KEÇİ HANSI QAPININ ARXASINDA İDİ

Zamin Hacı

“Yeni Musavat”

2011-11-05

Bildiyiniz kimi, yapokratiya “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallını guya deputat Gülər Əhmədovadan rüşvət istədiyi üçün tutub qazamata salıbdır. Ancaq bununla kifayətlənmək istəmirlər, dünən Zeynallının vəkili deyib ki, daha 3 nəfərdən şikayət ərizəsi alıblar – prokurorluğun rəyinə görə redaktor bunlardan da rüşvət alıbmış.

Yaxşı fürsətdir, ölkədəki bütün rüşvətxorluq cinayətlərini Əvəz Zeynallıya yükləmək lazımdır. Bundan yaxşı suç keçisi bir də haçan ələ keçər… Bəzi ehtimallara görə Əvəz bəy indiyə qədər azı 100 milyard manat rüşvət yığıbdır. Həmin pullarla iki məktəbli qızının hər birinə Dubayda villalar alıb, nefti satıb, qazı dağıdıb, ordunu pis günə salıb, artistlik üçün xalq arasına köhnə avtomobildə çıxıb və sairə. Nə qədər qohumlarını dövlət vəzifələrinə düzəltmişdi, məsələn, iki yaxın qohumu Gəncədə yol polisində işləyirdi. “Di” şəkilçisi ona görədir ki, cəsur polis nazirliyimizin rəhbərliyi Zeynallı tutulan kimi onun qohumlarını dərhal işdən qovubdur.
Bəziləri deyir, bu, açıq repressiyadır, 37-ci il metodudur, müxalif fikirli adama görə qohumlarını işdən çıxartmaq Avropa Şurası üzvü olan dövlətimizə ayıbdır və sairə. Lakin polis nazirliyinin yanaşması fərqlidir, onlar rəsmi şəkildə bəyan etdilər ki, Zeynallının həbsi ilə qohumlarının işdən çıxarılması arasında heç bir səbəb-nəticə bağlılığı yoxdur. Sitat: “Bu, tam təsadüfdür”. Yəni, polis rəhbərliyi deyir ki, redaktorun qohumlarını ayrı vaxt da işdən qova bilərdik, ancaq təsadüfən gəlib onun həbsi vaxtı qovduq. Təsadüfdə hikmətə baxın…
Ancaq mən polis nazirliyimizin, o cümlədən ümumiyyətlə yapokratiyanın təsadüfə verdiyi önəmi qiymətləndirirəm. Kainatda çox şeylər təsadüfən baş verir. İndi burda həmyerlimiz Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsinin əsasında elə təsadüflərin durduğunu yazıb başınızı ağrıtmayacağam. Bircə onu deyim ki, təsadüflər hətta riyaziyyatda ayrıca elm sahəsi olan ehtimal nəzəriyyəsində rəsmi şəkildə öyrənilir (Yeri gəlmişkən, İqtisadiyyat Universitetində rüşvət vermədiyim üçün bu axmaq fənndən imtahanda “2″ aldığımı təsadüfən burda qeyd etməliyəm). Yəni, redaktorun 2 qohumunun işdən eyni vaxtda çıxarılması doğrudan da təsadüf ola bilər. Necə ki, polis nazirinin özü bu vəzifəyə tam təsadüfən qoyulubdur. Orda hər hansı başqa şəxs də ola bilərdi. Biz təsadüfi adamların təsadüfən vəzifələri ələ keçirdib camaatı təsadüflərin ixtiyarına buraxdığı məmləkətdə yaşayırıq. Açığı, heç mən də bu mövzuda yazmaq fikrində deyildim, təsadüfən polis nazirliyinin açıqlamasını gördüm, o üzdən yazdım.
Sadəcə adamı yandıran (indiki halda Əvəz Zeynallını yandıran) odur ki, bizdə təsadüflər nədənsə ancaq xalqın zərərinə olur. Axı təsadüfən uğur da qazana bilərdik, çünki fəlsəfi yanaşsaq, uğur özü də elə təsadüfdür. 1 milyon spermatozoiddən yalnız 1-inin yumurtalığa çatması sayəsində yaranan məxluqların planetində yaşayırıq. Ehtimal nəzəriyyəsində Monti Holl paradoksu deyilən məşhur bir tapşırıq var, bu zaman 3 qapıdan 1-nin arxasına avtomobil, o birilərinin arxasına isə keçi qoyulur (Həmin paradoks hazırda bir çox dünyada tanınan teleproyektlərdə işlənilir. Məsələn, Türkiyədə “Varmısın, yokmusun” yarışması bu sistemlə qurulmuşdu). Burada avtomobilin hansı qapının arxasında olmasını ehtimal yolu ilə tapmaq tələb edilir. Bizim bədbəxtliyimiz ondadır ki, 18 ildir açdığımız bütün qapıların arxasından ancaq keçilər çıxır, heç avtomobil çıxmadı.
Keçilər çıxırlar, sonra da avtomobilə minib bizi idarə eləməyə gedirlər. Normal halda keçilər mələməlidir, ancaq təsadüfən bizdə keçilər insanları mələdir. Bu niyə belədir – deyə bilmərəm. Yuxarıda yazdım axı – “2″ almışdım…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button