“İqbal Ağazadə o tərəfdə pivəsini içirdi, mən bu tərəfdə…”

Araz Əlizadə: “Yeltsinlə çox yaxşı münasibətlərim var idi”

“Mən Azərbaycanda rusiyapərəst qüvvələri görmürəm. Olsa da, özlərini elə məxfi saxlayıblar ki, heç mənim onlardan xəbərim yoxdur”. Bu sözləri ASDP sədri, deputat Araz Əlizadə musavat.com-a verdiyi müsahibədə bildirib. A.Əlizadə zaman-zaman özünün də belə ittihamlara məruz qaldığını vurğulayıb: “Bizi daha nə “pərəst” adlandırmayıblar? 80-ci illərin sonunda bizə deyirdilər ki, onların Azərbaycanda kökləri yoxdur, qərbpərəstdirlər. Sonra millətçilərimiz Qərb ölkələri ilə əlaqələr quranda başladılar ki, bunlar ruspərəstdir. Amma mən Azərbaycançıyam, Azərbaycanpərəstəm. Sizə bir faktı da deyim: “Rusiyapərəst” dediyiniz Araz Əlizadə 1993-cü ildə Boris Yeltsinə açıq məktub yazmışdı. Bizdə də çap olunmuşdu, Rusiya səfirliyinə də vermişdim, Rusiyada da çap olunmuşdu. Yazmışdım ki, Yeltsin vəzifəsindən getməlidir, o və onun kimi köhnə kadrlar postunda qaldıqca, ölkəyə rəhbərlik etdikcə postsovet məkanında demokratiya mümkün deyil. Onu da nəzərə almağınızı istərdim ki, Yeltsinlə çox yaxşı münasibətlərim var idi”.

ASDP sədrinin sabiq müttəfiqi Vəhdət partiyasının sədri Tahir Kərimli ilə hazırkı münasibətlərinə dair sualına cavabı maraqlı olub: “Başa düşmürəm, mən Tahirlə göbəkkəsdiyəm ki, hər yerdə mənim adım olanda onun da adını salırsınız? Tahirlə AQB-də olmuşuq. Amma 90-cı illərin parlamentində mənə qarşı ən kəskin çıxışlar edən Tahir Kərimli idi”.

A.Əlizadə qeyd edib ki, son parlament seçkilərində ona rəqib olmuş Ümid partiyasının sədri İqbal Ağazadə ilə də heç bir təması yoxdur: “Onunla nə əvvəl münasibətim var idi, nə sonra. Tədbirlərdə bəzən görürəm. Məsələn, alman səfirliyində qəbulda o, o tərəfdə durmuşdu, pivəsini içirdi, mən bu tərəfdə…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button