İsa Qəmbərin MSDM-ində Pənah Hüseyn “üsyanı”

img1719653

AXP lideri: “Barak Obamaya, Angela Merkelə əriştə kəsməkdən əvvəl bizə umac ovun”

 
Redaksiyamıza noyabrın 12-də İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzinin keçirdiyi dəyirmi masada AXP sədri Pənah Hüseynin qalmaqal yaradan çıxışı barədə informasiya daxil olub. Mənbənin dediyinə görə, Pənah Hüseyn çıxış edərkən “siyasi müxalifətin durumu, indiki böhranlı vəziyyət üçün başlıca məsuliyyət müxalifətin ən iri fiquru olan İsa Qəmbərin üzərinə düşür”, –  ifadəsini işlədib.
Ardınca təklif edib ki, İsa Qəmbər səbəb olduğu vəziyyətdən çıxmaqda maraqlıdırsa, fəal siyasi fəaliyyətə qayıtsın. Bu zaman  Müsavat başqanı Arif Hacılı yerdən “Bəs iki gün qabaq deyirdin ki, lider mənəm” replikasını atıb. Pənah Hüseynin replikaya cavabı isə gözlənilməz sərt-kobud tərzdə olub: “Mən müxalifətin lideri yox, ən iri fiquru dedim, ümumiyyətlə isə sən İsa Qəmbərin vəkilisən?!”
 P.Hüseyn çıxışını davam edərək daha da sərtləşib. O müzakirəyə çıxarılmış mövzunu (Türkiyədə keçiriləcək G 20 sammiti ilə bağlı) tənqid edərək, “Barak Obamaya, Angela Merkelə əriştə kəsməkdən əvvəl bizə umac ovun”, deyib. Daha sonra “İzah edin, necə olur ki, qat- qat repressiv rejim olan, siyasi təşkilatların demək olar ki, olmadığı Cənubda (Güney Azərbaycanda) on minlərlə insan öz haqq və hüquqları uğrunda meydana atılır, bizdə isə ən böyük partiyaların ümumrespublika mitinqinə 300-500 adam gəlir. Necə olur ki, siyasi təcrübəsinə, intellektual potensialına görə iqtidar komandasından geri qalmayan müxalifət vəziyyətin əlində əsir qalıb? Mənim seçki kampaniyam göstərdi ki, öləziyən xalq yox, siyasi müxalifətdir. Allah müxalifətdəkilərə ağıl versin” fikirləri ilə sözünü yekunlaşdıran P.Hüseynin  sondakı cümləni xüsusilə əsəbi tonda səsləndirdiyi bildirilir. Mənbənin dediyinə görə, İsa Qəmbər çıxışla bağlı diskussiya açılmasına imkan verməyib.
Maraqlıdır ki, MSDM- in dəyirmi masası barədə məlumat yayan Müsavat rəhbərliyinə yaxın saytlar nə Pənah Hüseynin çıxışından heç nə yazmayıb, nə də onun orada olmasını göstərən şəkillər belə, yerləşdirməyib. Odur ki, məsələyə aydınlıq gətirmək üçün Pənah Hüseynin özünə müraciət etdik. Pənah Hüseyn suallarımıza cavab olaraq göstərilən tədbirə qatıldığını, orda çıxış etdiyini, yuxarıda qeyd elədiyimiz fikirlərə bənzər sözləri çıxışının kontekstində səsləndirdiyini əsasən təsdiqlədi. Əlavə etdi ki, o, tədbirə VHP- də cənub hadisələrinə həsr edilən tədbirdə iştirakı ilə bağlı gec qatılıb. Ona görə arxa sıralarda əyləşib. Ola bilsin buna görə obyektivə düşməyib.
Tədbirdən hazırlanan reportajda adının və çıxışından heç bir cümlənin verilməməsinə isə P.Hüseyn “İstənilən hadisə barədə necə məlumat vermək hər bir kütləvi informasiya vasitəsinin hüququdur, mənim bir iradım yoxdur”, deyərək münasibət bildirdi.
P.Hüseyn eyni zamanda vurğuladı ki, MSDM-in keçirdiyi dəyirmi masa ümumiyyətlə maraqlı idi, xeyli bilgi və düşüncə üçün material verdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button