Işsizlər şahiddir…

Şahvələd Cobanoğlu

Srağagün böyük bir korrupsiya faktı barədə yazmışdım. Azərbaycanın milyardlarının mənimsənildiyi bir cinayətə aid faktı ortaya qoymuşdum. Ümumi sözlər deyildi, konkret sübut idi. Azərbaycanın gömrük statistikasına görə, 2009-cu ildə Gürcüstandan ölkəmizə ümumilikdə 10,8 min ton sitrus meyvələri idxal olunub. Lakin Gürcüstanın bir hissəsi olan Acarıstan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “Acarıstan MR-da aqrar sektorun stiuativ analizi” adlı hesabatında göstərilir ki, təkcə Gürcüstanın bir inzibati ərazisindən 2009-cu ildə Azərbaycana 31,7 min ton sitrus meyvələri ixrac olunub. Bu, bizdəki rəqəmdən təxminən 3 dəfə çoxdur. Hələ Gürcüstanın başqa bölgələri də var. Göründüyü kimi, ölkəyə daxil olan malların ən azı yarıdan çoxu, bəlkə də 90 faizi rəsmiləşdirilmir və buna görə ödənilən gömrük haqqı gizlədilir.
Dünən də korrupsiya mövzusuna toxunacaqdım. Bu dəfə həmkarım Zamin Hacının rüşvətə (xəstədən əməliyyat haqqı aldığına) görə həbs edilən cərrah barədə yazdıqlarını davam etdirmək istəyirdim. Özünün bənzərsiz üslubu ilə yazan Zamin bəy sual edir: orta əmək haqqı 142 manat olan həkimlər nə ilə dolanmalıdır ki, xəstədən pul almasın? Almasın – necə işləsin, necə yaşasın? Müəllifin bu sualı iki həqiqəti ortaya çıxarır. Birincisi, əhalinin bir qismini, o cümlədən həkimləri bizim hakimiyyət dilənçi və cinayətkar kökünə salıb. Ikincisi, böyük korrupsionerlər meydan suladığı yerdə, niyə yalnız müəllimlər, həkimlər həbs edilir?
Amma mövzunu davam etdirməyə vaxt tapmadım, çünki xəbər gəldi ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı oğurlanıb. Getdik onu axtarmağa. Bəlli oldu ki, jurnalist Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Idarəsində saxlanılır, YAP-ın görkəmli deputatı Gülər Əhmədovanın şikayəti ilə ona qarşı ağır cinayət işi açılıb. Kimlərsə məhkəmə önünə getdi, mən də redaksiyadan gələn zənglə oradakı axtarışı müşahidə etməyə getdim. Gördüyüm mənzərələrdən biri idi.
Təəssüratım çox acı oldu:
– Deməli, mən və digər həmkarlarım min əziyyət çəkib korrupsiya faktları ortaya çıxarırıq, əvəzində isə bizim həmkarımızı şərləyib korrupsiyaya görə tuturlar…
Gecə evə dönəndə isə soruşdular ki, nə baş verib. Cavab verdim ki, yeni heç nə – sadəcə, bir gün məni anamın pensiyasını aldığım üçün korrupsioner kimi tuta bilərlər.
Sonra iş bloknotuma qeyd etdim: …axtarış zamanı istintaqın gətirdiyi hal şahidləri işsiz olduqlarını söylədi. “Ölkədə işsizlərin sayının sürətlə azalması” hər yerdə gözümə girir…
Əvəz Zeynallının şərləndiyi artıq sübut olunur…
Bizə hər şey aydındır. Qəzet gündəlik nəşrə başlayır. Onun tənqidçi mövqeyi və media sistemində yeri güclənir. Bu zaman ona qarşı təzyiqlər artır, redaksiyanın əmlakı yağmalanır, baş redaktora qarşı cinayət işi açılır və nəhayət ikinci bir cinayət işi ilə həbs edilir. Buradakı ardıcıllığı anlamağa nə var ki?! Hakimiyyət bu qəzetin və onun baş redaktorunun timsalında yeni baş ağrısı istəmir. Onu susdurmaq xətti işə salınır. Bunu hamı anladığı üçün elə birinci gündən əksər təşkilatlar Əvəz Zeynallının azadlığa buraxılmasını tələb edən bəyanatlar verir.
Sonuncu motiv – YAP funksioneri Gülər Əhmədovanın ərizəsi isə əslində bu planın ən dəyərli hissəsidir. Bununla YAP, yəni siyasi iqtidar baş redaktoru həbs etdirdiyini ortaya qoymuş olur.
Şikayətin əsassız olduğu isə artıq sübut olunur. Ə.Zeynallı dünən vəkilinə ittihamın saxta olduğunu bildirib: “Gülər xanım özü dəfələrlə Əvəz bəyə zəng edib. Lakin baş redaktor onun zənglərinə cavab verməyib. Belə olanda da Gülər Əhmədova başqa adamlardan, eləcə də Rauf Arifoğludan xahiş edib ki, Əvəz bəylə əlaqə saxlamasına kömək etsin. Əvəz bəy də bundan sonra onun telefonunu götürüb.”
Bu xahişlər hər şeyi aydınlığa çıxarır…

“Azadlıq” qəzeti

30.10.2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button