Kəbinlər tək göylərdə deyil, həbsxanada da kəsilir…

Arif Əliyev
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri
Xeyli zamandır, Elçin Şıxlı məni yazmağa həvəsləndirir. Cavab verirəm ki, ha fikirləşirəm, yadıma qara-quralar, ağrılı-acılı problemlər düşür. Bəd şeylərdən çox yazanda isə adam özü bədbinliyə tutulur. Nə vaxtdır, işıqlı bir şey axtarıram («nurlu» deyərdim, amma Qulu Məhərrəmli tapşırıb ki, o sözü dilimə gətirməyim: «nurçu» sayarlar), tapa bilmirəm.
Sağ olsunlar Seymur Həzi ilə Nigar Yaqublu (avqustun 2-dən Nigar Həzi). Qaranlığa işıq saldılar. Hər ikisinin cavan yaşlarında, ağıl və istedadlarına baxmayaraq (bəlkə də elə buna görə), problemləri xirtdəkdəndir. Hətta son nəticədə bağlı qapı arxasında, həbsxana nəzarətçilərinin şahidliyi (bilmirəm, bu sözü dırnağa salım, ya belə saxlayım?) altında, cəmi bir neçə dəqiqəyə başa gələn nikah mərasimini də iki gün gözləməli oldular. Amma indi bunlar vacib deyil (razılaşdıq ki, ancaq yaxşı şeylərdən danışacağıq).
Seymurla Nigar çoxlarına xatırlatdılar ki, gözəllik, sevgi çirkabın içində də pöhrə verib qalxa bilər. Vacib olanı, bax, budur.
Çox gurultulu, ibarəli ifadələr işlətmək olar. Özü də tam səmimiyyətlə. Məsələn, bütün səddləri yardılar, keçilməz çətinlikləri aşdılar… Yoxdur! Keçilməz çətinlik yoxdur! Xəstə ruh var və bir də sağlam ruh var. Hər şeydə və hər yerdə! Vacib olanı budur ki, nə edirsənsə, sevgi ilə edəsən, sevgi naminə edəsən. Ruhun həbsxanada da sağlam qalsın.
Toy eləmək vaxtım keçib. Saçıma-saqqalıma da yaraşmaz. Yoxsa bu iki gəncin atdığı addıma dərin ehtiram əlaməti olaraq, mən də nikahdan sonra bulvara deyil, utancaqcasına «17 saylı cəzaçəkmə müəssisəsi» adlandırılan həbsxananın qabağına gedərdim, şəklimizi orada çəkdirərdim. Və təklif edərdim ki, zamanı yetişəndə həmin yerdə hər cür nifrətə, qisasa üstün gələn sevgiyə heykəl qoyulsun. Düz həbsxananın qarşısında. Amma… Bəlkə, dediyim o zaman yetişəndə artıq həbsxanalar olmayacaq?
***
Argentinalı yazıçı Xorxe Luis Borxes öz atasını «ağıllı və bütün ağıllı adamlar kimi yumşaq təbiətli insan» adlandırırdı. Bir dəfə ötən əsrin əvvəlində küçədə gəzərkən ata oğluna deyir ki, bu həbsxanalara, kazarmalara, polislərə yaxşı-yaxşı bax, çünki tezliklə onlar ləğv ediləcək, gələcəkdə uşaqlarına danışarsan. Söhbətdən təxminən yarım əsr keçəndən, atasının ölümündən sonra yazıçının bacısı həbsxanaya salınır, 70 yaşlı anası ev dustağı olur və təxminən həmin vaxtlar Borxes yazır: «təəssüf ki, mənim atam səhv edirdi».
Odur ki, təklifim qüvvəsində qalır.(ayna.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button