Jurnalist Əfqan Sadıqovun səhhəti pisləşib

Baş redaktor Əfqan Sadıqov

”Əfqanı məhbuslar öz üsulları ilə müalicə edir”

2,5 il azadlıqdan məhrum edilən jurnalist Əfqan Sadıqovun səhhətində problem yaşanır.

Bu barədə məhbus jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, Əfqan Sadıqovun vəziyyəti getdikcə lap pisləşir, ayaqları şişib, ürək ağrılari və təzyiq artır. Onu müalicə etmirlər:

“Əfqanı məhbuslar öz üsulları ilə müalicə edir”.

Sevinc Sadıqova xatırladıb ki, həyat yoldaşının mayın 1-də məhkəməsi keçiriləcək:

“Vəziyyətinin ağır olmasına baxmayaraq, müalicə yerinə məhkəməyə aparmağa hazırlaşırlar”.

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanıb. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İttiham Cəlilabad Rayon İcra Hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Cəlilabad Rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi “siyasi məhbus” siyahısına daxil edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button