Karrar qəsəbəsinin sakinləri otlaq sahələrinin əllərindən alınmasına etiraz edirlər

Kürdəmir rayon Karrar qəsəbəsində otlaq sahələrinin ələ keçirilməsi cəhdinə etiraz edən bir neçə sakin fevralın 22-də rayon polis şöbəsinə çağırılıb. Bu barədə Turan görüş iştirakçılarından biri bildirib.

O deyib ki, söhbət əsasən qəsəbə sakinlərinin mal-heyvanları üçün örüş yeri olan 120 hektar sahənin kənar şəxslərin istifadəsinə verilməsi cəhdləri və bunun yolverilməzliyi ətrafında gedib.

“Amma görüşün nəticəsinin necə olacağını yaxın 3-4 gündə biləcəyik. Qəsəbə sakinləri çox narazıdır. Mal-heyvan üçün ayrılan otlaq yerləri, özü də qəsəbə sakinlərinin pay torpaqlarını, mülkiyyətində olan torpaqlarını kimlərsə ələ keçirmək istəyir. Bir daha bildiririk ki, bu, sakinlərin pay torpaqlarına aiddir, mal-heyvan üçün otlaq olsun deyə sakinlərin hər biri torpaqlıarından 8 sot məhz otlaq üçün ayırıb”, – o bildirib.

Kürdmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov isə bildirib ki, barəsində söhbət gedən torpaqlar pay torpaqları yox, bələdiyyə torpaqlarıdır, qəsəbə sakinlərinə müvəqqəti icarəçiliyə verilib.

“Həmin topaqlar 127 hektardır, bunun 44 hektarı pambıq əkilməsi üçün istifadə ediləcək. Çünki Kürdəmir rayonunda pambıq becərilməsi üçün 5030 hektar sahə əkilməlidir”, -T. Novruzov qeyd edib.

O, qəsəbə sakinlərinin həmin torpaqların pay torpaqları olması ilə bağlı dediklərini yanlış informasiya adlandırıb.

Xatırladaq ki, fevların 22-də Kürdəmir rayonu Karrar qəsəbəsinin bir qrup sakini bu torpaqların əllərindən alınmasına ediraz olaraq aksiya keçirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button