
Zalımlıqdan yığışmır ki…
İnsanlığı qoruyanlar
Minik tapmır özü üçün.
Ünlü məmur balaları
Açıqgöbək qadınlara
Ən bahalı maşın alır.
Qonşudakı Məsmə qarı,
Bafta qarı,
Sona qarı
Günlər ilə, saatlarla
Bir çörəyə möhtac qalır.
İnsanların arasında
Hardan bu ayrıseçkilik,
Hardan belə imansızlıq?
Şeytanı əməldən keçib
Ayaq tutdu inamsızlıq!
Bunu kimlər, kimlər etdi?
İnsanlıqdan dəm vuranlar,
Öyünənlər etmədimi?
Sözüm sənə, sən cavab ver
«Yer üzünün zəri insan»,
Yoxsulu kim yoxsul edib?
Dilənçini diləndirən,
Məzlumu zillətə salan,
Mağmın qoyub zarınc edən
Sənin özün deyilsənmi?
Danış görüm, dillən görüm
İnsanları kim qul edib?
Haqq yolunu vurub keçib,
Düzəndə də əyri gedən,
İnsanları çəkib didən
Sənin özün deyilsənmi?
Cəlladlığın məqamına
Gəlib çatan,
Dar ağacı
Qura bilən, edam edən
Qəddarlığa, vəhşiliyə,
Qaranlığa, zülmə gedən
Sənin özün deyilsənmi?!
Ey özünə insan deyən,
İnsanları
Sürgünlərə, əsarətə,
Represyaya məruz qoyan
Sənin özün deyilsənmi?!
Haqsızlığa imza atan,
Başlar kəsən, qollar çatan,
Qan axıdıb torpaq tutan
Oğurluqçün gecəyarı
Evə girən, ev talayan,
İnsanları qana salan
Sənin özün deyilsənmi?
Sən doymadın,
insan oğlu,
Bu dünyanı udum dedin.
Haramı yedin, gövşədin,
Gəmirdin dağı, dərəni,
Xışmaladın,
uddun, yenə-
Parçalayım,
didim dedin.
İnsan oğlu,
Adəm oğlu,
Acgözlüyün davam etdi,
Bu tamahla insanlığın
Əxlaqına zərbə vurdun.
Vəhşilərin məqamından
Çox yüksəkdə, öndə durdun!
Var üstündə çarpışdın sən,
Örnək oldun əqrəbana,
Qardaşına, övladına.
Bu ləkəni, həqarəti,
Bu çirkabı necə yaxdın
İnsan kimi öz adına?!
Bundan sonra iblisliyin
Yükü artdı addım-addım.
Tərəzilər düz çəkmədi,
Ölçüdə barmaq işlədi…
Pərsəng gəldi,
düzlük getdi,
«Qazanc»a maraq işlədi.
Tarazılıq pozulanda
Halallığın boynu düşdü.
İnsan harama qoşuldu.
Əli tutan çapım dedi,
Kələk kələyə tuş oldu.
Qazanc müftə gəlir kimi
Bir anlama ortaq oldu.
Cibə girmək,
əldən qapmaq
Yetimlərin, yesirlərin,
Qonşuların, qohumların
Tikəsini vurub salmaq
Ləyaqətsiz bir yaşama
Ayaq açdı, dayaq oldu.
Çıxdı əldən gərənəklər,
Qanunlar qaydasız oldu.
Mənəviyyat adlı dəyər
Pul gördü faydasız oldu.
Namus-qeyrət parçalandı,
Kişilər öz qadınını
Qazanc üçün
Səs yetməyən
Ölkələrə yola saldı.
Bir ziyarət adı altda
Mənəviyyat yalan geydi,
Düşkünləşdi, alçaqlandı.
Saxtalaşdı ömür yolu
Quduzlaşdı Adəm oğlu.
Ləyaqəti vurdu yerə
Ucuzlaşdı Adəm oğlu.

