İqtidar millətə yalvarmağa başladı

evez-zeynalli-dusunceliƏvəz Zeynallı

 “Nə olur, inqilab eləyin, bizi devirin!”

 

Manatı dolların qarşısında yenik saldılar. Müəllimlərin, həkimlərin, sayı gündən-günə azalan işçilərin maaşları da o ölçüdə öldü. Ardınca dərhal bahalaşma xəbərləri gəlməyə başladı. Oxudum ki, bir siqaret (Kent 4) 1.8 manata qalxıb. Hər şey Allahın yanında. Allah da o nisbətdə qalxacaq – o da 33 faiz əlçatmaz olacaq. Daha baha olacaq hər şey…

İndən sonra ev alanlardan vergi tutulacaqmış. Məsələn, 50.000 manatlıq ev alan bir vətəndaş, 9.000 manat vergi verəcəkmiş. 100.000 manatlıq evdə bu, daha çox olacaq təbii ki. Deməli, daha ev aldı da yoxdur. Tikmək də elədir. Bu günlərdə eşidirəm ki, Binəqədidə ev tikmək üçün Binəqədi RİH-dən icazə almaq 13.000 manatmış. Bir daş qoydun, 13.000 manat pul verməlisən. Ev tikə bilmirsən, ev ala bilməyəcəksən. Tikəndə xərac, alanda vergi verəcəksən. Daha çətin olacaq deməli…

Təzə başlayıblar – irili-xırdalı bütün iş adamlarından, obyektlərdən vergi adı altında pul yığırlar. Dünən dedilər, bir orta iş adamı var, çörək sexi işlədir – ondan 30.000 manat tələb edirlər. Başqa bir market işlədən var, o, bir az böyükdür, ondan 250.000 manat tələb ediblər, etiraz edib, başqa işlərini də qoşub, məbləği 1.5 milyon manata qaldırıblar. Başqa bir adam da var – ondan da 50.000 manat tələb ediblər. Adam qapısının açarını bağlayıb verib ki, mən daha iş adamı olmaq istəmirəm, sizin olsun. İki gün keçməyib, adama zəng ediblər ki, özünü ağıllı aparma, get, işində ol və deyilən pulu da ver, yoxsa səni Bayburt qalasına – Bakı İstintaq Təcridxanasına göndərərik. Edərlər. Hazırda bundan asan iş yoxdur. Hər bir iş adamı, hər bir ağıllı adam potensial məhbusdur və iş adamlarının hamısının alnında 178-ci maddəni yazıblar. Etiraz edənə 7 ildən 12 ilə qədər iş düşür…)))

ARDNŞ təzə açıqlama verib. Binəqədi rayonunda 30.000 ailənin evi söküləcəkmiş. Heftin ərazisində tikilibmiş – ona görə. Heç nədən 100.000 adamı evsiz-eşiksiz qoyacaqlar. Demək ki, zor olacaq və bu zora yüz min ah-nalə də buradan qoşulacaq…

Neft də gündən-günə düşür. Deməli, pul da azalır. 500 milyard gəldi-getdi, ortada heç nə yox. Yollar bərbad, şəhər dərbədər, iqtisadiyyat yox, iş yox, tıxac həmin tıxac, bir damcı qar yağdı, hər şey tamam.

Manat başını aşağı saldı, adamlara-qurumlara 10 qat ağır vergilər yüklənir, evlər ard-ardınca uçurulur.

Belə getsə, aldığımız havaya görə də vergi tələb edəcəklər.

Sanki bu hakimiyyət bu millətə yalvarır ki, sən Allah, bizi devirin!

Elə bil ki, hakimiyyət bu xalqa dil tökür ki, sən Allah, inqilab eləyin!

Adama elə gəlir ki, bunlar azərbaycanlılara minnətçi düşüblər ki, xahiş edirik, dünyanı başımıza dar edin!

Daha çətin olacaq deməli…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button