“Azadlıq Salnaməsi”ndə İsa Qəmbər danışır (II sonuncu hissə): “İxtiyar Şirinin baş prokuror təyin edilməsini məsləhət görməmişəm”-VİDEO

İsa Qəmbər: “…bizi helikopterə mindirib havalananda, Xəzər dənizinə doğru sürdülər. Yarızarafat, yarıciddi bir-birimizə dedik ki, deyəsən, bunlar bizi dənizə atmağa hazırlaşırlar…”

Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi

 

İsa Qəmbərlə bu dəfəki söhbətimiz başqa söhbətlərə bənzəməz. Sıradan bir söhbət deyil çünki. Bu dəfə Müsavatın keçmiş başqanı ilə 24 il bundan əvvəl baş vermiş bir hadisə haqqında danışdıq. 16 iyul 1993-cü ildə Milli Məclisin iclasında keçmiş spiker İsa Qəmbərin həbsi günümüzün və söhbətimizin mövzusudur. Bu ideyanın – belə demək mümkündürsə – tarixi var. Həbsdən azad olunandan sonra İsa Qəmbərə təşəkkür ziyarətinə getmişdim. Xeyli söhbətləşdik. Söhbət əsnasında İsa bəyin özünün həbs tarixindən danışması məni çox maraqlandırdı. Baxmayaraq ki, onun həbsdə qaldığı müddət çox az – cəmi 1 ay idi, amma İsa bəy çox maraqlı danışdı və mən dərhal bu haqda söhbətləşmək istədiyimi dedim. Zamana buraxdıq. Sonra ötən il, 20 iyul 2016-cı ildə sualları İsa bəyə göndərdim və müsahibə götürmək istədiyimi dedim. Həmin günlərdə obyektiv və subyektiv səbəblərdən alınmadı, qismət bu günə imiş. Beləcə, Azərbaycan tarixinin çox əlamətdar və tarixi həbs olaylarından biri haqqında onun canlı iştirakçısı, şahidi və belə demək mümkündürsə, səbəbkarı ilə bir yerdə müzakirə etdik. Xatirələr yumağını çözələdik.

İsa Qəmbər həbsdə çox az oturub – cəmi 1 ay. Amma həbsxana olaylarını və türmə qaydalarını o qədər də pis bilmir. Bunu dəfələrlə müşahidə etmişəm. Hətta o qədər ki, İsa bəy həbs olunanda bu məsələ məşhur oğruların müzakirəsində olub. Mənim bildiyim qədər oğruların təqdiri İsa Qəmbərdən yana olub. Onlar özündən yuxarıları zərbə altında qoymadığı və özündən aşağılara problem yaratmadığı üçün İsa Qəmbərə dəstək olublar və onu təqdir ediblər. Yəni hətta oğrularla münasibətlərə də diqqət edən bir İsa Qəmbərlə qarşı-qarşıyayıq.

İsa Qəmbərin bu müsahibədə fərqli tərəflərini tanımaq imkanı əldə etdik. Onun həm uşaqlıqdan, həm gənclikdən, həm də vəzifədə olanda başqa yönlərinin olduğunu da öyrənirik. O qədər də sakit ömrü olmayıb İsa bəyin. Lazım olanda vuran əli də olub. Bir tələbə yoldaşını üz-gözü tanınmayacaq dərəcədə döyəndən sonra o qənaətə gəlib ki, həyati əhəmiyyət daşımasa, zora baş vurmayacaq. Hətta həbs olunanda yanına salınan öyrədilmiş adamı da alt edə bilib. İndi də iddialıdır ki, 35 yaş nədir ki, bu yaşında belə lazım olarsa, müqavimət göstərə bilər. Bu, önəmli ştrixdir insanın ömründə. Özünüqoruma instinkti…

Bu ştrix dövlət həyatına da inikas edib. Milli hakimiyyətin ortadan qaldırılma təhlükəsi altında qalanda prezident Əbülfəz Elçibəyin qarşısında məsələ qaldırır və səlahiyyət istəyir. Ona təklif edir ki, müvəqqəti prezidentlik kürsüsündən məzuniyyətə getsin və səlahiyyətləri, eləcə də məsuliyyəti ona versin. Çox sərt qərarlar alıb qiyamı yatırmaq və sonra prezident Əbülfəz Elçibəyi vəzifəsinin icrasına dəvət etmək planı olub. Elçibəy “ehtiyac yoxdur” deyib.

