İsgəndər Həmidovu kim izlətdirir?!

İndiki DİN sabiq DİN-ə qarşı…

Ötən sayımızda sabiq daxili işlər naziri İsgəndər Həmidovun izləndiyi və həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldığını yazmışdıq. Hətta sabiq nazirin yaşadığı binanın qapısında dayanan və izləməni açıq-aşkar həyata keçirən avtomobillərin dövlət nömrə nişanlarını da yayınlamışdıq. Məlumatın dərc olunduğu vaxtdan bu tərəfə bu haqda bir çox məqamlar da ölkə mətbuatında işıq üzü gördü. İsgəndər Həmidovun özünün də təsdiqlədiyi xəbərlərdən belə çıxırdı ki, onun həbs olunması hər an gerçəkləşə bilər və bunu yerinə yetirən qurum da DİN-in 7-ci idarəsi olacaq. Hətta sabiq daxili işlər naziri planı da söyləməkdən çəkinmədi: «Ya maşınıma, ya da evimə silah atacaq və məni elə tutacaqlar».

Xəbərlərin mətbuata çıxması ilə İsgəndər Həmidovun bacanağının həbs olunması bir oldu. Şərifov Nadiri oturduğu çayxanadan götürən və heç bir əsas olmadan 5 sutkalıq həbs edən polis sabiq nazirin dediklərində nə qədər haqlı olduğunu ortaya çıxardı. Amma maraqlıdır, İ.Həmidovun həbsində kim maraqlıdır?

Aldığımız məlumatlara görə, sabiq naziri onun indiki həmkarı – Ramil Usubov həbs etdirmək istəyir. İzləmə prosesini də DİN 7-ci idarəsi apardığına görə, bu ehtimal daha ağlabatandır. Digər tərəfdən, hadisələrin başladığı DUİ-nin son toplantısında İ.Həmidovun çıxışının təkcə İlham Əliyevlə bağlı olmadığı məlum olub. Mənbəmiz orada sabiq nazirin hamını – o cümlədən də prezident İlhəm Əliyevi tənqid etdiyini bildirir. «Maraqlıdır ki, toplantıda İsgəndər Həmidov Eldar Mahmudovu, prezidenti, Kəmaləddin Heydərovu, Ramiz Mehdiyevi tənqid etsə də, sonradan mətbuatda bircə İlham Əliyev məsələsinin üzərinə gedildi və o məsələ qabardıldı. Halbuki ümumi komandanı tənqid edən keçmiş nazir, ən çox Ramil Usubovun fəaliyyətinin üzərində dayanmış, yol polisinin hərəkətindən tutmuş Hacı Məmmədov hadisəsinə qədər onu günahkar bilmişdi. Mümkündür ki, məlumatı Ramil Usubova olduğu kimi çatdırıblar və nazir İlham Əliyevi bəhanə edərək onu tənqid etdiyinə görə İsgəndər Həmidovu izləməyə götürüb» – bunu da mənbəmiz dedi.

Məsələni araşdırdıq və məlum oldu ki, DUİ-nin qeyd olunan iclasında həqiqətən də İ.Həmidov tərəfindən ən ağır tənqid olunan məmur DİN Ramil Usubov olub. İsgəndər bəyin özü də məsələyə aydınlıq gətirdi: «Həqiqətən, hamıdan çox Ramil Usubovu tənqid etmişəm. Amma inanmıram ki, sadə tənqidə görə o boyda nazir mənim arxama 5 maşın birdən salsın. Bunu prezident eşitsə nə deyər?»

Doğrudan da, hamı hamını tənqid edir. Buna görə insanı izlətmək, şərlətmək və həbslə qorxutmaq niyə?

DİN mətbuat xidmətindən telefonlarımıza cavab vermədilər.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button