“İstehlak kreditləşməsini qadağan etməkdənsə,…” –Ekspertdən yeni təkliflər

samir eliyev-1

“Yeni fəaliyyətə başlamış Maliyyə Bazarlarına Nəzarət Palatası tənzimləmə “silahını” ilk olaraq kredit təşkilatlarına, o cümlədən banklara yönəltdi. Palata aprelin 5-dən etibarən, 1 ay müddətinə əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsini qadağan etdi. Rusiya, Belorus, Qazaxstan və Qırğızıstan kimi ölkələrdə xarici valyuta kreditlərinə tətbiq edilən müxtəlif formal qadağalardan sonra Azərbaycanda da analoji addımın atılması gözlənilən idi”.

Strateq.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı-ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, palatanın bu addımı anlaşılandır:

“Faktiki olaraq ölkədə manat kreditləşməsi dayanmış vəziyyətdədir. Əhali krediti manatla götürmək istəyir, banklar isə dollarla təklif edir. Təsadüfi deyil ki, bu ilin yanvar-fevral aylarında ölkə üzrə milli valyutada kredit qoyuluşunun həcmi 909 milyon manat azalıb. Bu azalmanın 665 milyon manatı istehlak kreditlərinin payına düşür. Azalmanın mart ayında da davam edəcəyi istisna deyil. Palata da öz növbəsində bir ay müddətində bazarı təhlil edib qərar verəcək: qadağa ya davam edəcək, ya da götürüləcək

Palatanın bu addımı əhalinin manata əlçatanlığının artırılmasına yönəlik olsa da, bir sıra fəsadlara yol aça bilər. Hər bir halda iqtisadi alətlər kənarda qalıb və yenə güc inzibati metodlara verilib.

Palatanın açıqlamasından məlum oldu ki, qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə, hətta restrukturizasiya olunmuşlara da şamil edilir. Yəni banklar bir ay müddətində kreditləri restrukturizasiyasına qadağanın tətbiqindən gedir. Çünki restrukturizasiya olunmuş kreditlərə qadağa nəinki banklara, hətta əhaliyə də problemlər yarada bilər. İki hissəli devalvasiyadan sonra manat iki dəfəyədək ucuzlaşıb və dollar krediti götürən müştərilərin aylıq ödənişi də müvafiq olaraq 2 dəfə artıb. Bu, təbii olaraq onun ödəmə qabiliyyətini pisləşdirib. Hökumətdən hələki heç bir dəstək yoxdur və problemin həllini bankların üstünə atıb. Banklar kifayət etməsə də, müəyyən təşəbbüslər göstərirlər. Kreditlərin illik faiz dərəcələrini bir neçə faiz bəndi aşağı salırlar və aylıq ödənişi azaltmaq məqsədilə kreditin müddətini uzadırlar. Bütün bunlar müştərinin itirdiyini kompensasiya etmir, sadəcə müştəri zaman qazanır. Bu güzəşt üçünsə dollar kreditlərinin restrukturizasiyası tələb olunur. Palatanın qadağasından sonra kredit təşkilatları ən azı bir ay valyuta kreditləri şərtlərini yumşaltmaq hüquqlarını itirəcəklər. Nəticədə problemli kreditlərin həcmi artacaq, müştərinin isə kredit tarixçəsi pisləşəcək, cərimələri artacaq”.

Samir Əliyevin sözlərinə görə, digər narahatçılıq dollar kreditlərinin manata çevrilməsi ilə bağlıdır. Belə ki, bəzi banklar təşəbbüs göstərərək dollar kreditlərini manata çevirdilər ki, məzənnə dəyişməsi müştərinin ödəmə qabiliyyətinə problem yaratmasın. Palatanın qadağası, həm də belə təşəbbüslərin ən azı bir ay qadağan edilməsi deməkdir:

“Kredit kart sahibləri bağlı da narahatçılıqlar var. Xarici valyutada olan ödəniş kartları üzrə kreditləşmənin təxmini orta aylıq həcmi 20 milyon manatdan çoxdur. Həmin kart müştərilərinin müəyyən hissəsi hesablaşmaları istər internet üzərindən, istərsə də xarici ölkələrdə məhz xarici valyutada (dollar, avro) aparırlar və onlara manatla ödəniş etmək sərf etmir. Bu qadağa faktiki olaraq onların işini çətinləşdirəcək.

Ümumən götürəndə isə Palata xarici valyutadan istehlak kreditləşməsini QADAĞAN ETMƏK əvəzinə, ona MƏHDUDİYYƏT tətbiq etsə, daha səmərəli addım olardı. Valyuta kreditlərinin verilməsinə qoyulan məhdudiyyətlərin nədən ibarət olması barədə təklifləri əvvəllər səsləndirmişik. İstənilən halda məhdudiyyətlər müvəqqəti xarakter daşımalıdır”.

İqtisadçı-ekspert bildirib ki, palatanın istehlak kreditlərinə valyuta qadağasının bank sektoruna təsiri qısamüddətli və uzunmüddətli olacaq:

“Qadağa bir aydan sonra ləğv edilərsə, ciddi neqativ təsir müşahidə edilməyəcək. Banklar yəqin ki Palatanın bu qərarına istehlak kreditləşməsini məhdudlaşdırmaqla cavab verəcəklər. Qadağa davam edərsə, bu halda neqativ təsirlər də çox olacaq. Restrukturizasiyanın mümkünsüzlüyü problemli kreditlərin həcmini artıracaq. Əmanət bazarında xarici valyutada olan əmanətlərin faiz dərəcəsi daha da aşağı düşəcək və bununla da əmanətlərin cəlbediciliyi azalacaq. Bir sıra istehlak kreditlərinin “təyinatı” dəyişdirilərək qadağanın çərçivəsindən çıxarılacaq. Banklar əllərindəki məhdud manat kütləsini daha ağır şərtlərlə kreditə yönəltmək məcburiyyətində qalacaqlar.

Bütün bunlar da bankların maliyyə dayanıqlığına mənfi təsir göstərəcək. Bankların valyuta mövqeyi pozulacaq. Bu isə manatın ucuzlaşması fonunda bankları iflic edə bilər”.

Bu və ya digər məqamları da nəzərə alan Samir Əliyev deyir ki, Palata Mərkəzi Bankla birgə bir sıra addımları atmalıdır:

“- İstehlak kreditlərinin illik faiz dərəcələri üçün tətbiq edilən 29%-lik tavanın ləğvi;

– Xarici valyutada istehlak kreditlərinin verilməsinə qadağanı ancaq xarici valyutada gəlirləri olmayan müştərilərə münasibətdə tətbiqi;

– Qadağanın ancaq ölkə daxilində istifadə edilən kredit kartlarına şamil edilməsi

Mərkəzi Bank isə öz növbəsində bankları manat ilə təmin etməlidir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button