Karteri sarsıdan 444 gün – FOTOLAR

iran1Beynəlxalq münasibətlər tarixində nadir hadisə baş vermişdi. Sivil dünyada əsrlərlə hamının müqəddəs saydığı diplomatların toxunulmazılığı qaydası kobudcasına pozulmuşdu

35 il əvvəl Tehranda ABŞ səfirliyinə hücum edən radikal islamçı tələbələr 66 nəfəri girov götürdülər. Hadisə ABŞ-la İran arasında diplomatik böhrana səbəb oldu.

444 gün çəkən girov dramı ABŞ-ın uğursuz xüsusi əməliyyatından (“Qartal caynağı”), İran şahı Pza Pəhləvinin vəfatından, nəhayət, İraq-İran müharibəsinin qızışması ilə sona yetdi. İranda saxlanan 53 (onlardan 13 nəfəri əvvəl buraxılmışdı) ABŞ diplomatı və digər şəxslərin azad edilməsi 1981-ci il, yanvarın 20-nə, ABŞ-ın yeni seçilən prezidenti Ronald Reyqanın andiiçmə mərasimi ilə eyni vaxta təsadüf edirdi.
“Azadlıq” radiosu ABŞ-İran böhranının bəzi məqamlarına nəzər salmaq üçün Amerika ekspertlərinə müraciət edib.
Tehrandakı girov böhranı başlayanda ABŞ prezidenti hələ Cimmi Karter idi. Bu yaxınlarda mətbuata müsahibəsində həmin günləri xatırlayan Karter deyir: “Mənim ixtiyarımdakı silahlarla İranı yer üzündən silmək olardı. Lakin çoxlu günahsız adam, o cümlədən bizim diplomatlar da çox güman ki, həlak olacaqdılar. O zaman çoxları mənə güc tətbiq etməyi məsləhət bilsələr də mən zor işlətməkdən imtina etdim. Nəticədə Tanrı dualarımı eşitdi və girovlar sağ-salamat evlərinə döndülər”.
Diplomatların Tehranda girov saxlanmasının son mərhələsi Amerikada prezident seçkiləri kampaniyası ilə az qala paralel baş verirdi.
C.Karter əmindir ki, əgər həmin günlərdə İrana qarşı güc işlətsəydi, seçkilərdə Reyqana uduzmazdı.
“Mən siyasi karyeramı qurban verdim ki,  Amerika yüksək mənəvi-etik prinsipləri təcəssüm etdirən güclü dövlət kimi tanınsın” – deyə ABŞ-ın 39-cu prezidenti bildirir.
1979-cu il, noyabrın 1-də İslam inqilabının çılğın tərəfdarları olan tələbələr ABŞ səfirliyi qarşısında etiraz nümayişlərinə başlayır. 3 gün davam edən etirazlardan sonra onlar səfirlik binasına hücum çəkib buradakı diplomatları və digər şəxsləri girov götürəcək. Buna rəvac verən İran rejimi indiyədək diplomatların toxunulmazılığı beynəlxalq razılaşmasını ayaq altına atacaq.
Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin eksperti Edvard Latvek hesab edir ki, Tehran böhranı Vyetnam məğlubiyyətindən sonra Amerikanın hərbi-siyasi və diplomatik nüfuzunun zəifləməsinə dəlalət edirdi.
Ekspertin fikrinrcə, baş verənlər qarşısında Amerika misli görünməyən siyasi iradəsizlik nümayiş etdirdi. Çünki Tehran hadisələrinin bənzəri yox idi: “Hətta Hun tayfalarının məşhur sərkərdəsi Atilla vaxtilə ona qəsd etmək istəyən Bizans diplomatlarını bağışlamışdı. Diplomatların toxunulmazlığı kimi qədim prinsipə barbarların rəhbəri belə riayət etdiyi halda Tehrandakı inqilabi hakimiyyət onu pozmuşdu”.
Edvard Latvek əlavə edir ki, Cimmi Karter idealist idi, hesab edirdi ki, guya Amerikanın həddən artıq istinad etdiyi güc siyasəti müasir dünyada artıq öz səmərəsini itirib: “Bundan başqa, Karterin SSRİ qarşısında böyük xofu var idi, kommunist ideologiyasından çox qorxurdu. Lakin bunlar dərdin yarısı idi. Onun milli təhlükəsizlik məsələləri üzrə özünə seçdiyi müşavirin məsələlərə baxışı Karterin öz baxışları ilə birlikdə götürüləndə girov-diplomatlar böhranını doğuran səbəblərdən biri idi. Hər halda böhranın biabırcasına uzun çəkməsində bu faktın əsas rolu var idi”.
E.Latvek Zbiqnev Bjezinskini nəzərdə tutur. Deyir: “Bjezinski idealist olmasa da, Karterdən fərqli olaraq inanırdı ki, SSRİ-nin 3-cü dünya ölkələrinə ekspansiyasının qarşısını almaqda İslam rejimlərinin faydası var, ona görə də Tehrandakı ayətullahları çox sakit qəbul edirdi. Nəticədə İran teokratları həqiqətən də şahı devirməkdə müttəfiqləri olmuş İran solçularını məhv etdilər. Lakin Əfqanıstanda sovet qoşunlarına qarşı döyüşən mücahidlərə kömək etmək işinə qoşulmadılar”.
