İslam Kərimovun varisi kim olacaq?

Hakimiyyət uğrunda hansı elita və klanlar mübarizə aparır?

Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillayeva özünün “Instagram” səhifəsində Müstəqillik Günü münasibətilə ölkə əhalisini təbrik edib və atasına olan dəstəyə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu dəstək prezidentə şəfa verir: “Fürsətdən istifadə edərək prezidentimizin tez sağalması üçün göstərdiyiniz dəstəyə və xoş, səmimi və müsbət sözlərinizə görə sizə ürəkdən minnətdarlığımı bildirirəm! Bu, bizim üçün çox əhəmiyyətlidir və əminəm ki, qəlblərdəki bu böyük xeyirxahlığın gücü onun sağalmasına kömək edir! Sizə dərindən minnətdaram!”, – o yazıb.

Özbəkistanda avqustun 31-i üçün müstəqilliyin 25 illiyi münasibətilə planlaşdırılmış rəsmi mərasim təxirə salınıb. Əvvəlki illərdə bu günlər İslam Kərimov ictimaiyyət qarşısına çıxardı. Bayram tədbirlərinin məhz prezidentin səhhətinə görə təxirə salındığı məlum deyil.

Kərimovun beyin qansızması ilə xəstəxanaya yerləşdirilməsi Lola Kərimova-Tillayevanın bu barədə bazar ertəsi “Facebook” səhifəsində yazmasından sonra məlum olub.

Həmin gün Mərkəzi Asiyada fəaliyyət göstərən rusdilli “Fargana” xəbər saytı bildirib ki, İ.Kərimov 29 avqustda xəstəxanada vəfat edib. Özbəkistan prezident aparatına istinadən yayılmış xəbərdə isə Özbəkistan liderinin ölümü ilə bağlı məlumatın həqiqətə uyğun olmadığı bildirilib.

Kərimov rus həkimlərin nəzarətindədir

Rusiyanın N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun həkimləri Özbəkistan prezidenti İslam Kərimovun müalicəsi üçün Daşkənd şəhərindədir. İnstitutun elmi rəhbəri Aleksandr Konovalov da məlumatları təsdiq edib.

“Həkimlərimiz çoxdan, elə ilk andan oradadır”, deyə A.Konovalov bildirib.

Onun sözlərinə görə, bu məsələyə məsul şəxs İnstitutun direktoru, neyrotravmatologiya şöbəsinin rəhbəri Aleksandr Potapovdur.

Özbəkistan prezidenti İslam Kərimov hazırda reanimasiyadadır. O, avqustun 27-də səhər saatlarında beyninə qansızması səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl Rusiya baş nazirinin müavini Olqa Qolodets İ.Kərimovun müalicəsi üçün Daşkənddən heç bir sorğu gəlmədiyini bildirmişdi (report).

Son bir neçə gündə kütləvi informasiya vasitələri Özbəkistan prezidenti İslam Kərimovun səhhəti barədə ziddiyyətli məlumatlar verir. Onun öldüyünü iddia edənlər də var. BBC-nin rus xidməti Özbəkistanın siyasi quruluşu barədə ekspertlərlə söhbət edib. Hakimiyyət dəyişikliyi baş verərsə, regionda daha nələri gözləmək olar?

Məqalədə bildirilir ki, İslam Kərimov Özbəkistana sovet dövründən rəhbərlik edir və ölkədə avtoritar rejim yaradıb. Bir çox insan haqları müdafiəçiləri bunun dünyanın ən qəddar rejimlərindən biri olduğunu söyləyirlər.

Hakimiyyət dəyişikliyi olarsa…

BBC Özbəkistanda hakimiyyət dəyişikliyi baş verərsə, nələrin ola biləcəyini, ölkənin siyasi elitasını və regiondakı mövcud qüvvələri öyrənməyə çalışıb.

Kərimovun varisi olmağa namizəd kimi ekspertlər iki nəfərin adını qeyd edirlər: ölkənin hazırkı baş naziri Şavkat Mirziyayev və onun müavini Rustam Azimov: “Özbəkistanda son illərdə yaranmış situasiyanı təhlil edərkən biz belə bir nəticəyə gəldik ki, Mirziyayevin ölkənin güc strukturları, ələlxüsus da Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rustam İnoyatovla yaxşı münasibətləri var. Bundan başqa, onun 2009-cu ildə qohum olduğu Alişer Usmanovla (Usmanovun qardaşı oğlu Mirziyayevin qardaşı qızı ilə evlənib) yaxşı münasibətləri var. Bütün bunlardan əlavə, Vladimir Putin Rusiyanın baş naziri olanda onunla MDB baş nazirlərinin iclaslarında görüşərdi. Onların arasında artıq şəxsi əlaqələr də var” – deyir hazırda Fransada yaşayan siyasi mühacir, özbək politoloq Kamoliddin Rabbimov.

Sürpriz də ola bilər

Lakin London Şərqşünaslıq və Afrika Araşdırmaları Məktəbinin dəvətli elmi işçisi və özbək politiolq Alişer İlxamovun fikrincə, Özbəkistandakı siyasi sistem o qədər qeyri-şəffafdır ki, nəyisə əvvəldən proqnozlaşdırmaq çətindir və gözlənilməz ssenariləri istisna etmək olmaz: “Qonşu Türkmənistanın timsalında demək olar ki, möcüzələr baş verir. Saparmurat Niyazovun ölümünədək kim deyə bilərdi ki, hakimiyyətə Qurbanqulı Berdımuxammedov gələcək? Onu tanıyan və diqqətə alan çox az idi. Odur ki, Özbəkistanda da yeni fiqurların üzə çıxa biləcəyini istisna etmək olmaz”.

