Jurnalist tutduran Rizvan Əliyev işdən çıxarıldı…

Dövlət Əmək Müfəttişliyinin yeni rəisi Rauf Tağıyev kimdir?

Uzun zamandır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək rütbəli məmurları arasında ciddi qarşıdurma mövcuddur. Bu qarşıdurmanın mövcud olmaslında isə hər kəsdən çox nazir Füzuli Ələkbərov maraqlıdır. Nazir Ələkbərov öz müavinləri və idarə rəisləri arasında narazılıq yaratmaqla onları daha rahat idarə edəcəyini düşünür. Lakin son günlər bir-birindən narazı qüvvələr nazirlikdəki korrupsiya faktlarını mətbuata ötürməklə Ələkbərov üçün ciddi problem yaradırlar. Buna görə də nazir Füzuli Ələkbərov bəzi kadrları işdən çıxartmağa məcbur olub. Bəzilərinin isə vəzifələrin dəyişib. İki gün bundan əvvəl Ələkbərova yaxınlığı ilə tanınan və vaxtilə onun biznes ortağı olmuş nazirliyin aparat rəhbəri Rizvan Əliyev və onun müavini Ağacan Əhmədov tutduqları vəzifələrdən uzaqlaşdırılıblar. Rizvan Əliyevin rəqibləri naziri inandıra biliblər ki, mətbuata ötürülən məlumatların arxasında aparat rəhbəri dayanır. Həm də naziri inandırıblar ki, Rizvan Əliyev vaxtilə onun haqqında “Bizim Yol” qəzetinin əməkdaşı Müşviq Hüseynova məlumat ötürənlərdən bu yolla qisas alır. Füzuli Ələkbərov aparat rəhbəri vəzifəsinə beynəlxalq şöbənin müdiri Elnur Sultanov, onun müavini vəzifəsinə isə mətbuat xidmətinin rəhbəri Elnur Kələntərlini təyin edib. Bundan başqa , kadrlar şöbəsinin müdiri Əfiqə Hüseynova hüquq şöbəsinə müdir, onun yerinə isə Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü təyin olunub. Füzuli Ələkbərovun gözlənilməz addımlarından biri də Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyevin Dövlət Əmək Müfəttişliyinə rəis təyin edilməsi ilə bağlıdır.

Rauf Tağıyev uzun illər Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyində təmsil olunmuş şəxsdir və keçmiş nazir Əli Nağıyevin tələbə yoldaşı olub. Rauf Tağıyev nazirliyə Əli Nağıyev tərəfindən gətirilib. O zamanlar Əli Nağıyev müxalifətlə münasibətlərini normallaşdırmaq üçün Rauf Tağıyevi öz yanına aparıb. Çünki Rauf Tağıyevin AMİP sədri Etibar Məmmədovla çox yaxın münasibətləri olub. Dövlət Əmək Müfəttişliyinin yeni rəisi ilə AMİP liderinin yenə də yaxın münasibətlərinin olduğu söylənilir. Keçmiş müxalifətçi və eks-nazirin kadrını irəli çəkməklə Füzuli Ələkbərov sələfi Əli Nağıyev kimi müxalifətlə münasibət yaratmaq istəyir. Maraqlı məqamlardan biri də odur ki, Füzuli Ələkbərov nazir postunda otursa da, bu günə qədər Yeni Azərbaycan Partiyasına üzv olmayıb.

İntizar

Redaksiyadan:
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button