Xeyir şərin dizi altda…

Şər xeyiri üstələdi,
Xeyir şərin dizi altda.
Böhtan sürdü köhlənini,
Həyat dəyişdi həyatda.
Şər yeridi addım-addım,
Ürəkləri ala çəkdi.
Şər abidi,
şər zahidi
Şeytan gedən yola çəkdi.
Şər həll etdi ədaləti,
Ədalət şər işə qurban…
Şər işlədi cinayəti,
Yeridi, yüyürdü yalan.
Şər yalanın, iftiranın
Bünövrəsi, diləkçəsi.
Yalan şərin, şamatanın
İcraçısı, qulbeçəsi.
Yalan şərin köməkçisi,
Yalan söz düzlüyə zərbə,
Həqiqətə toxmaq vurdu.
Haqsız hökmün arxasında
Şər dayandı, böhtan durdu.
Şər buyurdu, yalan dindi,
Zalıma adil deyildi.
Suçlunu suçsuz eləyib,
Suçsuza qatil deyildi.
Yalan qalxdı ilan kimi
Sağı çaldı, solu çaldı.
Təmizi murdar eləyib,
Murdarın yanında qaldı.
Şər dolandı cəllad kimi,
Asdı-kəsdi,
atdı-tutdu.
Ədaləti tapdaladı,
Həqiqəti çəkib uddu.
İnsanlığa dəydi zərbə,
Qorxu, təlaş çəkilmədi.
Haqqın evi uçuq qaldı,
Haqqın evi tikilmədi!
Xainlik qılınc çəkdi,
Xəyanət ayağa qalxdı.
Xəyanət şərə söykəndi,
Fitnə dindi, qanlar axdı.
Xain qəlblə atılan daş
Qohuma,
qardaşa dəydi.
Qardaş kini səngimədi
Saydı ki, daş daşa dəydi…
Yaqub oğluYusifə dön,
Yadına sal bu olayı.
Kim gətirdi peyğəmbərə
Bu sitəmi, bu bəlayı?
Oğlanları qardaşını-
Gözəl Yusifi Kənanı
Bir quyuya atmadımı?
Yaqub kimi bir atanı
Qırx il tamam ağlar qoyub
Bu günaha batmadımı?
Kimlər etdi bu vəhşəti?
– Yusifin öz qardaşları!
Kimlər etdi zalımlığı?
-Yaqubun öz oğlanları!
«Mən dünyanın əşrəfiyəm»,
Deyən insan, deyən məxluq,
Bunu insan etmədimi?!
Məhəmmədin nəvələri
Azadlıq, ədalət dedi.
İmam Hüseyn,
Əhli-əyal
Haqq yolunda qurban getdi.
Bu qırğına səbəb nədi?
Taxt-tac üstə əyyaş Yəzid
Peyğəmbərin övladların
Qanına qəltan elədi.
Bundan sonra xəyanətlər,
Xainliklər bitmədi ki…
Şərdən xəyanət törədi,
Sirdaş aldatdı sirdaşı.
Qonşu qonşuya daş atdı,
Yoldaş aldatdı yoldaşı.
Arvad ərə kələk gəldi,
Ər arvada yalan satdı.
Oğul atanı öldürdü,
Ananı küçəyə atdı.
