İstanbulun İkinci Barış Məhkəməsi üç generalla bağlı həbs qərarı verdi

sil-1.jpg

2014-cü ildə Suriyaya silah daşıyan yük maşınlarının yoxlanmasında iştirak etdiklərinə görə, Türkiyədə iki general və istefada olan bir polkovnik casusluq və terrorizm ittihamları ilə həbs ediliblər.
Ankara jandarm idarəsinin regional komandiri, general-mayor İbrahim Aydın, Adana jandarm idarəsinin keçmiş regional komandiri, briqada generalı Hamza Celepoğlu və jandarm idarəsinin kriminal laboratoriyasının keçmiş rəhbəri, polkovnik Burhanettin Cihangiroğlu keçən şənbə saxlanaraq, İstanbul məhkəməsinə veriliblər.
İstanbulun İkinci Barış Məhkəməsi bazar ertəsi hər üç şəxs haqda həbs qərarı çıxarıb.
Aydın və Cihangiroğluna qarşı “gizli məlumatın siyasi və hərbi casusluq məqsədilə əldə edilməsi, dövlət təhlükəsizliyinə aidiyyəti olan gizli məlumatın casusluq məqsədilə açıqlanması, Türkiyə Cümhuriyyəti hökumətini dağıtmağa, yaxud fəaliyyətini əngəlləməyə cəhd, habelə terrorçu təşkilatın yaradılması və idarə edilməsi” ittihamları irəli sürülüb.
Celepoğluna qarşı isə yalnıız son iki ittiham irəli sürülüb.
Bu şəxslər Suriyaya gedən yük maşınlarının yoxlanmasına görə həbs ediliblər. Sözügedən yük maşınlarının silah daşıdğı bildirilir. Axtarış zamanı həmin maşınların Milli Kəşfiyyat Təşkilatına (MİT) məxsus olduğu aşkar edilib.
Maşınlar kimə yük daşıyıb?
İlk belə yoxlamanın 2014-cü il, yanvarın 1-də Hatayda həyata keçirildiyi və daha sonra eyni ayda daha üç yük maşınının yoxlandığı bildirilir.
Həmin vaxt baş nazir olan Rəcəb Tayyib Ərdoğan axtarış barədə məlumat ictimailəşəndən sonra bir TV proqramında bildirmişdi ki, həmin maşınlar Suriya türkmənləri üçün yardım daşıyırdı. O, xüsusən də yük maşınlarında aparılan axtarışın videoya çəkilməsini tələb edən prokurora qəzəblənmiş və bu axtarışı “xəyanət” adlandırmışdı.
O zaman xarici işlər naziri olan Əhməd Davudoğlu da maşınlardakı yükün özlərini müdafiə etməli olan Suriya türkmənlərinə göndərilən humanitar yardım olduğunu demişdi. Lakin Suriya Türkmən Birliyinin sədr müavini Hüseyn əl-Abdullah 2014-cü ilin yanvarında Türkiyədən onlara heç bir yük maşını gəlmədiyini demişdi.
Jurnalistlərə qarşı casusluq ittihamı
Can Dündar
Gündəlik “Cümhuriyyət” qəzetinin iki jurnalisti – baş redaktor Can Dündar və Ankara nümayəndəsi Erdem Gül keçən həftə yük maşınlarının hökumətin dediyi kimi, humanitar yardım deyil, məhz silah daşıdığını göstərən görüntülər dərc etdiklərinə görə həbs ediliblər. Ərdoğanın özü ictimaiyyət qarşısında bu xəbərin Dündara “baha başa gələcəyini” bəyan edib. O, bununla da kifayətlənməyib, C.Dündarı şəxsən məhkəməyə verib və ona ömürlük həbs cəzası və əlavə 42 il iş verilməsini istəyib. Onlara qarşı casusluqdan tutmuş hökuməti devirmək və gizli məlumatın açıqlanmasına qədər bir çox ittiham irəli sürülüb.
Adıçəkilən generallar bu iş üzrə həbs edilən yeganə hüquq-mühafizə işçiləri deyil. Artıq beş prokurora ömürlük həbs cəzası verilməsi barədə ittiham aktı təsdiq edilib. Onların işinə Ali Apelyasiya Məhkəməsi baxır, çünki o, Türkiyədə hakimləri və prokurorları dindirə bilən yeganə dövlət qurumudur.
Generalların həbsində İran izi
“Al-Jazeera Turk” saytı isə xəbər verib ki, adıçəkilən iki general İranın dəstəklədiyi xəfiyyə şəbəkəsi olan “Tavhid Salam”ın işi üzrə dindirilən, şərti adı “Alparslan” olan bir anonim şahidin ifadəsi əsasında həbs edilib.
Alparslan “Tavhid Salam”la bağlı ifadəsində deyib ki, yük maşınlarının yoxlanmasından əvvəl generallar iclas keçirərək bu işi planlaşdırıblar və “Suriyanın daxilindəki terrorçu qruplaşmalara sulah ötürülməsinə göz yuma bilməyəcəklərini” deyiblər.
Generallar məhkəməyə yük maşınlarının kimə məxsus olduğunu və yükün nədən ibarət olduğunu bilmədiklərini demişdilər. azadlıq.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button