Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Mətbuata hücumlar – 2011” adlı illik hesabatını açıqlayıb

“Azadlıq” radiosunun məlumatına görə, hesabatın Azərbaycana aid bölməsində deyilir ki, uydurma ittihamla həbs olunan jurnalist Eynulla Fətullayev 4 ildən sonra azadlığa çıxıb. O, Avropa İnsan Hüquqları Məhkəməsinin tələbindən sonra azadlığa buraxılıb.

Hesabatda bildirilir ki, həssas mövzuları işıqlandıran azərbaycanlı jurnalistlərə hücumlar cəzasız qalır. İslam və hökumət haqqında tənqidi yazılar yazdığına görə Rafiq Tağı küçədə hücuma məruz qalıb və aldığı bıçaq yarasından ölüb.

Daha sonra hesabatda “Azadlıq” qəzetinin əməkdaşları Ramin Deko və Seymur Həziyevin yazın əvvəlində döyüldüyü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ilin sonunda əsassız ittihamla həbs olunduğu vurğulanır. Bildirilir ki, insan haqlarına dair sənədli film çəkən İsveç televiziyasının əməkdaşları ölkədən çıxarılıb, erməni mənşəli olduğuna görə bir fotomüxbir ölkəyə buraxılmayıb.

Hesabatda amerikalı jurnalist Amanda Eriksonun və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun britaniyalı əməkdaşı Culiya Devisin iyunda Bakıda hücuma məruz qaldığı, sentyabrda jurnalisti İdrak Abbasovun evinə hücum olduğu qeyd edilir.

Hesabatda dünyadakı vəziyyət haqda deyilir ki, Pakistan jurnalistlər üçün ən təhlükəli yerdir. Burda 2011-ci ildə 7 jurnalist öldürülüb. İl ərzində Liviyada 5, İraqda da 5 jurnalist öldürülüb. Ümumilikdə 2011-ci ildə dünyada 46 jurnalist həlak olub.

2011-ci ildə tutulan jurnalistlərin sayı isə 179 nəfərdir. Ən çox jurnalist İranda tutulub – 42 nəfər. Özbəkistanda 5 jurnalist həbsdədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button