Keçmiş nazir MTN-ə “işləyib”? – Fikrət Yusifov Mahmudovla əlaqəsindən danışdı

Həbsdə olan MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə keçirilən məhkəmədə siyasi kluarlarda olan agentura şəbəkəsinin kod adları açıqlanıb.
Onların arasında kod adı agent “Əlizadə”, hüquq müdafiəçisi, baş redaktor, siyasi fəal və keçmiş nazir var.
MTN-nin sabiq şefi Eldar Mahmudovun agentura şəbəkəsindəki bu kod adların açıqlanması müzakirələrə səbəb olub.
Əsasən də sosial şəbəkələrdə həmin şəxslərin kimliyi barəsində versiyalar səslənir, iddialar irəli sürülür.
Bu iddiaların bəzilərində keçmiş nazir kimi sabiq maliyyə naziri Fikrət Yusifovun adı keçir. Bəzi Feysbuk istifadəçiləri eks-nazir kimi F.Yusifovu nəzərdə tuturlar.
İstintaq materiallarında qeyd olunub ki, keçmiş nazirə ötürdüyü məlumatlara görə MTN tərəfindən 90 min manat pul ödənilib.
Bu ittihamlarla bağlı BakiPost.az-a qısa açıqlama verən keçmiş maliyyə naziri deyilənləri cəfəngiyyat adlandırıb.
F.Yusifov MTN işi üzrə dindirilib-dindirilmədiyi barədə sualımızı belə cavablandırıb: “Kim nə yazırsa yazsın, hamısı boş söhbətlərdir. Mənim MTN işi ilə nə əlaqəm var? Siz özünüz fikirləşin ki, mənim MTN-dəki hadisələrə nə aidiyyatım var? Qoy yazsınlar, boş-boş söhbətlərdir”. 
Qeyd edək ki, istintaq materiallarında kod adı “Samir” olan agentə 2013-cü il prezident seçkiləri ərəfəsində 4 ay ərzində 40 min, agent “Qəhrəman”a 2014-cü ildə 25 min manat mükafat verildiyi yazılıb.
Həmçinin, “Qəhrəman” fəal şəkildə əməkdaşlıq etdiyi üçün ona öncə 250 manat, sonra isə 600 manat aylıq maaş ödənilib.
Agentlərdən birinə isə böyük məbləğdə pullar ödənilib. Onun kod adı isə “Terminator” olub. Bu şəxsə 287 min avro, 5400 dollar və 12 min manat verilib.
“Terminator” nazir müavini Hilal Əsədovun agenti olub və onun şəxsi işi generalın özündə olduğu üçün istintaq bu sənədlərlə tanış ola bilməyib.
***
“AzPolitika” isə yazıb ki, İttiham aktında keçmiş nazirin adının agent kimi çəkildiyinə heç bir şübhə yoxdur. Sayt ittiham aktından həmin hissəni olduğu kimi təqdim edib:
 
“Etibarlı şəxs “YFH” – keçmiş maliyyə naziri Yusifov Fikrət Hüseyn oğlu ilə etibarlı münasibətlər 21.01.15-ci ildə A.Məcidov tərəfindən yaradılmış, bu müddət ərzində ona 90.000 min AZN pul ödənilmişdir. “YFH”-nın verdiyi məlumatlar ümumi xarakter daşımışdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button