Ağsaqqallar, ağbirçəklər
Düşdü qocalar evinə.
Qardaş qardaşı məhv etdi.
Bacı oğlu dayısının,
Qardaş oğlu əmisinin
Ev-eşiyin talan edib
Canına xətər yetirdi.
Ağsaqqala, ağbirçəyə
Olan hörmət
Əriyərək suya döndü.
Zalımların əli ilə
Neçə-neçə
Ev yıxıldı, ocaq söndü.
İnsan belə vəhşiləşdi,
Mərhəməti,
sədaqəti,
kəraməti,
səxavəti
Öz qəlbindən ata bildi.
İnsanlığı verib əldən,
Qəddarlıqla şeytanlığın
Məqamına çata bildi.
«Yer üzünün əşrəfiyəm,
Zinyətiyəm», deyən insan,
Sən qiymət ver əməlinə,
Hər yaramaz əngəlinə.
Sənə «zinyət»,
sənə «əşrəf»
Demək bunca mümkündümü?!
Mümkün deyil,
Əsla mümkün…
Öz həddini tanı, insan!
Səndə vicdan,
haqq-ədalət,
Səndə insaf,
səndə mürvət
Göstər görüm, hanı, insan?!
Vəhşi dedin heyvanlara,
Sən özünü insan saydın,
Keşkə sən insan olaydın.
Sən yaxanı vəhşiliyin
Adından çəkdin kənara.
Ancaq sənin əməllərin
Yerə-göyə sığmaz oldu.
İçimizdə insanlığın
Dan ulduzu doğmaz oldu.
Kimsə nə ziyan gördüsə
Tək ey insan, səndən gördü.
İnsan oğlu səndən aldı
İztirabı, sonsuz dərdi.
İnsanı insan qaçırdı,
Oğurlayıb məhv elədi.
Bir körpənin böyrəyini,
Bir cavanın ciyərini
Satıb pula vermək üçün
Onu qanına bələdi.
Bunu həkimlər də etdi,
Qatilləşmiş məmurlar da,
Başkəsənlər, canilər də,
Vicdanı kəmlər də etdi.
İnsan qaldı öz işində,
İnsanlıq yox olub getdi!
Mədəniyyət nə olduğun
Anlamayan
Bu heyvanlar
qan axıtmaq,
Qırğın salmaq düşünmədi.
Vəhşi olan, dil bilməyən
Bu heyvanlar qan axıtmaq,
Qırğın salmaq düşünmədi.
Ölkələri işğal etmək,
Çapıb,
Söküb, talan etmək,
Torpaq almaq düşünmədi.
Bu vəhşilər ömrü boyu
İnsan adlı vəhşiliyin
Hiyləsindən səksəkəli…
Tüfəngindən, xəncərindən,
Tələsindən səksəkəli…
Bizim vəhşi saydığımız
O vəhşilər bıçaq, nizə,
Qılınc, qalxan düzəltmədi.
Nə bir şeşpər, nə yay oxu,
Cida, kaman düzəltmədi.
Sən düzəltdin, Adəm oğlu,
Raketləri, bombaları
Ölüm saçan silahları.
Sən qopardın heç bir vəhşi
Qazanmayan günahları.