Mən dünya tarixində belə bir planın olub-olmadığını bilmirəm, amma İsa Qəmbərin sərtlik yanlısı olduğunu və qiyamı yatırmağa qərarlı göründüyünü bundan daha yaxşı əks etdirən başqa bir faktor ola bilməz. Bu məqamda gənclik illərində üz-gözünü tanınmaz hala saldığı o gənc haqqında düşünməmək olmur. Səlahiyyət verilsəydi, Azərbaycanın taleyi necə olardı? Vəzifəsinin öhdəsindən gələ bilərdimi? Azərbaycanı xilas edə bilərdimi? Qalib olsaydı, Elçibəyi vəzifəsinə geri qaytarardımı? Bu və başqa sualların cavablarını təəssüf ki, heç bir zaman öyrənə bilməyəcəyik. Səlahiyyət verilərdisə nə edəcəkdi sualına da maraqlı cavab verdi İsa bəy: “O da məndə qalsın!” Deməli, hələ bilmədiyimiz nə qədər məqamlar var.

16 iyul həbsinin bütün detallarını danışdıq İsa Qəmbərlə. Güman edirəm ki, çox maraqlı müsahibə oldu. Daha maqarlı o oldu ki, İsabəy o günlərlə bağlı bir eksklüziv məlumatı bizimlə paylaşdı. Həmin günlərdə oxuduğu kitabların əks olunduğu siyahını xural.com-a göndərdi. Bu siyahıda olan kitabları İsa Qəmbər həbsdə olduğu 1 aylıq müddətdə oxuyub:

Beləcə, 24 il bundan əvvəl baş verən ölkəmiqyaslı bir həbs olayından bəhs edən bu maraqlı müsahibəni “Azadlıq Salnaməsi”ndə yayınlayırıq. 18-ci qonağımız Müsavat partiyasının və Milli Məclisin sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərdir.

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

II sonuncu hissə

 

İsa Qəmbər “Azadlıq Salnaməsi”nin II sonuncu hissəsində nə dedi:

 

– Qatil hesab edilən oğlan da mənə çox hörmətlə yanaşır, özünü normal aparırdı. Rus da kifayət qədər sakit, təmkinli adam idi. Yəni kamerada bir növ bizim böyüklüyümüzü qəbul edirdilər

– Avqustun 18-də MTN təcridxanasından çıxdım

– 1 ay 2 gün həbsdə oldum

– Yanıma vəkillər gəlirdi və həftədə 1 gün yemək çatdırılırdı

– Gəncədə qohumlarım var və onlar mənə yemək gətirirdilər

– Məişət məsələlərində çox tələbkar deyiləm, bir və ya bir neçə gün yeməyə bilərəm, susuz da qala bilərəm – yəni bu məsələlərə bir az soyuqqanlı yanaşıram

– Daxili İşlər naziri Abdulla Allahverdiyev, Müdafiə naziri Dadaş Rzayev, Milli Təhlükəsizlik naziri Fəxrəddin Təhməzov, onun müavini Sülhəddin Əkbər, Daxili İşlər nazirinin müavini Qabil Məmmədli və Baş prokuror İxtiyar Şirinlə bir yerdə mühakimə olunurduq. Sülhəddin Əkbər, Qabil Məmmədli və İxtiyar Şirin girov idilər.

– Məhkəməmiz 1994-cü ilin aprelindən 1995-ci ilin yanvarın 9-na qədər davam etdi

– 18 avqustdan haqqımdakı qətimkan tədbiri dəyişdirildi və Bakını tərk etməmək haqqında iltizam imzaladım

– 1995-ci ilin yanvarında məhkəmənin qərarı ilə iş təkmil istintaqa qaytarıldı və 1998-ci ilə qədər Bakıdan çıxmaq qadağası qaldı – yalnız 2 dəfə Baş prokurorluğun icazəsi ilə mən ölkəni tərk edə bilmişəm

– 1998-ci ilin avqustunda, seçki kampaniyası dönəmində Əliyev rejimi xalq hərəkatının təsiri altında bir sıra qərarlar verməyə məcbur oldu. Senzura ləğv olundu və s. Eyni zamanda həmin o təkmil istintaqa qaytarılan işə də xitam verildi.

