İsa Qəmbərin kortejinə basqın olub

 13.01.2013

Jurnalist Mehman Kərimov basqınçılar tərəfindən naməlum istiqamətə aparılıb

 Bu gün Müsavat başqanı İsa Qəmbərin korteji Lənkəran şəhərində basqına məruz qalıb. Bu barədə məlumatı Müsavat Partiyası mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, İsa Qəmbər bu gün Müsavat Partiyasının Lənkəran şəhər təşkilatının yaranmasının 20 illiyi və zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedib. Şəhərin girişində  4 ədəd “Qaz El” və 5-6 minik avtomobili İsa Qəmbərin kortejinin qarşısını kəsib. Əyinlərində “Xəzər Lənkəran” futbol klubunun geyimlərində olan mülki şəxslər 100-dən artıq öyrədilmiş  şəxsə rəhbərlik edib. Basqınçılar İsa Qəmbərin maşınını dağıdıb, güzgülərini qırıb və maşının nömrələrini acıblar. Basqınçılar “İsa Qəmbər sizi gördük” və “Sizi istəmirik” deyərək maşının qapılarını dağıdaraq Müsavat başqanına xəsarət yetirməyə çalışıblar. Hadisə zamanı Müsavat başqanının müavini Gülağa Aslanlının ayaqları üzərindən maşın sürüblər.  G.Aslanlı sağ ayağından xəsarət alıb. Keçmiş vicdan məhbusu Ülvi Quliyev mülki şəxslər tərəfindən qəddarlıqla döyülüb. Jurnalist Mehman Kərimov hadisəni videogörüntüsünü  çəkərkən mülki geyimli şəxslər tərəfindən döyülərək maşına mindirilib, ərazidən uzaqlaşdırılıb. Mehman Kərimovun hara aparıldığı məlum deyil. Basqın zamanı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıda xəsarət alıb. Basqınçılar müsavatçıların üzərinə yumurta atıblar. Daha sonra basqınçılar Lənkəran şəhərinə gedən yolu “QazEl” markalı mikroavtobuslar və minik maşınları ilə kəsiblər. Müsavat başqanı daha böyük qarşıdurmaların və insan ölümlərinin qarşısını almaq məqsədi ilə Lənkəran şəhərindən geri qayıdıb. Yol boyu Müsavat başqanı başqa bir maşınla hadisə yerindən uzaqlaşdırılıb. Müsavat Partiyasının digər üzvləri hələ də hadisə yerində basqınçıların əhatəsindədir. Hadisə yerində polis gözə dəyməyib. Öyrədilmiş şəxslər arasında qadınlar və azyaşlı uşaqlar da olub. Basqın edən yüzdən artıq şəxsə icra nümayəndələri rəhbərlik edib. Müsavat başqanı xəsarət almayıb.

 Müsavat Partiyası baş vermiş hadisəni hakimiyyət tərəfindən təşkil edilən növbəti təxribatın olduğunu bəyan edir. Eyni zamanda  hesab edir ki, hakimiyyət bu yolla ölkədə başlanan demokratik hərəkatın qarşısını ala bilməyəcək. Müsavat Partiyası yaxın saatlarda hadisə ilə bağlı mövqeyini açıqlayacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button