İqbal Ağazadə də prezident seçkilərinə “yox” dedi

Fevral ayının 10-da Ümid Partiyası Ali Məclisinin növbəti sessiyası keçirildi. Sessiyada 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət müzakirə olundu. Xural.com xəbər verir ki, partiyanın sədri İqbal Ağazadə ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibəti ilə bağlı geniş məruzə edib.
İqbal Ağazadə Partiyanın prezident seçkilərində namizədiylə iştirakının partiyanın Nizamnaməsinə uyğun olaraq, Qurultayın səlahiyyətində olduğunu vurğuladı və partiyanın növbəti Qurultayının may ayının 28-də keçirilməsinin bəyan edildiyini nəzərə alaraq, hüquqi baxımdan növbədənkənar Qurultayın keçirilməsinin zaman etibarı ilə qeyri-mümkün olduğunu bildirdi.
Məruzə və çıxışlarda Ümid Partiyasının aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etməməsi təklifi səsləndirildi.
Ali Məclis Ümid Partiyasının 11.04.2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etməməsi haqqında qərar qəbul etdi.
Bildirildi ki, seçkiyə qatılanların da, qatılmayanların da özlərinin arqumentləri var. Hər kəs öz arqumentlərində haqlıdır. Biz seçkilərdə iştirak etməsək də, hər kəsin fikirlərinə, qərarlarına hörmətlə yanaşırıq. Üzvlərimiz isə fikirlərində sərbəstdir. Seçkidə iştirak edib-etməyəcəklərinə, kimə səs verib-verməyəcəklərinə özləri qərar verə bilər.
Ali Məclis ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı hakimiyyətə və müxalifətə müraciət etdi.
Biz buradan hakimiyyətə səslənirik: Ümid Partiyası olaraq, hər zaman barış və dialoqun tərəfdarı olmuşuq. Azərbaycan dövləti və dövlətçiliyi, Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı, onun maraqları üçün hər hansı bir təhlükə varsa, bu cəmiyyətlə açıq paylaşılmalı, siyasi institutlarla müzakirə olunmalı, birgə qərar qəbul olunmalıdır. Dövlət və dövlət maraqları naminə bütün xarici təhlükələrin qarşısını almağa sizlərlə birgə hazırıq və özümüzü də sizin qədər bu məsələlərdə məsul bilirik.
Müxalifətə müraciət edirik: 11 aprel seçkiləri nə sondur, nə də başlanğıc. Demokratikləşmə üçün, ölkəmizi və xalqımızı gözləyə biləcək təzyiq və təhdidlər üçün mütləq bir arada olmalı, birgə səy göstərməli və demokratikləşmə layihəsi hazırlamalıyıq.
Həmçinin Ümid Partiyasının Ali Məclisi qarşıdan gələn Novruz Bayramında əfv fərmanı ilə siyasi məhbusların hamısının azadlığa buraxılması üçün hakimiyyətə çağırış etdi.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button