İsgəndər Həmidovu həbs etmək planı var!

İsgəndər Həmidov: «Məni maşınıma silah atıb tutmaq istəyirlər!»

Son günlərin hadisələri ölkənin siyasi mənzərəsini xeyli tündləşdirib. Ərəb inqilabları və dünyada baş verən kardinal dəyişikliklər Azərbaycan hakimiyyətini göz-görəti qorxuya salıb. Üzdə özünü tox tutan rejim, arxada inqilab dalğasından yayınmaq üçün önləyici tədbirlər almaqdadır. XuralTAC-a daxil olan məlumatlara görə, bu tədbirlərin biri də keçmiş daxili işlər naziri İsgəndər Həmidov haqqında görülür.

XuralTAC-a daxil olan məlumatlarda deyilir ki, Azərbaycan hakimiyyəti azadlıqda qalan və nəzarət edilməsi mümkün olmayan bəzi siyasilər haqqında sərt qərarlar görməyə hazırlaşır. Onlardan biri də son günlər «hay-küy»lə siyasətə qayıdacağını bəyan edən İsgəndər Həmidovun elə «hay-küy»lə də qarşılanmasıdır. DUİ-nin məşhur toplantısında hamının danışdığı sözləri təkrarlaması, əslində isə yeni heç bir şeyin söylənmədiyi çxışından sonra üzərinə başlanan hücumun arxasında da bu planın dayandığı söylənilir. Mənbəmiz deyir: «Çingiz Qənizadənin hədələyici üslubda danışması, konkret hədə-qorxu ilə üzərinə gəlməsi artıq ciddi həyəcan siqnalıdır. İsgəndər Həmidovun həbs olunması an məsələsidir. Artıq onun arxasınca konkret avtomobillər düşüb və sabiq nazir 24 saat izləməyə alınıb. Çingiz Qənizadənin nə zaman belə danışdığını görübsünüz? Onun az qala maddə-maddə hansı cinayəti də törədəcəyini söyləməsi, sabiq nazirə baha başa gələ bilər. Onu bu dəfə tutmaq və uzun müddət içəridə saxlamaq istəyirlər. Hakimiyyət nəzarətdənkənar adamları və qüvvələri sevmir».

İsgəndər Həmidovun izlənməsi ilə bağlı məlumatları dəqiqləşdirməyə çalışdıq. Məlum oldu ki, nə az, ən çox düz 4 ədəd avtomobil İsgəndər Həmidovun evinin həndəvərində «keşik» çəkir. Bunların dövlət nömrə nişanlarının bəzilərini dəqiqləşdirə bildik:

10 – (hərfləri təsbit edə bilmədik) – 738 (sarı rəngli «Fiat» markalı avtomobil);
10 – (hərfləri təsbit edə bilmədik) – 156 (qara rəngli «Sonny» markalı avtomobil);
10 – BO – 162 (qara rəngli «Sonny» markalı avtomobil);
10 – CP – 862 (metal rəngli «Corolla» markalı avtomobil).

İsgəndər Həmidovun yaxınlarından aldığımız məlumatlara görə, həqiqətən ciddi həbs təhlükəsi var və bu haqda keçmiş nazirin özü də ətrafına xəbərdarlıq edib. «Məni avtomobilimə silah atıb tutacaqlar» – bunu da İsgəndər Həmidovun özünün söylədiyi məlum olub.

Aldığımız başqa bir məlumatda deyilir ki, İsgəndər Həmidova qarşı plan DİN-in əlaqədar strukturlarında hazırlanıb. Məsələylə bağlı İsgəndər Həmidovla danışmaq istəsək də, sabiq nazirin əl və ev telefonların sürəkli bağlı oldu. DİN-dən isə sorğumuza cavab verən olmadı.

XuraTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button