Jurnalistlərə ev verilməlidirmi? – Elxan Şükürlü yazır

Jurnalistlərə yeni mənzillərin paylanılması vaxtı açıqlanandan sonra sosial şəbəkələrdə qızğın müzakirələr başlayıb. Mənzillərin kimlərə verilməsi, bölgünün necə aparılması və s.-lə bağlı kifayət qədər maraqlı yanaşmalar, versiyalar, təkliflər var. Bir qrup insanlar isə ümumiyyətlə, jurnalistlərə ev verilməsinin tərəfdarı deyil. Bu qənaətdə olanların fikrincə, jurnalistə ev verilməsi onların hökumət tərəfindən ələalınmasıdır.
 
Müzakirələrə qoşulan “Strateq” saytının rəhbəri, tanınmış jurnalist Elxan Şükürlü maraqlı şərh yazıb. Məsələnin aktuallığını nəzərə alıb həmin şərhi təqdim edirik:  
Mən, istənilən halda dövlətin öz vətəndaşına sahib çıxmasının və peşəsindən asılı olmayaraq, hər kəsin də pulsuz mənzillə təmin edilməsinin tərəfdarıyam…
Hə, o başqa məsələ ki, hökumət jurnalistlərə niyə belə həssaslıqla yanaşır?!
Bu sualla bağlı sosial şəbəkələrdə günlərdir yazılan şərhləri, statusları oxudum. Məncə, məsələnin gerçək mahiyyəti qalır bir kənarda, mövzuya daha çox şəxsi və siyasi maraqlar çərçivəsindən yanaşılır. Bir işə isə maraq qarışdısa, orada ədalət aradan qalxar…
Mən o qənaətlə razı deyiləm ki, dövlətin jurnalistlərə ev verməsi rüşvətdir, ələalmadır və yaxud azad medianın boğulmasıdır… Bu məntiqlə yanaşılsa, gərək, mənzillərin hamısı hökumət əleyhdarlarına, müxalif yazarlara paylansın… Halbuki, bu halı müşahidə etmirik… Həm də biz bu yanaşma ilə ötən dəfə mənzil almış və yaxud da bu dəfə alacaq xeyli dəyərli jurnalistimizə bəribaşdan bir yarlıq yapışdırırq ki, onların da qalxıb bu ittihamları irəli sürənlərə daha çox irad bildirmək haqları var…
Məncə, mənzillərin verilməsinə daha çox “xidmətin dəyərləndirilməsi” və strateji bir sahənin kənar təsirlərə düşməməsi üçün dövlətin “öz kontroluna” alma siyasəti kimi baxmaq lazımdır və bu da normal haldır. Necə ki hakimiyyəti söyənlərin xidməti onun əleyhinə olan xarici-daxili qüvvələr tərəfindən rəsmi və qeyri-rəsmi yollarla dəyərləndirilir, eyni məntiqlə bu siyasətə qarşı hakimiyyəti öyənlərin də mükafatlandırılması təbii qarşlanmalıdır…
Ancaq ortada böyük bir təbəqə də var ki, hər hansı cinahda yer almayıb: ipləri xaricin əlində deyil ki, hər cür təminat və zəmanət altında rahatca hakimiyyətin üzərinə gedə bilsinlər; ədalətsiz siyasət yürüdülməsinə görə hakimiyyəti də yerli-yersiz tərifləyənlər sırasında deyillər ki, hansısa imtiyaz sahibi olsunlar, mükafatlandırılsınlar… Öz dövlətini sevən və onun daha yaxşı olmasını istəyən, öz abrını-həyasını qoruyaraq çalışan, nəfsinə-tamahına yox deyə bilən, fəaliyyətində şantajdan, reketçilikdən, oğurluqdan uzaq duran xeyli qabiliyyətli jurnalistimiz var ki, dövlət, həqiqətən, onlara sahib çıxmalı, ən azından, ehtiyacdan gedib məcburən xarici təsirə düşməmələri üçün tədbirlər görməlidir. İndi jurnalistika dünyada ən güclü silah – Ordutək önəmli və hətta bir çox hallarda ondan da güclü strateji sahə sayılır. Bu silahdan kim düzgün yararlanarsa, o udar. İnformasiya savaşını ağılla aparan dövlət bir güllə atmadan ölkələr fəth edər, hakimiyyətlər qurar, hakimiyyətlər yıxar…
Əgər müharibə şəraitində olan Azərbaycanda jurnalistikanın bu əhəmiyyətini anlayıb ona belə diqqət yetirməyi gərəkli sayırlarsa, lap yaxşı, bunu pisləmək yox, təqdir etmək lazım…
Sadəcə, bu məsələdə ictimai diqqət və qınaq daha çox ona fokuslanmalıdır ki, mənzillər ədalətsiz yollarla bölüşdürülməsin, kimlərsə dövlətin bu gərəkli siyasətini şəxsi maraqlarının təmini vasitəsinə çevirməsinlər…
Əslində Azərbaycanda mənzilə haqqı, ehtiyacı və ölkəyə faydası ola biləcək jurnalistlərimizin sayı elə də çox deyil… Sadəcə, vicdanla və diqqətlə, qısası, Allahı başının üzərində görməklə seçim aparmaq gərəkdir!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button