Müharibə…

Bu ad altda nələr yatır.
Bayquş qonan xarabanın,
Dağıdılan, viran qalan
Ölkələrin aqibəti.
Su yerinə axan qanın,
Qılınclarda başı gedən,
Qolu gedən,
qılçı gedən,
Suçsuz olan hər insanın
Tanklı, toplu müsibəti.
Müharibə şeytanların
İnsanlara xəyanəti.
İnsanların insanlara
Ən dəhşətli cinayəti.
Ərsiz qalan qadınların,
Yetim qalan körpələrin,
Ataların, anaların,
Bacıların zəlaləti!

Müharibə…

İddialı padşahların, kralların,
Azğınlaşmış xaqanların,
Quduzlaşmış sultanların,
Tiranların, zalımların
Ölkələri fəth etməsi…
İnsanları qırıb tökmək
Bir nadanlıq deyilmidir?!
Qardaş olmaq istəmirkən
İnsanların arasında
Bir düşmanlıq deyilmidir?!
Mən tarixin qatlarına
Çox da girmək istəmirəm.
Stalini yada salın,
Siz Hitleri düşünün bir.
Dikbaşlıqdan,
Mənəmlikdən
Ayaqlanan, güc götürən
Hikkələri, qəzəbləri,
Yer üzünü,
Avropanı
Etdi məzar, etdi qəbir.
Stalinin qəddarlığı,
Cəlladlığı, tiranlığı…
Adolf Hitler quduzluğu,
Faşist ruhu, qatilliyi
Qan gölünə çəkib saldı,
Qanla boğdu insanlığı.
Əlli milyon insan getdi
Şeytanlığın güdazına.
Əlli milyon nişanlı qız,
Cavan gəlin,
ata-ana
Gözü yaşlı yol gözlədi.
Tiranlığın bəd əməli
On minlərlə şəhər yıxdı,
Kənd dağıtdı, yurd düzlədi.
Çox qapılar bağlı qaldı,
Bu əməli törədənlər
Nə qazandı,
nə götürdü?
Ancaq, ancaq insanlara
Yüz il boyu düzəlməyən,
Yaraları sağalmayan
Böyük bədbəxtlik gətirdi!
Hitleri də köçüb getdi,
Stalin də köçüb getdi,
Ürəklərdə günəş doğdu.
Tiranların arxasınca
Qarğış yağdı, lənət yağdı.
Köçdü onlar bu dünyadan
Əlləri boş,
üzü qara…
Yığdıqları o var-dövlət,
Yıxdıqları o şəhərlər,
Tökdükləri nahaq qanlar
Son anda gəlmədi kara…
Qazancları
lənət, nifrət…
Bu bir tarix, bir həqiqət!

***

Tiranlara,
Qəddarlara,
Acgözlərə,
zalımlara
Aşıq Alı gözəl demiş:

Yığdın bu dünyanın varın-dövlətin,
Əllini aşırdın yüzə nə qaldı.
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?

***

Yer üzündə bir vəlvələ,
Amerika vəlvələsi,
Amerika vahiməsi
Kəsərindən düşmək bilmir
İmperialist əqidəsi.
On illərdi Vyetnamda,
Koreyada qanlar tökdü.
Hər günahsız insan qanı
Sellənib torpağa çökdü.
İnsan əqli insanları
Məhv etməkçün güclü nüvə
Silahına yürüş etdi.
Bu silaha Amerika
Bu yarışda ilkin yetdi.
Yada salın insanlığın
Son nəfəsi necə bitdi…
Naqasaki!
Xirosima!
Faciəmi, fəlakətmi?
Cəhənnəmmi,
İlk dəhşətmi, son dəhşətmi?!
Qoy Buş desin
İraqdakı haqsızlıqlar,
Axan qanlar, o talanlar,
O işğallar, dağıntılar
Demokratik cəlladlıqmı?!
Əfqanıstan torpağına
Yerdən-göydən bomba töküb
Od ələmək, qırğın salmaq
Vəhşilikmi, Allahlıqmı?!

***

Ey «dünyanın əşrəfiyəm,
Zinyətiyəm», deyən insan,
Sən özünü təftiş elə,
Bu əməli törədənlər
İnsandımı,
İnsanlığa layiqdimi?!
Tanrı bizi yaradanda
İnsanlıqçün yaran dedi.
Ağıl verib, kamal verib
Qalx, qəflətdən oyan dedi.
Şeytanlıqdan kənar dolan,
Haqq yolunda dayan dedi.
Dayandıqmı?
Dayanmadıq, biz, ey insan!
Tamahımız, iddiamız,
Pisliyimiz qılınc çəkdi,
Doğru yoldan aldı bizi.
Bədxahlıqlar, yırtıcılıq
İblislərin dəryasında
Burulğana saldı bizi.
Milyon illər yol gəldik biz,
İnsan dedik adımıza,
İnsan dedik özümüzə,
İnsanlığa yetəmmədik.
Qurduq,
tikdik,
vurduq,
yıxdıq.
Adam kimi əkin əkdik,
İnsan kimi dən çilədik,
İnsanlaşıb bitəmmədik!

2-27 iyul 2010-cu il

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button