Jurnalist Fikrət Hüseynli Niderlanda dönüb

Jurnalist Fikrət Hüseynli

Bu barədə jurnalist özü məlumat yayıb

2017-ci il oktyabrın 14-də Ukraynada saxlanılan jurnalist Fikrət Hüseynli aprelin 17-də Niderlanda qayıdıb.

Bu barədə jurnalist Fikrət Hüseynli özü məlumat yayıb. Artıq Niderlandda olduğunu bildirib.

Aprelin 2-də Kiyevin Piçerski Rayon Məhkəməsi jurnalist Fikrət Hüseynlinin ekstradisiyası ilə bağlı Kiyev Vilayət Prokurorluğunun yoxlamasının dayandırılması və jurnalistin pasportunun qaytarılması barədə qərar qəbul etmişdi.

Məhkəmə F.Hüseynlinin Ukraynanı tərk etməsinə icazə vermişdi.

F.Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnterpol xətti ilə sorğusu əsasında saxlanılmışdı. Azərbaycanda o, dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə F.Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu F.Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukraynanın baş prokuroru Yuri Lutsenkoya jurnalist F. Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada F. Hüseynli və M.Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist F. Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Prokurorluğun müraciəti əsasında məhkəmə jurnalistin sənədlərinin ekstradisiya ilə bağlı yoxlanılması üçün prokurorluğa dəfələrlə vaxt verib. Nəhayət, son məhkəmə iclası aprelin 2-də olub və prokurorluğun səndələrin ekstradisiya üçün yoxlanılmasına son verilməsi qərarını qəbul edib.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq- müdafiə təşkilatları F. Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button