İşdən çıxarılan həkimdən ilginc AÇIQLAMALAR (FOTOLAR)

“Hamımız YAP-çıyıq… bizim işimiz həkimlikdir, siyasətə qarışmırıq”

Səbinə Məmmədova: “Heydər Əliyev məni bağrına basıb tövsiyələrini verdi”

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda direktoru Həqiqət Qədirova ilə mübahisəsinin videosu yayıldıqdan işdən çıxarılan tibb elmləri namizədi Səbinə Məmmədova Bizimyol.info saytına açıqlama verib.

Səbinə Məmmədovanın işdən çıxarılması ilə bağlı əmr yanvarın 12-də verilib, onun özünə isə yanvarın 17-də təqdim edilib. Sözügedən video isə yanvarın 11-də çəkilib.
S.Məmmədova bildirib ki, institut rəhbəri təkcə ona deyil, bir qrup həkimə qarşı qərzlidir. “Ancaq bu qərəzin səbəbini bilirəm. Özümüz üçün də maraqlıdır ki, niyə bizim üstümüzə düşüb? Yalandan bizə töhmətlər verir, halbuki bu barədə bizə ümumiyyətlə xəbər verilmir, töhmət əmri ilə tanış edilmirik. Bir də aylar sonra deyirlər ki, sizin bu qədər töhmətiniz var. İndi məlumat aldım ki, məni işdən azad edən gün dərhal yerimə adam da təyin edib. Bəlkə də bizə qarşı bu cür münasibət bəsləyir ki, işdən çıxarsın və yerimizə adam təyin edə bilsin. Bu məsələdə də hansısa maraqlarının olduğunu düşünürəm”.

“Buna görə həkimi işdən çıxartmaq olar?”

İşdən çıxarılmasına səbəb olduğu iddia edilən videoya gəlincə, S.Məmmədova bunları deyir. “Məni şöbə müdiri vəzifəsindən çıxardıqdan sonra, bir xanımı həmin əmr olmadan mənim yerimə qoymuşdu. Oktyabr ayında mən işdə olmamışam. Bir xəstə gəlib və onu mənim yerimə şöbə müdiri təyin edilən həkimə yazıblar. Həkim müalicə edərək evə yazıb. Üstündən iki ay keçəndən sonra xəstə yenidən ağırlaşma ilə gəlib. Şöbə müdiri yerinə qoyulan xanımın da əmri olmadığı üşün işdən çıxartdılar deyə xəstə ortada qaldı. Heç kəs götürmədi, xəstənin valideyni də gəlib ağladı, yalvardı ki, uşağıma kömək edin. Mən də götürüb bir həftənin içərisində sağaldıb evə göndərdim. Bunlar da mənə deyirlər ki, xəstəyə səhv diaqnoz qoyulub. Videodan da göründüyü kimi mən dedim ki, buna diaqnoz qoyan başqasıdır, mənə nə dəxli var? Mən xəstənin bir həftə üzünü görmüşəm və sadəcə nəzarət etmişəm, sağaldıb yola salmışam. Xəstənin izahatı da mənim əlimdədir. Buna görə həkimi işdən çıxartmaq olar?”

Videosu yayılan iclasda nəyə etiraz edilib?

S.Məmmədova isə bildirir ki, Səhiyyə Nazirliyi də onun işdən çıxarılması ilə bağlı açıqlama verib və guya düz danışmadığını bildiriblər. “Mən işdən çıxarılmağımla məhkəməyə mürciət edəcəyəm, məhkəmədə məlum olacaq ki, kim düz danışır, kim səhv”.
Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsini əks etdirən videoda o deyir:
“Xəstəni atdılar ortaya ki, sən apar. Mən haradan bilim ki, o xəstədə “emdiardı”, “eksdiardı”. Bəlkə, bu sizin “zakazınızdır”. Mənim əlimdə sübutlar var. Xəstənin üç analizi var. Birində yazılıb, “rifamiçin”ə qarşı həssasdır, digərində – davamlıdır. Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm. Qoy, hamı burada qoyun kimi oturub qulaq assın. Mən sizə qulaq asan deyiləm” – S.Məmmədova deyib.

“Hamımız YAP-çıyıq… bizim işimiz həkimlikdir, siyasətə qarışmırıq”

S.Məmmədova əlavə edir ki, H.Qədirova onu Səhiyyə Nazirliyinə müxalifətçi, təxribatçı kimi təqdim etməyə çalışır. “Bizim ailəmiz daim Heydər Əliyevi dəstəkləyib. Atam dövlət qulluqçusu olub, daim dövlətə xidmət edib, baxım Səhiyyə Nazirliyində idarə rəisi işləyib. Mən dövlətə, xalqa sədaqətli ailədə yetişmişəm. Özüm də 23 yaşımdan YAP-ın üzvüyəm. Nizami rayon YAP təşkilatının gənclər ittifaqının sədr müavini işləmişəm. 1999-cu ildə institutun açılış mərasimində məni gənc mütəxəssis kimi mərhum prezident Heydər Əliyevə təqdim etdilər. Mən orada çıxış etdikdən sonra Heydər Əliyev məni bağrına basıb tövsiyələrini verdi. Dedi ki, istəyirəm siz hamınız mənim davamçılarım olasınız. Mən də ona söz verdim ki, ömrümün sonunadək sizin yolunuzu davam etdirəcəyəm. 2014-cü ildə bir kitab çıxartdım və həmin tədbirdən şəkilləri də orada vermişəm. Həqiqət Qədirova usə məni nazirə müxalifətçi, təxribatçı kimi təqdim etmək istəyir. Oradakı həkimlər – hamımız YAP-çıyıq. Bizim işimiz həkimlikdir, siyasətə qarışmırıq. Bizim onun dediyi kimi siyastlə işimiz yoxdur. ”

“İşdən çıxarılmanın sözügedən video ilə heç bir bağlılığı yoxdur”

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Səbinə Məmmədova ilə bağlı açıqlamasında işdən çıxarılmanın yayılan məlum video ilə bağlı olmadığını deyib.
“Səbinə Məmmədovanın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbəri Həqiqət Qədirova ilə bağlı iddaları olub. Sözügedən məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, iddiaları əsassızdır və sözügedən video ilə heç bir bağlılığı yoxdur. Onun işdən uzaqlaşdırılmasının əsas səbəbi, iş yerini özbaşına tərk etmə, işdən icazəsiz qalma və ən əsası rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etməməsi olub”. Liya Bayramova unikal.org-a onu da deyib ki, Səbinə Məmmədova İnstitututa qarşı bu cür yalan informasiyaları mətbuata ötürməkdə davam edərsə o, Səhiyyə Nazirliyinin “Qara siyahısı”na salınacaq.(biziyol.info)

Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button