İsa Qəmbəri başa düşmürəm…

Aqşin Yenisey: “MənəYeni Azərbaycan Partiyasından da müraciət gəlsəydi, üzvü olacaqdım”

Seymur Baycan: “Çox təəssüf edirəm ki, biz bu prosesi başlayanda bizə tribuna verən YAP-ın mətbu orqanı, “Yeni Azərbaycan” qəzeti, Alqış Həsənoğlu oldu”

…Yazıçılar Birliyindən mənə gələn təklif o idi ki, ümumiyyətlə, yazmayım…

…Elnur Astanbəylini, Qan Turalını, Natiq Güləhmədoğlunu sırf AXCP-nin yazarları – partiya yazarları hesab edirəm…

…Heç kim olduğumuz vaxtda bizə ən ciddi dəstək verən Sahib Alıyev oldu…

Seymur Baycan və Aqşin uzun müddətdir ki, mətbuat səhifələrində görünmürlər. Elxan Kərimovun yas mərasimi bir fürsət oldu ki, onların görünməmələrinin səbəblərini öyrənmək cəhdində bulunaq. Məlum oldu ki, sən demə, ölkənin ən oxunan yazarlarının qəzet və çap olunmaq problemi var. Seymur Baycanla vədələşdik və redaksiyamızda görüşdük. Aqşinlə gəlmişdi və fürsəti fövtə verməyib hər ikisini müsahibəyə çəkdik. Çözüldükcə çözüldü və gün işığına bir çox problemlərin olduğu çıxdı. Azad Yazarlar Ocağından «Ən yeni ədəbiyyat»a qədər çox məsələlərdən danışdıq və yaxşı bir müsahibə alındı. Buyurun, siz də oxuyun, Əziz «Xural» Oxucuları…
Qonaqlarımız Seymur Baycan və Azad Yazarlar Ocağının sədri Aqşindir…

Əvvəli ötən saylarımızda

– Demək, sizə Bədrəddin Quliyevin imzası ilə rəsmi müraciət olub?

