Jurnalistlərin ev qalmaqalı başladı: Elnur Məhərrəmli od püskürdü

AzPolitika.info-nun baş redaktoru Elnur Məhərrəmli ev siyahısının iç üzünü açdı: “İddiaçılar arasından kriteriya-şərtlərə cavab verməyənləri, o cümlədən katibə, masajçı, məşuq-məşuqə, sürücü, bacıoğlu, dayıqızı, baldızları çıxandan sonra ortada qalan sənədlər əsasında 256 layiqli jurnalistə ev vermək məsələsində əməlli-başlı çətinlik yaranıb”.

 

Prezident Administrasiyasında jurnalistlərə ev bölgüsü ilə bağlı siyahının tutulması prosesi yekunlaşmaq üzrədir. “AzPolitika.info”ya daxil olan məlumata görə, 2 gün əvvəl komissiyaya təqdim olunan sənədlərin araşdırılması işi başa çatıb və ev alacaq 256 jurnalistin siyahısı formalaşıb. Siyahı bu gün-sabahda Prezident İlham Əliyevə təqdim olunacaq.

Bizə daxil olan məlumata görə, son iclasda bu qərara gəlinib ki, mənzil bölgüsü ilə bağlı yaradılmış komissiyanın élan etdiyi kriteriya-şərtlər heç bir halda POZULA BİLMƏZ!Siyahı, məhz élan olunmuş şərtlərə tam cavab verən jurnalistlərin adları daxil edilərək tutulmalıdır, heç bir bənd üzrə kiməsə güzəştdən söhbət gedə bilməz!

Bu səbəbdən mənzil almaq üçün redaksiyalar tərəfindən namizədliyi irəli sürülmüş və fərdi şəkildə Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fonduna (KİVDF) müraciət etmiş 1000 nəfərə yaxın şəxsin yarıdan çoxu avtomatik olaraq müsabiqədən kənarda qalıb. Başqa sözlə, prokurorluq tərəfindən xəbərdarlıq almış (Fərqi yoxdur, əsaslı, ya əsassız-E.M), fəaliyyətə başlamasından 3 il keçməyən, barəsində məhkəmə qərarı olan KİV-lər tərəfindən namizədlikləri irəli sürülmüş, son iş yerində azı 3 il, ümumilikdə isə 10 il stajı olmayan jurnalistlər birmənalı şəkildə ev bölgüsündən kənarda saxlanılıblar.

KİMLƏR KƏNARDA QALDI?

reportt

Komissiyanın kriteriya-şərtlər məsələsində gözlənildiyinin əksinə olaraq, güzəştsiz mövqe tutması onlarla nüfuzlu KİV və jurnalisti ev bölgüsü müsabiqəsindən kənara atıb. Məsələn, bizə verilən məlumata görə, ölkənin ən nüfuzlu və təminatlı informasiya agentliklərindən olan “Report.az” ev bölgüsündə iştirak hüququndan məhrum olub. Bu agentlik tərəfindən namizədliyi irəli sürülmüş jurnalistlər, baxmayaraq ki, aralarında ehtiyacı olan, haqqı çatan qələm adamları var, ev ala bilməyəcəklər. Buna səbəb “Report”un 3 yaş şərtinə “ilişməsi” olub.

Məlum olduğu kimi, “Report.az” İnformasiya Agentliyi (saytı) 27 oktyabr 2014-cü ildə fəaliyyətə başlayıb (Aşağıda Prezident Administrasiyası tərəfindən idarə olunan saytın müvafiq xəbərinin skrinşotundan göründüyü kimi-E.M.) və onun 3 yaşının tamam olmasına hələ 4 aya yaxın zaman qalır. Buna baxmayaraq, KİVDF sənədlərin qəbulu mərhələsində élan etdiyi ŞƏRTLƏRİ POZARAQ “Report.az” İnformasiya Agentliyində mənzil bölgüsünə təqdim etmək üçün namizədlərin müəyyənləşdirilməsi iclasının keçirilməsinə etiraz etməyib və hətta orda özünün eyni vaxtda 2 nümayəndəsinin – “İki sahil” qəzetinin baş redaktoru hörmətli Vüqar Rəhimzadənin və Müşfiq Ələsgərlinin müşahidəçi kimi iştirakını təmin edib.

report

ƏLİ HƏSƏNOVDAN XƏBƏRDARLIQ!

Yəni, açıq şəkildə komissiyanın élan etdiyi kriteriyalara hörmətsizlik nümayiş etdirib. Bununla belə, yuxarıda da qeyd etdiyimiz kimi, mənzil bölgüsü ilə bağlı yaradılmış komissiyanın, Prezidentin köməkçisi Əli Həsənovun sədrliyi ilə keçirilən sonuncu iclasında şərtlərə uyğun gəlmədiyi üçün yüzlərlə jurnalist kimi, “Report.az” saytının əməkdaşları da bölgüdən kənarda saxlanılıb. Hətta məlumata görə, çox hörmətli Əli Həsənov iclasda bəyan edib ki, bölgünü élan olunan kriteriyalara uyğun aparmaq onun üçün ŞƏRƏF MƏSƏLƏSİDİR, hər kəs bunu nəzərə alsın. Prezidentin köməkçisi komissiya üzvlərinə xəbərdarlıq edib ki, heç kim kriteriyalara cavab vermədiyi halda öz yaxınına ev veriləcəyinə ümid etməsin.

eli hesenov

Yəni, üstüörtülü şəkildə mesaj verilib ki, hansısa komissiya üzü, baş redaktor, posesə təsir etmək iqtidarında olan digər mətbuat məmuru – kriteriyalara tam cavab vermədiyi halda öz oğluna, qızına, baldızına, katibə-məşuqəsinə, masajçısına, qardaşına, qardaşı-bacısı oğluna, ikinci arvadına, sürücüsünə və digər yaxınına jurnalist maskası altında ev ala biləcəyini zənn etməsin! Buna yol verməmək ŞƏRƏF MƏSƏLƏSİDİR! Çünki Prezidentin belə nəcib təşəbbüsünün üzərinə kölgə salınmasına imkan vermək olmaz!

Ən maraqlısı isə odur ki, iddiaçılar arasından kriteriya-şərtlərə cavab verməyənləri, o cümlədən katibə, masajçı, məşuq-məşuqə, sürücü, bacıoğlu, dayıqızı, baldızları çıxandan sonra ortada qalan sənədlər əsasında 256 layiqli jurnalistə ev vermək məsələsində əməlli-başlı çətinlik yaranıb.

Bu deyilənlər nə dərəcədə həyata keçəcək, bunu yaxın günlərdə görəcəyik.

Elnur Məhərrəmli
AzPolitika.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button