E.Latvek qeyd edir ki, özünün sülhpərvər imicinə baxmayaraq Karter 1980-ci ilin aprelində girovların azad olunması üçün xüsusi əməliyyata (“Qartal caynağı”) əmr verməsi faktı haqda susur. Ekspert xatırladır ki, əmrə imza atsa da, prezident ora çoxlu məhdudiyyətlər əlavə etmişdi. Onun fikrincə, əmrdəki “iranlıların öldürülməsinə qadağa” maddəsi elə bəri başdan əməliyyatın uğurunu şübhə altına qoyurdu.
 E.Latvek Tehran girovlarının iranlılar üçün əhəmiyyətindən də danışır. Deyir ki, bu hadisələri hələ də xatirələrində yaşadan iranlılar baş verənlərə İranın Amerika üzərində qələbəsi kimi baxır və o vaxtdan əmindirlər ki, onların qətiyyəti qarşısında Amerika mütləq geri çəkiləcək.
E.Latvek İranla-Qərb nüvə danışıqlarını misal gətitir: “İranlıların uğurdan başı gicəllənib və hələ də eyforiyadadırlar. Ölkənin bütün problemlərinin günahlarını xarici dövlətdə görmək çox asandır. Xüsusilə bu dövlət qarşısında heç bir qorxun yoxdursa…”
“Times” jurnalı Tehran hadisələri haqda yazır ki, böhran bir tərəfdən, iranlıların tarixi revanş arzusundan, digər tərəfdən isə qarşılıqlı anlaşılmazlıqdan doğurdu.
Lakin İrs Fondunun analitiki Cim Filips bu fikirlə razılaşmır və hesab edir ki, ABŞ İrana antiamerika hisslərinin alovlandırılması hesabına öz daxili problemləri həll etmək imkanı verdi.
C.Filips deyir: “Qarşılıqlı anlaşılmazlıq? Yox, mən belə deməzdim. İranlılar lap əvvəldən nə etdiklərini və ABŞ-ın buna necə reaksiya verəcəyini çox gözəl bilirdilər. Bizdə bu məsələlər haqda təsəvvürlər iranlılardan qat-qat qeyri-müəyyən idi”.
İslamçılar ABŞ səfirliyinə hücum edəndə 6 ABŞ vətəndaşı Kanada səfirliyində gizləndi. Kanadalılar risk edərək onlara saxta Kanada pasportu verdi. Həmin şəxslərin İrandan çxıarılması üzrə “Arqo” adlı xüsusi əməliyyat keçirlidi, “Qartal caynağı”ndan fərqli olaraq “Arqo” uğurla nəticələndi. Bu əməliyyatın əsasında 2012-ci ildə çəkilən “Arqo” filmi 3 nominasiyada Oskar mükafatı qazandı.
C.Filipsin fikrincə, girov böhranı ABŞ-a iki vacib dərs verdi. Birincisi, kompomislər və mövqe yumşaqlığı yalnız mövcud status-kvo vəziyyəti ilə ümumilikdə razılaşan rejimlərlə səmərə verir, qüvvələr balansını dəyişməyə can atan ölkələrlə yox…
Ekspertin fikrincə, İran inqilabın ilk günündən məhz bu sonuncu dövlətlərə aid idi: “Məsələn, indi çox az adam xatırlayır ki, ilk dəfə Tehranda bizim səfirliyin ələ keçirilməsi hələ xeyli əvvəl – 1979-cu ilin fevralında baş vermişdi. O zaman səfirlik mühafizəsinin 1 əməkdaşı oğurlananda münaqişə bir neçə saat ərzində yoluna qoyuldu. Lakin Vaşinqton hadisə ilə bağlı heç bir etiraz bildirmədi, sadəcə öz səfirini geri çağırmaqla kifayətləndi. İkinci dəfə səfirliyə hücum olanda isə Karter rəsmi şəkildə vəd etdi ki, diplomatların azad olunması üçün güc işlətməyəcək”.
C.Filipsin fikrincə, bu iki amilin böhranının aylarla uzanmasında həlledici rolu oldu. O deyir iranlılar başa düşürdülər ki, Amerika prezidenti səmimidir, onların sayıqlığını zəiflətmək üçün ikili oyun aparmır.
Noyabrın 4-də girov götürülən 13 nəfəri, əsasən afroamerikalı və qadınlar tezliklə buraxıldı. Onlardan bəzilərini mətbuatla görüşmək üçün Xomeyninin portretləri ilə bəzədilmiş səhnəyə çıxardılar. Qalan girovların sərbəst buraxılmasına hələ 1 ildən artıq vaxt lazım gələcəkdi.
