Jurnalist Rasim Əliyevi öldürənlərin kassasiya şikayəti təmin olunmadı

Ali Məhkəmədə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin kassasiya şikayətlərinə baxılıb.

 Məhkəmə şikayətləri təmin etməyib. Qeyd edək ki, həmin şəxslərin apellyasiya şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı onların vəkilləri iclasın istintaqla aparılması barədə vəsatət veriblər. Lakin həmin vəsatət məhkəmə tərəfindən təmin edilməyib. Buna görə də vəkillər Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verərək iclasın istintaqla aparılmasını istəyiblər.(APA)

 Jurnalist Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. O, xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Səbail rayon Məhkəməsinin mayın 31-də çıxardığı hökmlə C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button