Aqşin Yenisey:
– Bəli. Mənə indiyə qədər Azərbaycanda fəaliyyət göstərən Müsavat, AXCP, Yeni Azərbaycan Partiyası və böyük-kiçiyindən asılı olmayaraq başqalarından heç bir partiya sədri onun təşkilatının üzvü olmaq üçün müraciət etməyib. Mən də elə fikirləşirdim ki, məni Müsavatda, AXCP-də arzulayan yoxdur ki, belə bir təklif də etmirlər. İlk dəfə Cumhuriyyət Xalq Partiyasından rəhbərlik səviyyəsində mənə müraciət olundu ki, xahiş edirik, bizim üzvümüz ol. Mən ora üzv olarkən özümün şəxsi münasibətlərimi, şəxsi dostluğumu, əlaqələrimi gətirmişəm. Sözsüz ki, orada partiya funksioneri deyiləm, sadəcə o partiyanın üzvüyəm və bu üzvlüyü də normal qəbul etmişdim… Belə bir müraciət mənə Müsavatdan da gəlsəydi, AXCP-dən də, lap elə YAP-dan da gəlsəydi, mən onu bu şəkildə qəbul edəcəkdim.
– YAP-ın da üzvü olacaqdın?
– Bəli. Əgər YAP mənə müraciət etsəydi ki, bir vətəndaş kimi səni öz üzvlərimizin arasında görmək istəyirik, etiraz etməzdim. Mən Cumhuriyyət Xalq Partiyasında hansı fəaliyyətlə məşğulamsa, YAP-ın da üzvü olsaydım, eyni fəaliyyətlə məşğul olacaqdım.
– Hər halda maraqlı olar ki, Azad Yazarlar Ocağının başçısı YAP-çı olsun…
– Söhbət ondan gedir ki, bir yazar kimi mənim Azərbaycan cəmiyyətinə verə biləcəyim töhfələr var…
– Bəlkə sabah yazıçı Anarın imzası ilə sənə bir məktub gəldi ki, Yazıçılar İttifaqının üzvü olmağını istəyirik?
– Bu məktub gəlib. Yazıçılar Birliyinin səlahiyyətli nümayəndələri – yekə çıxmasın – günlərlə mənim yaşadığım evdə yatıblar ki, Yazıçılar Birliyinin üzvü olum. Hətta bu adamlarla bir yerdə yeyib-içmişik də… Mən öz şərtlərimi bildirdim və dedim ki, Yazıçılar Birliyinin üzvü olsam da, öz fikirlərimi cəmiyyətlə paylaşacağam. Yazıçılar Birliyi buna hazırdırmı? Məlum olub ki, hazır deyil. Yazıçılar Birliyindən mənə gələn təklif o idi ki, mən ümumiyyətlə, yazmayım. Yəni biz səni YB-yə üzv eləyirik ki, sən ümumiyyətlə yazı yazmayasan. Sən olursan Yazıçılar İttifaqının ən gənc şairi, yazıçısı, amma bir şərtlə ki, şeir, əsər yaratmayasan. Şair olacaqsan, amma şeir yazmamaq şərtilə…
– Bunu açıq şəkildə deyirdilər?
– Açıq şəkildə…
– Aqşin bəy, siz açıq danışmağı sevən adamsınız. Kim idi arada vasitəçi olan adamlar?
– Bizim artıq o adamlarla münasibətlərimiz pozulub…
– Tarix üçün maraqlıdır…
– Mən o tarixi öz evimdə yaradıram. Əgər o tarix lazımdırsa, mənim evimdə yatır. Həmin adamların hamısı haqqında mənim ev arxivimdə materiallar var. Sadəcə, münasibətləri kəsdiyim üçün adlarını çəkmirəm. Bir də ona görə ki, qeybət adamı deyiləm və bunu kişiliyimə sığışdırmıram. Mən deyə bilmərəm ki, filankəs gəldi və biz üç gün oturub araq içdik. Bunun mənim ağzımdan çıxmasını, ağzımın pozulmasını istəmirəm. Mən CXP-nin üzvü olanda heç kəs mənə deməyib ki, bunu yazacaqsan, bunu yox, filan işi görəcəksən, filan işi yox. Seymur bəy razılaşmasa da, mən Elnur Astanbəyli, Qan