– Gəncədə yox, amma Bakıda MTN-də mənə mətbuatın verilməsi təmin edilirdi. Demək olar ki, bütün müstəqil media nümunələri ilə tanış ola, onları oxuya bilirdim

– Hətta “Naxçıvan” qəzetini oxuyurdum. Orada mənə böhtan atmışdılar ki, guya mən rəhmətlik akademik Mikayıl Hüseynovun mənzilini qamarlamışam – elə beləcə də yazmışdılar. Mən də darıxırdım, götürüb o qəzeti məhkəməyə verdim, təkzib və üzr tələb etdim. Ciddi şəkildə araşdırdılar, gördülər ki, bu tamamilə yalandır, uydurmadır, mən heç kimin mənzilini qamarlamamışam və heç ona oxşar bir hadisə də baş verməyib. Nəticədə “Naxçıvan” qəzeti həbsdə ola-ola təkzib verdi və məndən üzr istədi.

– O zaman müəyyən dərəcədə məhkəmələrin müstəqilliyi vardı, yalan danışmaq ayıb hesab edilirdi

– Həbsdə olub darıxmamaq mümkündürmü? Bəziləri Arif Hacılının yazdığı gözəl “Darıxıram” şeirini kompramata çevirməyə çalışdılar. Amma yəqin ki, bəzi partiyaların rəhbəri elə şeir yazsaydı, o şeiri həmin partiyanın himninə çevirərdilər. Həbsdə olub darıxmamaq mümkün deyil ki. İnsan yaxınları üçün darıxır, övladları üçün darıxır, dostları üçün darıxır, azadlığı üçün darıxır…

– Şeir yazmadım, məktub yazmadım, sadəcə qeydlərimi yazdım ki, nə zamansa həbsxana xatirələrimi yazacam

– Fikrimdə tutmuşdum ki, mənim azadlığa çıxmağım təxminən 6-7 ay çəkəcək və 1994-cü ilin əvvəllərində azadlığa çıxacağam, amma elə oldu ki, hakimiyyət məni daha tez azad etməyə məcbur oldu

– Bakıda, MTN-də yazı yazmaq üçün şəraitim vardı. Dəftər, qələm gətizdirmişdim, yazırdım. Gəncədə bu imkanlar yox idi. Gəncədə ancaq kitab oxuya bilirdim.

– Həbsdən çıxan günün səhərisi gün mətbuat konfransı keçirdim. Jurnalistlər soruşdular ki, həbsxana xatirələrini yazacaqsınızmı, dedim, fikirləşirəm, baxacam. Və sabahı gün rəhmətlik Məmməd Nazimoğlu “Aydınlıq” qəzetində apardığı satirik səhifədə bir şey yazdı ki, “İsa Qəmbər zindan xatirələrini yazacaq. Adı da belə olacaq ki, nə yatdıq ki, nə yuxu da görək.” Ondan sonra dedim, kişi düz deyir də, yaxşı düşməz. Camaat illərlə yatır, mən qısa bir həbslə bağlı nə xatirə yazacam. Zindan elə bir şeydir ki, onun xatirəsi hər zaman diqqətə layiqdir.

– Həbsim mənim üçün gözlənilməz olmayıb. Həbsdə olduğum müddətdə də hər hansı bir narahatlıq, hər hansı bir kompleksə girməmişəm.

– Qoluma qandal taxılmasını xatırlamıram. Ümumiyyətlə, qandal yadıma düşmür.