Amerikanın aldığı ikinci dərsə gəldikdə isə C.Filips öz fikirlərini belə izah edir: “Biz İslam inqilabına antiamerika hisslərinin qızışdırılması hesabına özünün daxili siyasi problemlərini həll etməyə şərait yaratdıq. Dindarlar səfirliyi ələ keçirməklə belə bir məqsəd güdürdülər ki, daxildəki tənqidlərə son qoyub mütləq hakimiyyətiə sahib olsunlar. Onlar cəmyyəti vətənpərvərlərə və qeyri-vətənpərvərlərə bölməklə şahın devrilməsində iştirak edən, lakin Qərblə münasibətlərin pozulmasına qarşı çıxan müxalifəti gözdən salmaq istəyirdilər. Söhbət istər baş nazir Mehdi Bazərgan, istərsə də prezident Abülhəsən Bənisad tərəfdarlarından gedirdi.
Bu prosesə münasibətini gizlətməyən Ayətullah Xomeyni onu “ikinci inqilab” adlandırırdı. O, tez-tez deyirdi ki, ABŞ dəniz piyada qoşunlarından çox Amerikanın universitetlərindən ehtiyat edir. Qərbdən uzaqlaşmaq istəyən Xomeyni bunun üçün çox təhlükəli strategiya seçmişdi və bütün gözləntilərin ziddinə uğur qazandı. Beynəlxalq təcrid və İraqla 8 illik qanlı müharibə hesabına olsa da hər halda sonda klerikallar öz məqsədlərinə çatdılar. İslam inqilabının Vaşinqton qarşısında qaldırdığı tələblər – banklarda İran aktivlərinin bərpa olunması, İranın daxili işlərinə qarışmağa görə üzr istəmək və ölkədən qaçan şahın geri qaytarılması – bütün bunlar ancaq gözdən pərdə asmaq üçün idi və böhranın uzanmağına xidmət edirdi”.
C.Filips misal gətirir ki, ABŞ-dan fərqli olaraq Misir İran şahına daimi sığınacaq vermişdi. Lakin Tehrandakı Misir səfriliyini ələ keçirmək heç
kimin ağlına gəlmirdi.
“Yaxın Şərq forumu” Təhqiqat Mərkəzinin direktoru Daniel Pipes hadisələrə ümumilikdə Amerikadakı reaksiyadan danışır: “Həmin hadisədən əvvəl də, sonra da dünyada elə proseslər baş verirdi ki, obyektiv olaraq diplomatların girovluğundan daha böyük əhəmiyyət kəsb edirdi. Lakin girov dramının baş verdiyi təqribən 1 il yarım ərzində ABŞ mediasında ancaq Tehran mövzusu diqqət mərkəzində idi. Amerikanın məşhur ABC kanalının “Nightlight” proqramında 444 gün yalnız bir mövzudan söhbət getdi – girov böhranından.
Karter və Reyqan arasındakı seçki kampaniyasının əsas mövzusu da Tehran idi. Hələ prezident olan Karter seçki kampaniyası ilə bağlı səfərlərdən imtina edib Ağ Evdə oturmağa üstünlük verirdi. Başa düşürdü ki, onun mənəvi yüksəklik fonunda hərəkət passivliyi seçicilərin ürəyincə olmaya bilər”.
D.Pipes 1980-ci ilin aprelində, girovların azad olunması üzrə xüsusi əməliyyatın uğursuzluğu haqda xəbəri necə qarşıladığını xatırlayır: “Əməliyyat elə biabırcasına fiaskoya uğrayanda mən və dostlarım çox məyus olduq. Heç vaxt ölkəmizə görə özümüzü belə dərin təhqir olunmuş saymamışdıq”.
“Səfirliyin zəbt edilməsi indiyə qədər amerikalıların İrana münasibətində öz təsirini göstərir. Bir neçə il əvvəl 100 senatorun 100-ü də yekdilliklə İran Mərkəzi Bankına qarşı sanksiyaların lehinə səs verdi. Baxmayaraq ki, Obama administrasiyası buna şiddətli müqavimət göstərirdi, qərar lehinə 100, əleyhinə isə 0 səs topladı.
Mən Senatın belə yekdil qərarını xatırlamıram. Praqmatik olan Dövlət Departamenti son illər İrana potensial mütəffiq kimi baxırsa, daha çox əhalinin ovqatını əks etdirən Konqres İranla nüvə danışıqları ideyasına bədbin, mən deyərdim ki, hətta düşmən münasibət bəsləyir” – Daniel Pipes belə deyir.
Ekspertlərin belə bir yekdil fikri oldu ki, Cimmi Karter sadəlöhvcəsinə çoxtərəfli diplomatiyaya, beynəlxalq münasibətlərin gücünə inanırdı. Lakin beynəlxalq aləmin hadisələrə reaksiyası prezidenti dərin təəssüfünü doğurmuşdu. 6 amerikalı diplomatı gizlədən Kanada səfirliyindən və böhranda vasitəçi kimi çıxış edən Əlcəzairdən başqa dünya ölkələri hadisəyə simvolik reaksiyaya verərək Tehranin beynəlxalq normaları kobudcasına pozması faktına çox formal münasibət nümayiş etdirmişdilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button