Turalı, Natiq Güləhmədoğlunu sırf AXCP-nin yazarları – partiya yazarları hesab edirəm… Bu mənim subyektiv fikrimdir. Mənim hansısa partiyanın üzvü olmağım ola bilsin tənqid hədəfi olsun. Mənim üçün qiymətli olan şey öz qənaətim, özümün gəldiyim nəticədir. Partiyanın münasibətinin mənim münasibətimlə üst-üstə düşməsi və ya düşməməsi ayrı şeydir… CXP-də mənim qazandıqlarım olub. Məsələn, mən o partiyanın üzvü olana qədər Bədrəddin Quliyevi tanımırdım. Mən partiyanın təsis qurultayında bilmişəm ki, partiyanın sədri bu adamdır. Bədrəddin Quliyevin ətrafında olan bir-iki nəfər var ki, mənim o adamlarla ailəvi dostluğum var. Onlar dedilər ki, sənin öz aramızda olmağını istəyirik. Mən də təklifi dostcasına qəbul etdim. Amma bu addımı siyasiləşdirmək o halda yaxşı olardı ki, mənim dostlarım görərdilər ki, artıq mən Bədrəddin Quliyev təfəkkürü ilə cəmiyyətə müraciət edirəm, Bədrəddin Quliyevin leksikonundan istifadə edirəm, Bədrəddin Quliyevin siyasi baxışlarını cəmiyyətə sırımaq istəyirəm. Belə deyil.
– Seymur bəy, sizə belə dəvətlər olarsa nə cür qarşılayarsınız?
– Məncə, hər kəsin özünəməxsus bir qırmızı xətti var. Bu xəttə yaxınlaşmaq olar, bir az uzaqlaşmaq olar, amma onun üstünə çıxmaq olmaz. Mənim qırmızı xəttim Yazıçılar Birliyinə, Azərbaycanın xalq artistlərinə, xalq yazıçılarına olan münasibətimdir. Hansı ki, bizim aşağı-yuxarı müxalifət düşərgəsinin də, iqtidarın da, müxalifətin də bu insanlara olan münasibəti eynidir. Anar İsa Qəmbərin də sevimlisidir, iqtidarın da… Alim Qasımovu da hər iki tərəf sevir. Yəni bu qırmızı xətt mənə imkan vermir ki, o insanlara yaxınlaşım. Çünki 2005-ci ildən sonrakı depressiya dönəmində biz öz qələmimizlə, öz mövqeyimizlə daha fərqli status qazanmağa başladıq. Çünki bizə ehtiyac yaranmışdı. Yoxsa, biz kimiydik ki? Bunların ürəyi yenə də Ramiz Rövşənin, Anarın, Əkrəm Əylislinin, Fikrət Qocanın yanındadır. Mənim o qırmızı xəttim imkan vermir ki, bu adamlara tam yaxınlaşım. Mənim mədəni müxalifətçiliyim başqa fikirlərimdən daha üstdə durur. Çox təəssüf edirəm ki, biz bu prosesi başlayanda ən radikal yazılar yazan qəzetlər müxalifət qəzetləri idi və nə qədər qəribə olsa da, bizə tribuna verən YAP-ın mətbu orqanı, “Yeni Azərbaycan” qəzeti, Alqış Həsənoğlu oldu. Mən Anar haqqında ən radikal yazımı “Yeni Azərbaycan” qəzetində dərc etdirdim. Bu faktdır və təəssüf ki, belədir. Heç kim olduğumuz bir vaxtda bizə ən ciddi dəstək verən – onda nə şeirlərimiz, nə əsərlərimiz, nə yazılarımız vardı, heç kitabımız da dərc olunmamışdı, sadəcə iddialarımız var idi ki, yerə-göyə sığmırdı – Sahib Alıyev oldu. Ona dedik ki, biz yazıçı, publisist kimi çıxış edirik, amma bir kitabımız da çapdan çıxmayıb. Dedi, narahat olmayın, kitab sonra çıxacaq. O, necə deyirdisə, elə də oldu. Mən heç bir vaxt onun yaxşılıqlarını yaddan çıxara bilmərəm.
– Sahib Alıyevin?

