İQTİDARIN “95 FAİZ”inə MÜNASİBƏT BİLDİRİLDİ

Mehman Əliyev: “Normal ölkədə uzun illər hakimiyyətdə olan siyasi qüvvənin 95 faiz səs toplaması mümkün deyil”

Böyük Britaniyanın “Populus Limited” adlı şirkəti Azərbaycanda sorğu keçirib. Sorğunun sifarişçisi olan “Caspian İnformation Centre” şirkətinin direktoru Cerald Frost iddia edib ki, nəticələrə görə, əhalinin 95 faizi prezident İlham Əliyevə yüksək etimad göstərir və 96 faizi onun apardığı siyasəti bəyənir. “Azadlıq” qəzeti araşdırma aparıb və məlum olub ki, “Populus Limited” şirkətinin mövcudluğu kifayət qədər şübhəlidir. Hər halda, şirkətin hər hansı başqa ölkədə sorğu keçirməsi, ümumiyyətlə, fəaliyyəti barədə ortada heç bir fakt yoxdur. Axtarış saytlarında isə “Populus Limited”lə bağlı yalnız bu məlumat var: Yaxın gələcəkdə şirkətin veb-səhifəsi qurulacaq. Deməli, şirkətin saytı da yoxdur.

Sorğu 10-30 sentyabr tarixində Azərbaycanın Bakı və digər şəhərlərində 1000 nəfər respondentin arasında keçirilib.
Sorğunun sifarişçisi olan “Caspian İnformation Centre” şirkətinə gəlincə, bu şirkət bir müddət əvvəl Qazaxıstanda görünüb. Şirkət orada keçirilən sonuncu seçkiləri irəliyə doğru ciddi addım kimi qiymətləndirib.
İdarəetmə sisteminə görə Azərbaycandan heç də geridə qalmayan Qazaxıstan kimi avtoritar bir ölkədə keçirilən və beynəlxalq qurumlar tərəfindən mənfi qarşılanan saxta seçkilərə müsbət rəy verməyin nədən irəli gəldiyini izah etməyə ehtiyac yoxdur. “Caspian İnformation Centre” şirkəti 2003-cü ildə yaradılıb. Şirkətin veb-səhifəsində əsasən Azərbaycanla bağlı məlumatların yer alması göstərir ki, Cerald Frost Azərbaycan hakimiyyəti üçün əməlli-başlı lobbiçilik edir.
Sosioloji sorğular keçirməkdə təcrübəsi olan “Turan” agentliyinin rəhbəri Mehman Əliyev “Populus Limited” adlı şirkətin keçirdiyi sorğunun etibarlı olmadığını və reallığı əks etdirmədiyini düşünür: “Açıq-aydın görünür ki, hakimiyyətin sifarişi ilə yüksək faiz elan olunub. Heç bir normal, demokratik ölkədə uzun illər hakimiyyətdə olan qüvvənin 90-95 faiz səs toplaması mümkün deyil. Azərbaycan demokratik ölkə olmadığı üçün bu cür yüksək faizləri sadəcə arxasında reallıq olmadan ictimaiyyətə elan edirlər. Təəssüflər olsun ki, o cür qurumlar hakimiyyətin sifarişi ilə cəmiyyətdə yanlış fikir yaratmağa cəhd edirlər. Mən hesab etmirəm ki, seçicilərin 95 faizi İlham Əliyevə səs verə bilər. Azərbaycanda seçicilərin 95 faizinin seçkilərə inanmadığını, seçkiyə gəlmək istəmədiyini elan etsəydilər inandırıcı görünərdi”.
M.Əliyevin sözlərinə görə, Prezident Administrasiyasında bir sıra adamlar oturub iş gördüklərini, ictimai rəy formalaşdırmaqla məşğul olduqlarını yuxarıya göstərmək istəyirlər. Sözügedən sorğunun ortaya çıxması bununla bağlıdır: “Ancaq onlar unutmamalıdırlar ki, o cür rəylər, sorğular Azərbaycanda ictimai rəy formalaşdırmır. Azərbaycan ictimaiyyətinə bununla təsir eləmək mümkün deyil. Çünki reallığın necə olduğunu hamı gözəl bilir”.

“Yeni Müsavat” qəzeti

2011-11-24

link:

http://www.musavat.com/new/Siyasət/112764-İQTİDARIN_“95_FAİZ”inə_MÜNASİBƏT_BİLDİRİLDİ

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button