Keçmiş gömrük işçisinin proqnozu doğruldu – Fərman niyə ləğv edildi?

qulu-1-1.jpg

Qulu İbrahimli

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanının 1-ci hissəsi ləğv edilib.

Xatırladaq ki, fərmanın artıq ləğv edilən 1-ci hissəsi belə idi: “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir”.

Strateq.az bildirir ki, hələ birinci fərmandan sonra vaxtilə vergi və gömrük orqanlarında çalışmış, tanınmış maliyyəçi-ekspert Qulu İbrahimli özünün facebook səhifəsində həmin fərmanın çox tələsik və yarımçıq hazırlandığını qeyd etmiş, sonradan bir qrup jurnalistlə söhbətində isə ölkə başçısına hazırlanıb təqdim edilən bu fərmanın icra mexanizminin qeyri-mümkün olacağını xüsusi vurğulamışdı.

Əlavə şərh vermədən Qulu İbrahimlinin hələ oktyabr ayında özünün facebook statusunda yazdığı qeydlərini olduğu kimi təqdim edirik: “Gömrükdə 10 000 dollar həcmində mallara güzəşt məsələsinin icra mexanizmini hazırlamaq çox çətin olacaq. Hətta müəyyən mənada qeyri-mümkün olacaq. Qərar çox tələsik və yarımçıq hazırlanıb. Tozanaq yatsaydı, kütlə psixologiyası üstümə gəlməsə, məsələyə elmi əsaslar üzərində ətraflı nəzər salmaq olar. Ümumən onu deyə bilərəm ki, aşağı və orta təbəqəyə faydası yoxdur, dövlətə vergi ödəməyi özlərinə ayıb bilən varlı təbəqə daha çox faydalanacaq.”

qulu-22.png

Məlumat üçün bildirək ki, bundan qabaq isə Qulu İbrahimli “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli Fərmanında, həmin bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı nəzərdə tutulan tədbirlərin də baş tutmayacağını ehtimal etmişdi. Q.İbrahimli o vaxt yazmışdı: “Böhran vaxtlarında çətinlikdə olan özəl bankların milliləşdirilməsi, yəni dövlət mülkiyyətinə keçirilməsi aktual olur, nəinki dövlətin payının olduğu sistem əhəmiyyətli bankın tam özəlləşdirilməsi. Böhran vaxtlarında dövlətin payı olan bank özəlləşdirilməz”.

Onu da qeyd edək ki, Strateq.az saytı Qulu İbrahimli ilə sözügedən məsələlərlə, ümumiyyətlə, ölkədə yürüdülən maliyyə və pul siyasəti ilə bağlı bir çox suallara aydınlıq gətirən geniş və olduqca maraqlı müsahibə götürüb. Müsahibə bu gün axşam saatlarında saytımızda yayımlanacaq.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button