– Bəli. Dəfələrlə yazıb və dəstək verib. Həyatda bir dəfə də olsun üzünü görməmişəm. Kimdir, nəçidir, özü bilər, amma o bizə o dəstəyi verdi. Çox təəssüf ki, həqiqət bu qədər acıdır. “Xural” qəzetinin, “Reytinq” qəzetlərinin də adını çəkməsəm olmaz. Çünki bir axar var. Bir şeylər olur, birinci, ikinci, üçüncü mənbələrdə o susur, axırda iki-üç yer qalır – biri “Xural”dır, digəri “Reytinq”… Əvvəlcədən danışırsan ki, qardaş, mən Əflatun Amaşovdan 5 yazı yazacam. Mənim qarantiyam yoxdur ki, bu beş yazının hamısı bir qəzetdə dərc olunacaq, amma “Xural”da bunu etmək olar. Ola bilsin, bu qurtarandan sonra məni bu qəzetdə daha pis vursunlar, lap elə “Xural”ın özü mənim əleyhimə bəyanat versin, mənə min cür ad versin, bir səhifəsində yazım gedibsə, min səhifəsində məni tənqid eləsin, amma mənim qarantiyam var ki, axıradək bu qəzetdə öz sözümü deyəcəm. Amma vəziyyət heç də hər zaman belə deyil. İsa Qəmbər “Azadlıq” radiosuna çıxır, deyir ki, “Anar rezin kukladır. Bildiyiniz kimi, yapon şirkətlərinə rəhbərlik edən adamların rezin kuklaları mövcuddur ki, əməkdaşlar əsəbiləşəndə həmin rezin kuklanı istədikləri qədər kötəkləyib öz aqressiyalarını çıxarırlar. Mənə də elə gəlir ki, bizim gənc yazarlar Anarı tənqid eləməklə öz aqressiyalarını çıxarırlar.” Bu necə olur? Necə olur ki, İsa Qəmbər bir cəbhədə monarxiyaya qarşı mübarizə aparır, digər tərəfdə, başqa bir təşkilatda olan monarxiyanı dəstəkləyir? Bu örnəkdirmi? Şeyx özünü ömürlük şeyx elan edəndə məndən çox etirazını bildirən olmadı, dedim, bütün cəmiyyət ayağa qalxmalıdır, çünki bu çox pis örnəkdir. İndi Novella Cəfərova, Arif Əliyev də özlərini ömürlük elan ediblər. Ombudsman da ömürlükdür… Əgər bütün cəmiyyət Şeyx özünü ömürlük elan edəndə qalxıb etirazını bildirsəydi ki, bu nə deməkdir, ömürlük də vəzifə olar, heç belə pis nümunə də özünə yer tutmazdı. Palıd ağacı da çoxillik ağacdır, amma onun da vaxtı çatanda çürüyür, budaqları sınır. Bu adamlar kimdirlər ki, özlərini əvəzolunmaz sayıb əbədiyyətə hesablayırlar? Baxın, ona görə bu “qırmızı xətt” mənə əl-qol açmağa imkan vermir. Baxmayaraq ki, mənim bu hakimiyyətə qarşı münasibətim aydındır. Azərbaycandakı bütün bu eybəcərliklərin birbaşa günahları və məsuliyyəti bu iqtidarın üzərinə düşür. Amma mən bu insanı necə başa düşüm ki, o, hakimiyyətin monarxiyasına qarşı mübarizə aparır, o biri tərəfdən də bir adamın 24 il bir təşkilata rəhbərlik etməsini təqdir edir. Mən də cırnayıram, deyirəm ki, əgər mənim aqressiyamı atmağım üçün Anarı tənqid etdiyimi söyləyə bilirsənsə, mən də əvəzində deyirəm ki, sən də siyasi uğursuzluğuna görə İlham Əliyevi tənqid edirsən. Sən mənə bu sözü deyəndə, mən də o birini deyəcəm də… Yəni bu “qırmızı xətt”, mənim öz mədəni müxalifətçiliyim hər hansı bir siyasi qüvvəyə yaxınlaşmağa imkan vermir, baxmayaraq ki, mən bu hakimiyyətə qarşı özümü müxalifətçi hesab edirəm. Onu da çox gözəl dərk edirəm ki, sadəcə situasiya dəyişib deyə, vəziyyət ağırlaşıb deyə bizə ehtiyac yaranıb. Əslində onların ürəkləri yenə də Əkrəm Əylislinin, Alim Qasımovun, Anarın yanında qalıb. Sabah yenə də Anar mücərrəd bir söz desə – məsələn, “günəş batır, bu da Azərbaycana oxşayır”, qurtardı getdi. Yenə də onu hallandırmağa başlayacaqlar ki, nəhayət, ziyalı da öz sözünü dedi. Daha on illərdir bu adamın külək kimi hansı istiqamətə əsdiyini heç kim dilinə almayacaq. Vəziyyət çox ağırdır. Vəziyyət o həddədir ki, adi insanın şüurlu şəkildə başa düşməli olduğu şeyləri başa salmaqdan ötrü yüzlərlə yazı yazmaq lazımdır. Biri deyəndə ki, sən hələ Anarın yazdığını yaz, sonra onu tənqid elə, bu adama necə deyəsən ki, Anar üçün bütün bir imperiyanın maşını işləyirdi. Onun kitablarını dərc edib bütün Azərbaycana bölgə-bölgə yayırdılar, o bunun müqabilində torba-torba qonorar alıb. Bu adam çörək dərdi, şalvar dərdi, ev dərdi çəkməyib. Soyuducusunu nə vaxt açıb tort görüb, ikra görüb, ləziz yeməklər görüb. Mənim kimi romanını yeddi evdə yazmayıb. O, əsərlərini Krımda, Kislovodskidə, Soçidə istirahət edə-edə yazıb. Durub deyəndə ki, sən Anar kimi yaz, sonra danış, artıq buna cavab vermək olmur. İnsan əgər düşünməmiş belə deyirsə, demək bu adam əxlaqsızdır da, ona daha nə deyəsən?

Son
Hazırladı:

Burla Xatun

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button