Jurnalistlərin VII qurultayı haqqında

Martın 10-da Bakıda ölkə jurnalistlərinin VII qurultayı açılıb. Amma qurultayın işində Azərbaycanın bütün KİV-ləri və jurnalistləri deyil, yalnız Mətbuat Şurasının üzvləri – 166 KİV və təşkilatın 241 nümayəndəsi iştirak edib.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov öz hesabatında dövlətin jurnalistlərə qayğısından danışıb və Mətbuat Şurasının faktiki olaraq hökumətyönlü siyasət apardığı barədə tənqidləri təkzib edib.

O, öz sözlərini təsdiq etmək üçün bildirib ki, həbs edilmiş jurnalistləri cəzalarının qalan hissəsindən azad etmək çağırışı ilə dövlət başçısına müraciət etmək lazımdır.

Dövlət başçısının qurultay iştirakçılarına müraciətini onun köməkçisi Əli Həsənov oxuyub. Müraciətdə deyilir ki, jurnalistlər qlobal beynəlxalq oyunçuların dövlətlərin daxili işlərinə müdaxilə etmək cəhdlərinə qarşı mübarizə aparmalıdırlar.

Əli Həsənov öz adından bildirib ki, heç kim Azərbaycan dövlətini alçalda bilməz. “Biz ordumuzla və jurnalistlərimizlə güclüyük”, deyə o bildirib.

Onun çağırışları və tövsiyələri hərəkətə keçmək göstərişi kimi səslənirdi, söz azadlığı və obyektivlik nöqteyi-nəzərdən yolverilməz idi.

Tədbirin digər iştirakçılarının çıxışları da buna bənzər olub. Məsələn, BDU-nun professoru və jurnalistika fakultəsinin keçmiş dekanı Cahangir Məmmədli jurnalistləri Azərbaycan hakimiyyətini tənqid edənlərə qarşı açıq mübarizə aparmağa çağırıb.

“Xaricdə Azərbaycanı nüfuzdan salmağa çalışan şəxslər var. Onlara üz tuturam – kiminsə diktəsi ilə hərəkət edirlərsə belə, yenə də Azərbaycana qayıdacaqlar. Mən hamını bu cür insanlara qarşı mübarizə aparmağa çağırıram. Jurnalistikamız dövlətə və onun rəmzlərinə qarşı duranlara qarşı mübarizə aparmalıdır”, deyə o bildirib.

Jurnalistlərin Qurultayı ilə bağlı şərh verən Turan agentliyinin direktoru Mehman Əliyev deyib ki, Mətbuat Şurası həmişə jurnalistlər həbs edildiyi, onlara qarşı məhkəmələr olduğu zaman və bütünlükdə mətbuata təzyiq zamanı hakimiyyətin tərəfini tutub.

Mətbuat Şurasını təsis edənlərin çoxları qurultaya dəvət edilməyib. “Bu, formal tədbirdir. Çox güman ki, iştirakçılar seçkilərdə İlham Əliyevə səs vermək çağırışı ilə çıxış edəcəklər”, deyə o qeyd edib.

Mətbuat Şurasının təsisçilərindən biri olan Arif Əliyev qeyd edib ki, o da qurultaya dəvət almayıb. O, qurultayın söz azadlığının möhkəmləndirilməsi istiqamətində hər hansı addım atacağını və ya həbs edilmiş jurnalistlərə kömək edəcəyini düşünmür. “Son 10 ildə bu qurum ümumiyyətlə bu cür məsələlərlə məşğul olmayıb, yalnız hakimiyyətin göstərişlərinin icraçısı olub”, deyə o əlavə edib.

Mətbuat Şurasının digər təsisçisi və ölkənin Jurnalistlər İttifaqının rəhbəri Elçin Şıxlı da qurultaya dəvət olunmadığını bildirib. O, qurultayın bağlanmış KİV və internet saytlarına dəstək üçün hər hansı qərar qəbul edəcəyini gözləmir.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button