Jurnalistlər Rasim Əliyevlə bağlı bəyanat yaydı

dddd
“Qətlin istintaqını Prezidentin nəzarətə götürməsi bəzi dairələri narahat edir”
Bir qrup jurnalist döyülərək xəstəxanaya yerləşdirildikdən dünyasını dəyişən reportyor Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda indiyədək Azərbaycanda baş verən jurnalist qətllərinin üstünün açılmamasından təəsüf hissi qeyd olunur. Vurğulanır ki, digər hadisələrdən fərqli olaraq, Rasimin döyülməsinin video görüntüləri, telefon danışıqları, mesajları var və məsələ yetərincə aydındır. Mərhumun dünyasını dəyişmədən öncə verdiyi son video müsahibələr də qatillərin cəzalandırılması üçün yetərli dəlildir.
Amma təəssüf ki, biz bu qədər aydın məsələdə suyun bulandırılmağa çalışıldığını, hədəfin israrla Cavid Hüseynovun üzərindən yayındırıldığını görürük. Hətta bəzi “həmkarlarımız” da onun zaminə buraxılması üçün müraciət ünvanlayıblar. Həm də demokratik hüquqi dövlətdə həbs qətimkan tədbirinin dəyişdirilməsinə məsul olan məhkəmələrə deyil, məhz Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər. Görünür Rasim Əliyevin qətlinin istintaqının Prezident tərəfindən nəzarətə götürülməsi bəzi dairələri narahat edir və onların sifarişi ilə hərəkət edənlər bir insanın faciəsi üzərindən oyun oynamağa davam edirlər. Yoxsa Cavid Hüseynovun şəhid atasına hörmət edənlər, yeganə oğlan övladını “harınlamış təpiklərə” qurban verən Rasim Əliyevin ata-anasına niyə hörmət eləməsinlər ki? Yaxşı futbolçunun karyerasını düşünənlər, yaxşı bir jurnalistin, tərbiyəli və nümunəvi bir vətəndaşın arxada gözü yaşlı nişanlısını qoyaraq gənc yaşında dünyasını dəyişməsindən niyə narahat olmasınlar?” – deyə bəyanatda qeyd edilir.
Jurnalistlər sonda Rasim Əliyevin qətlində günahkar olanlara, istintaq orqanlarına və istintaqı şəxsən nəzarətə götürmüş Prezidentə müraciət edərək, jurnalistin ölümü üzərindən oynanan oyunlardan narahatlıqlarını bildiriblər.
“Tez bir zamanda Rasim Əliyevin döyülməsində iştirak edənlərin, xəstəxanada səhlənkarlığa yol vermiş həkimlərin, Rasim Əliyevin müraciətlərinə baxmayaraq hadisəyə hüquqi qiymət vermək üçün gec gələn hüquq mühafizə orqanlarının əməkdaşlarının müəyyənləşdirilməsini və cəzalandırılmasını tələb edirik. Biz jurnalistlər olaraq da məsələnin gündəmdən düşməməsi, hədəfin yayındırılmaması üçün əlimizdən gələni edəcəyik” – deyə bəyanatda bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button