– MTN-də aclıq elan etdim. Fikirləşirdim ki, əməlli-başlı aclıq edəcəyəm, uzun müddətli. Amma MTN təcridxanasının rəisi gəldi və məni öz kameramdan başqa bir kameraya apardılar. O zaman siqaret çəkirdim. Siqaretimi, kibritimi, dəftərimi, qələmimi – hər şeyimi əlimdən aldılar. Dedilər ki, belə olmalıdır. Mən ona etiraz etmək istədim. Çıxarıb 1977-ci il tarixli əsasnaməni göstərdilər. Mən aclığa hazır idim, amma kitabsızlığa, dəftərsizliyə, siqaretsizliyə – sözün doğrusu, hazır deyildim. 3 gün davam etdim. 3 gündən sonra rəis gəldi, yenə qanuna əsasən bildirdilər ki, 3 gündən sonra aclığı dayandırmayan dustağa qarşı zorakı qidalandırma tətbiq olunur. Mənim də sözün doğrusu, məcburi qidalanmağa həvəsim yox idi, ona görə də 3 gündən sonra aclığı dayandırmalı oldum. Onsuz da aclıq haqqında məlumat mətbuat vasitəsilə bütün ölkəyə çatdırılmışdı.

– Gəncə təcridxanasında bir lopabığ starşina bir neçə kitab gətirdi – birinci kitab Əbülhəsənin “Dünya qopur” kitabı idi. Açdım, əsərin birinci cümləsi belə başlayır: “Kəndə xəbər yayıldı ki, şəhərdə Müsavat hökumətini yıxıblar.” Xeyli güldüm, nə qədər maraqlı idi. AXC-Müsavat adlandırılan demokratik hakimiyyət yıxılır və ilk əlimə gələn kitabda da cümlə belə olur ki, “Kəndə xəbər yayıldı ki, şəhərdə Müsavat hökumətini yıxıblar.”

– Bu qədər zindangörmüş adam olan yerdə mənim qısa müddətli zindan xatirələrimi yazmaq məncə düzgün deyil.

– Mən özümü bir az soyuqqanlı adam hesab edirəm, emosiyalarımı nəzarətdə saxlayan adam hesab edirəm

– Həbs olunma təhlükəsi adamı daha çox narahat edir, nəinki həbsin özü. Həbs olunduqdan sonra artıq keçir o hisslər. Adam narahat olur ki, onu həbs edə bilərlər, həbs olunandan sonra niyə narahat olasan?

– Qəribə situasiyalar oldu. Məsələn, bizi helikopterə mindirib havalananda, Xəzər dənizinə doğru sürdülər. Yarızarafat, yarıciddi bir-birimizə dedik ki, deyəsən, bunlar bizi dənizə atmağa hazırlaşırlar. Yəni nəzəri cəhətdən qiyam vəziyyətində o cür narahatçılıqlar olurdu.

– “Qorxunun əcələ faydası yoxdur” məsəli var və mən hər zaman o məsəli hər zaman inandırıcı saymışam

– Mən o zaman indikindən də qat-qat soyuqqanlı idim.

– Xanımıma əmin idim ki, çox möhkəm, iradəli, bütün çətinliklərə dözməyi bacaran bir xanım idi. Qohum-qardaş, dostlar, müsavatçılar var idi, əmin idim ki, yaxınlarım, əzizlərim tək qalmayacaqlar.

– İnandığım adamlardan hər hansı bir xoşagəlməz addım görmədim – nə qohum-qardaş arasında, nə də ki, müsavatçılar arasında

– Girov və ya əsir olan bir şəxsin heç bir qərarı hüquqi qüvvəyə malik deyil. Ona görə də İxtiyar Şirindən elə bir kağız almağa cəhd edən adamlar bir tərəfdən qanunazidd hərəkət ediblər, qanunu ciddi şəkildə pozublar, ikinci tərəfdən də hüquqi cəhətdən heç bir mənası olmayan bir addım atıblar. İxtiyar Şirin oturduğu yerdə o kağızı yazası deyildi ki.

– Mən İxtiyar Şirinin hüquqi məsələlər üzrə dövlət müşaviri təyin edilməsinin tərəfdarı olmuşam, baş prokuror təyin edilməsində isə əksinə, Əbülfəz Elçibəyə bunu məsləhət görməmişəm. Hesab eləmişəm ki, İxtiyar Şirin dövlət müşaviri kimi öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlir və bu, kifayət edirdi. Mən baş prokuror vəzifəsində daha prinsipial, daha sərt bir adamın olmasını məqsədəuyğun saymışam. Çünki prokuror əlində heç bir qüvvə olmadan dövlətin gücünü özündə təcəssüm etdirən bir şəxs olmalıdır.

