İstibdadda mitinq-TƏƏSSÜRAT

Əvəz Zeynallı

 

Bu günün mitinqindən və oraya gələn insanların sayından danışmaq istəmirəm. Bir çox səbəbləri var, ona görə. Həm obyektiv səbəblər, həm də subyektiv səbəblər. Bir şeyi deməklə kifayətlənəcəyəm – ötən mitinqdən az idi adam – mən elə düşünürəm.
Amma başqa səbəblər var ki, o səbəblərdən mütləq danışmaq lazım, hətta vacibdir. Hakimiyyət bütün gücü ilə mitinqə gələnlərin üzərinə gedir. Dünya tarixində mislinə rastlamadığımız bir olay baş verir – bir hakimiyyət buradan mitinqə icazə verir, oradan mitinqə gəlməyi de-fakto qadağan edir. “Məhsul” meydanının 4 tərəfində üzoxuyan kameralar quraşdırılıb. İnsanları mitinqdən əvvəl və mitinqdən sonra polis və prokuraturaya çağırır, onları niyə mitinqə getdiklərinə görə sorğu-sual edir, onlara qadağa qoyur, onlara hədə-qorxu gəlirlər. Paradoksdur – həm icazə verir, həm də icazə verdikləri mitingə gələnləri qorxudur, çəkindirmək istəyirlər. Ölkə rəhbərliyi vətəndaşa belə deyir: “Mən icazə versəm də, sən mitinqə getmə, çünki mən istəmirəm!” Polislər qırğı kimi xalqın üstünə daraşır, onlarla adama inzibati cəza verilir, 100-lərlə adam qorxudulur. Bu, azmış kimi mitinqə bir gün qalmış inhisarlarında olan sayt və qəzetlər vasitəsilə mitinqin təxirə salındığı haqqında dezinformasiyalar yayır və millətə yalandan xəbər sırıyırlar. Yeri gəlmişkən, yalan informasiyalardan birində və hətta bizi – xural.com-u da işə qarışdırmaq təşəbbüsləri olub, guya mitinqin təxirə salınma xəbərini biz də vermişik. Halbuki mövzusu belə gedə bilməz. Qısası, tarixinin heç bir zamanında Azərbaycan bu qədər qorxudulmaq istənilməyib. Əsl istibdaddır!

Bu istibdad dövründə bugünkü qədər adamın meydanlara axışması böyük hadisədir. Bu qədər zülüm-zillətin içində hələ minlərlə insan ayaqdadırsa, bu, bir millətin şərəfidir. O baxımdan, məhz bu mitinqdə say önəmli deyidi, əsas önəmli olan insanların – minlərlə insanın meydana axışması idi. Bəzi tədbirlər görülsə, bütün cinahlarla işlənilsə, ayın 28-dəki mitinq daha yaxşı olmalıdır…
Bu gün çıxışlar da sərrast, dəqiq, cəsarətli idi. Əli Kərimli bəlkə də bir az daxili qəzəb hissi keçirirdi, bəlkə ona görə idi ki, çıxışı sərt və əvvəlkilərdən fərqli olaraq daha yaxşı idi. Cəmil Həsənli xüsusilə yaxşı hazırlaşmışdı və çıxışı xırda istisnalarla əla idi. Günün ən parlaq çıxışını Zümrüd Yağmur etdi və onun daha yaxşı hazırlaşdığı göz qabağında idi. Ən doğru qərar ənənəvi çıxışçıların çıxış etməmələri oldu. Az adam və mənalı çıxışlar daha yaxşıdır – məncə…
Cəmil Həsənli ovqat.com saytının baş redaktoru Heyder Oguz-u mitinqə çıxışa dəvət etmiş, Heydər Oğuz da çıxış edəcəyini bildirmişdi. Təəssüf edirəm ki, Heydər Oğuz bu gün meydanda olmadı və təbii ki, çıxış etmədi. Mən hətta onun aparıcı olmasını istəyərdim. Bu gün Heydər Oğuz da çıxış etsəydi, mitinqə daha çox məna qatılardı. Bütün hallarda insanlar az olsa da, bu gün daha hərəkətli çıxışlar oldu.
Bu günün musiqi seçimi çox xoşuma gəldi. Yerində və əyarında mahnı-marşlar seçilmişdi. Ümid edirəm ki, 28-də daha yaxşı olacaq, amma könül çox istərdi ki, mitinqin təşkilatçıları ayın 21-də Müsavat Partiyasının keçirəcəyi yürüş-mitinqə də dəstəklərini ifadə edəydilər. Etmədilər…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button