Keçmiş MTN-çilər Kəmaləddin Heydərovu da dinləyiblər

kemaleddin heydarov

«Kəşfiyyatçılar» FHN şefinin mal-mülk, gəlirləri və şəxsi həyatı ilə maraqlanırmışlar, bu işdə rütbəli gömrük işçisinin də imkanlarından istifadə olunduğu iddia edilir

Eldar Mahmudovun işdən çıxarılmasındar sonra ortaya çıxan bir çox məlumatlar mahiyyət etibarı ilə MTN-də çalışan sabiq kəşfiyyatçıların təkcə öz işləri ilə deyil, həm də başqa işlərlə də məşğul olduqlarını ortaya çıxarıb. 37 gün ərzində gündəmə gətirilən məsələlərin əksəriyyətində əsas gücün daxilə hesablandığı, böyük pullar qazanmaq üçün kriminal dəstələr düzəldildiyi və digər mətləblərin üstü açıldı.

Sabiq MTN işçilərinin hədəfində əsasən yerli məmurlar, xüsusən də oliqarxlaşmış məmurlar olublar. Belə ki, ayrı-ayrı məmurlar haqqında dosye düzəldən «kəşfiyyatçılar» onların mal və mülkləri, gəlirləri, şirkətləri, habelə şəxsi həyatları ilə bağlı bütün kompromat materialları toplayıblar. Bu sırada Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun da olduğu verilən məlumatlar sırasındadır.

JAM.AZ-ın əldə etdiyi bilgilərə görə, Heydərovla bağlı sabiq MTN-çilər hələ bir neçə il bundan əvvəl məlumat toplamağa başlayıblar. Mənbənin iddiasına görə, nazirin telefon danışıqlarından tutmuş, onun haqqında kənar mənbələrdən bilgilərin toplanılmasına qədər böyük bir proses həyata keçirilib. Məqsədin konkret olaraq nədən ibarət olduğu barədə az məlumatlı olduğunu bildirən mənbə qeyd edib ki, burada əsas ehtimal FHN şefi haqqında toplanan kompromatlardan özünə qarşı istifadə edilməsi olub.

Bildirilir ki, Heydərovun hətta şəxsi həyatı haqqında da məlumatlar toplanılıb və yaxın gələcəkdə bu bilgilər vasitəsi ilə FHN rəhbərinə qarşı istifadə olunacaqmış. Lakin zaman azlığı buna imkan verməyib.

Kəmaləddin Heydərov haqqında məlumatların toplanılması prosesində həmçinin Dövlət Gömrük Komitəsində çalışan rütbəli məmurlardan birinin də imkanlarından geniş istifadə olunub. İddialara görə, həmin şəxs Heydərovla yaxındır və bu gün də əlaqələri ən yüksək həddədir. Lakin sabiq MTN-çilər onu «tora» saldıqlarından bir xeyli müddət onlara işləmək məcburiyyətində qalıb. Həmin şəxs əsasən nazir haqqında gəlirlər məsələsində məlumatlar ötürüb və mülkləri barədə bilgi verib.

Qeyd edək ki, mənbə həmin gömrük işçisinin adını bizə bildirib. Lakin bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq. (JAM.AZ)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button