– Baş prokuror vəzifəsinə konkret heç kimi məsləhət görməmişəm. Əbülfəz bəylə söhbətimiz olanda da Əbülfəz bəy “kimi təklif edirsən, təklif ver, təyin edək” deyəndə, demişəm, mənim namizədim yoxdur, mən bilmirəm, siz prezident kimi baxın hüquqşünaslara, birini seçib təyin edin

– Hakimiyyətə gəldiyimiz ilk günlərdə Qurban Məmmədovun baş prokuror təyin edilməsi ilə bağlı ideya var idi və o ideya gerçəkləşmədi. Əbülfəz Elçibəy məsləhət görmədi.

– Parlament sədrini ciddi bir sübut və məhkəmə hökmü olmadan həbsdə saxlamaq o vaxt elə də sadə məsələ deyildi. Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat vermişdi və mənim azadlığa buraxılmağıma çağırış eləmişdi. ABŞ Dövlət Departamentinin bəyanatı var idi və 18 Senator və Konqresmen bilavasitə Heydər Əliyevə müraciət yazmışdılar. Eləcə də digər dövlətlər Heydər Əliyevə birbaşa müraciət etmişdilər ki, bir parlament sədrini bu cür ittihamlarla həbsdə saxlamaq mümkün deyil. Heydər Əliyev də bu qədər dövlətlərlə problem yaşamaq istəməmişdi. Rusiyadan dövlət və hakimiyyət səviyyəsində heç bir müraciət olmayıb. Eyni zamanda Azərbaycandan bir çox təşkilatlar, ictimai qurumlar, partiyalar, ziyalılar müraciətlər etmişdilər

– MTN təcridxanasından çıxandan sonra getdiyim birinci yer valideynlərimin – atamın, anamın qəbirləri olub, onları ziyarət eləmişəm.

 

SON

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. İsa Qəmbərdə prezident aurası yoxdur!…

    Səmimi, açıq deyil! Qapalıdır!…

    Soyuqluq var, və ən əsası o, hətta oynamağı da bacarmır…

    İnsanlar bir qayda olaraq onun bu xüsusiyyətlərini hiss edir!…

    Və buna görə də, baxmayaraq ki, İsa Əbülfəzdən qat-qat müsbət və dürüst adamdır, lakin kütlə bu vaxtacan fırıldaqçı, dələduz, yalançı, gopçu, hiyləgər, satqın Əbülfəzi qat-qat İsadan çox istəyir və üstün tutur…

    İsa Qəmbərdən kommunist rejimli sistemə uyğun olan məmur – yəni öz davranışı ilə ətrafdakılardan özünü üstün tutan məmur – çıxar, hətta oliqarxik bir ölkədə, insanları adam yerinə qoymayan dövlət sistenimdə olan məmur və ya nazir çıxar, lakin heç orada da prezident çıxmaz, handa qalsın demokratik ölkədə!…

    Və bu cür müsahibələr əyani şəkildə bir daha onu təsdiq edir ki, İsanı da, Əbülfəzi də, digər AXC rəhbərlərini də nəinki prezidentlik məsələsində, ümumiyyətlə dövlətçilik, idarəçilik məsələlərində nəinki Heydər Əliyevlə, hətta Heydər Əliyevin komandasından olan ən azı birinci eşelonundan olanlarla müqayisə etmək mümkün deyil – gülünc olardı!… Çünki birincilərin səriştəsizliyi, qabiliyyətsizliyi, bacarıqsızlığı. təcrübəsizliyi və biliksizliyi açıq gözlə nəzərə çarpır!

    İnsanlar üçün AXC şinelində çıxanlar nə qədər çox bu cür açılır, bir o qədər insanlar 1993-cü ildə baş verənlərin mütləq zəruriliyini və qanuniliyini tam şəkildə başa düşürlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button