Eurasia.net saytının müxbiri Coanna Lillis hesab edir ki, böyük qız Gülnarə Karimovanın siyasət meydanından çıxmasına görə, hakimiyyətin ailə daxilində ötürülməsini istisna etmək olmaz: “Prezidentin kiçik qızı Lola Kərimova və onun əri, biznesmen Timur Tillayevi də tamamilə real namizədlər hesab etmək lazımdır”.

“Ölkədə ən nüfuzlu kölgə fiquru…”

Bütün ekspertlər belə bir qənaətlə razılaşırlar ki, ölkədə ən nüfuzlu kölgə fiquru MTX-nin rəhbəri Rustam İnoyatovdur. Alişer İlxamovun fikrincə, İnoyatov və baş nazir Mirziyayevin Moskvadan dəstəyi var və beləliklə, onlar alyans şəklində rusiyapərəst qanadı təşkil edirlər: “Öz növbəsində Rustam Azimovu elitanın güc təbəqəsi yox, iqtisadiyyat və maliyyə ilə bağlı adamlar dəstəkləyirlər. Nəzərə alınmalıdır ki, Özbəkistanın Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan və başqa investorlardan aldığı kreditlər Azimovun şəxsi zəmanəti ilə verilir. Bundan başqa, Özbəkistanda həmişə klan sistemi güclü olub. Bu sistemdə, xüsisusilə də Daşkənd və Səmərqənd klanları ən nüfuzlu hesab edilir”.

Lakin əksər ekspertlərin fikrincə, belə bölgü artıq keçmişin qalığıdır: “Bütün bu klanlar kifayət qədər şərtidir və Kərimovun karyerasının başlanğıcında olduğu kimi, elə də ciddi rol oynamırlar. Kərimovun prezidentliyi dövründə bu regional elitalar xeyli zəiflədib. Ona görə də belə bölgünü vaxtı ötmüş hesab etmək olar” – deyir Alişer İlxamov”.

“Özbəkistanda iki qüdrətli dövlət orqanı var”

“Özbəkistanda iki qüdrətli dövlət orqanı var: MTX və DİN. Vəziyyətə fiziki olaraq məhz onlar nəzarət edir. Bütün qalan klanlar və başqa strukturlar bu iki işlək siyasi strukturun qarşısında zəifdirlər. Özbəkistanda hətta ən ucqar aul və qışlaqlarda da milis məntəqəsi var. Bu idarə sayca daha çox əməkdaşa malikdir. Kərimov xarici səfərlərə çıxanda onun səlahiyyətlərini Daxili İşlər naziri icra edirdi. Onun özünə nəzarəti isə MTX həyata keçirirdi” – deyir politoloq Kamoliddin Rabbimov.

“Kərimovun varisi kim olursa-olsun, İnoyatovun və MTX-nin birbaşa dəstəyi olmadan hakimiyyətə gələ bilməz” – deyir jurnalist Coanna Lillis”.

Özbəkistanda hakimiyyətin dəyişməsi hansı regional əhəmiyyətə malikdir? Kütləvi iğtişaş və inqliab ehtimalı varmı?

Rabbimov BBC-yə açıqlamasında bu suallara aydınlıq gətirib: “Özbəkistanda hakimiyyətin ötürülməsinin dinc və sosial gərginliksiz keçəcəyinə üç səbəb var. Birincisi, elita situsasiyanın sabitsizləşməsində maraqlı deyil, çünki bunun nəticəsində sərvətini itirə bilər. İkincisi, ölkə əhalisi çox güman gözləmə mövqeyi tutacaq və hakimiyyətin qərarlarını gözləyəcək. Odur ki, qarşıdan gələn iki ildə əhalinin hakimiyyətdən böyük gözləntiləri olacaq. Üçüncüsü, xarici aləmdir. Nə Rusiya, nə Çin, nə müsəlman ölkələri, nə Avropa və nə də Amerika Özbəkistanın əsas oyunçu olduğu Mərkəzi Asiya regionunda qeyri-sabitlik istəmirlər”.

Qonşularla münasibətlər yaxşılaşa bilər

Onun fikrincə, Özbəkistanın regional qonşularla münasibətində yaxşılaşma baş verə bilər: “Mən əminəm ki, yeni lider qonşu ölkələrlə danışıqlara getməli olacaq. Söhbət ilk növbədə su problemindən gedir. Kərimovun vaxtında bu barədə cəmiyyətdə çox az danışılırdı. SSRİ-nin dağılmasından sonra Özbəkistanın əhalisi artaraq 19 milyondan 31 milyon nəfərə çatıb. Ölkənin su ehtiyatları isə azalıb”.

Coanne Lillis deyir ki, Kərimov qonşu dövlətlərin başçıları ilə düşmən münasibətlərdə olub və xarici siyasətin gərginliyində şəxsi faktor həlledici idi: “Çox mümkündür ki, yeni lider bu vəziyyəti dəyişsin”.

Ekspertlərin fikrincə, Rusiya hazırda baş verənləri diqqətlə izləyir və regiondakı nüfuzunu saxlamağa çalışacaq: “Buna görə də Özbəkistanın növbəti prezidentinin Kremlə loyallığı Rusiyanın marağındadır. Əgər Özbəkistandakı hakimiyyət mübarizəsində İnoyatov-Mirziyayev cütlüyü qalib gəlsə, üstəlik də onların Moskva ilə sıx birliyi təsdiqlənsə, Rusiya ilə daha çox yaxınlaşmanı gözləmək olar. Bu, ilk növbədə Avrasiya İqtisadi İttifaqı kimi regional strukturlar vasitəsilə baş verəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button