İsgəndər Həmidov Bəxtiyar Vahabzadədən danışdı…

Bəxtiyar_Vahabzadə“O, məktub tamamilə cəfəngiyyatdır”

İsgəndər Həmidov: “Məktubun nə stilistikası, nə da xətt Bəxtiyar Vahabzadəyə məxsus deyil”

“O məktub tamamilə cəfəngiyyatdır. Məktubun nə stilistikası, nə da xətt Bəxtiyar Vahabzadəyə məxsus deyil”. Bu sözləri XuralTAC-a açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov bildirib. Qeyd edək ki, bu gün əvvəlcə strateq.az saytında, sonra xural.com da daxil olmaqla bir çox saytlarda Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin sabiq daxili işlər naziri İsgəndər Həmidova yazdığı iddia olunan məktub dərc edilib. Məktubda Bəxtiyar Vahabzadənin dəfələrlə daxili işlər naziri olan zaman İsgəndər Həmidovla görüşmək üçün zəng etməsinə baxmayaraq, onun tərəfindən biganə münasibətlə üzləşməsi barədə məqamlar yer alıb. İsgəndər Həmidov isə saytımıza açıqlamasında belə bir halın ümumiyyətlə olmadığını vurğuladı: “Bəxtiyar Vahabzadə hamımızın hörmətini saxladığımız bir insan olub. Nəinki qəbul etməmək, o, hər yanıma gələndə ayağa durub qarşılamışam, paltosunu tutmuşam. O, məni oğlu kimi istəyib. Hamımızın ağsaqqalı olub və istədiyi zaman yanıma gəlib. Bunu Bəxtiyar Vahabzadənin ailəsi də təsdiq edə bilər. Hətta Bəxtiyar Vahabzadə mənimlə bağlı Heydər Əliyevə məktub yazıb. O məktubu niyə dərc etmirlər? Sözügedən məktub isə tamamilə cəfəngiyyatdır və bir daha deyirəm ki, böyük şairimiz Bəxtiyar Vahabzadə ilə qətiyyən əlaqəsi yoxdur” – deyə İsgəndər Həmidov bildirdi.

Məktubun ilk dəfə dərc olunduğu strateq.az saytının baş redaktoru Elxan Şükürlü ilə əlaqə saxladıq. Məktubun həqiqətən Bəxtiyar Vahabzadəyə aid olduğunu bildirən Elxan bəy bunları dedi: “O məktub həqiqətdir və biz onu Bəxtiyar Vahabzadənin şəxsi arxivindən götürmüşük. İsgəndər bəy istəsə, məktubun orijinalı ilə də onu tanış edə bilərik. Biz heç bir zaman səhih olmayan məlumatları dərc etmərik.”

Rəsul_QuliyevMəktubla bağlı  Moderator.az-a açıqlama verən eks-spiker Rəsul Quliyev cəbhə hakimiyyəti dövründə B.Vahabzadəyə olan münasibəti şərh edib:

“Bəxtiyar müəllimi yaxşı tanıyırdım və çox isti münasibətlərimiz var idi. Hətta onun övladlarının birini imtahan da etmişdim, özünün xahişi ilə.Bəxtiyar müəllim harada işləməyimdən asılı olmayaraq, (direktorluqdan tutmuş Ali Sovetin sədrinə qədər) istənilən vaxt heç bir zəng etmədən məni kabinetimə daxil olmaq şərəfinə layiq bilirdi. O məktubun yazılması səbəblərini bilmirəm, ancaq əminəm ki, onu çox qəzəbləndiriblər, xaraktercə çılğın olmasına baxmayaraq ədəb normalarına maksimum riayət edən insan idi. O dövrdəki hökümətdə olanların arasında Bəxtiyar müəllimə hörmətlə yanaşanlar kifayət qədər idi. Elə birincisi Ə.Elçibəyin ona münasibəti çox yaxşı idi. O ki qaldı ümumiyyətlə, o dövrdə hakimiyyətdə olanların keyfiyyətlərinə, ilk növbədə heç bir ölkədə heç bir vaxt bu səviyyədə qeyri-professional davranış qaydalarını bilməyən insanlar bir yerə yığışmamışdılar. İçərilərində bir- iki normal insan var idi. Ancaq onları da özləri qəbul etmirdi. Bir sözlə, bu adamların bir il hakimiyyətdə qala bilmələri Azərbaycan xalqının nə səviyyədə inert olduğuna dəlalət edir”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button