Kevin Carter, müəllim seyrçiliyi və Tomas Edison

Məhəmməd Talıblı

Müəllim peşəsində çalışanların hamısını yox, müəllim ləyaqətini uca tutanları və “müəllim” deyəndə göz önünə nümunə olaraq canlandıra bilən ziyalıları təbrik edirəm! Mənim nəzərimdə belə adı yaşadanların məhz bu gün bayramıdır. Büdcə pulunu daraşıb yeyənlərin, seçki saxtakarlarının, münafiqlik nümunələrinin, bayram adına şagirdindən pul yığmağı təşkil edənlərin bu peşəyə aid olduğunu nəzərdə tutmuram. Bəraət reseptləri də əllərində hazırdır: “Bu qədər əməkhaqqı ilə yaşamaqmı olar?”, “bazarda od tutan qiymətləri görmürsüz?” Bazardakı qiymət artımında bazarlığa başı qarışmış müəllimin rolu olmadımı? Hər saxta işə baş vurandan sonra yalanı çörəyin içərisinə qoyub yeyib susmadınızmı? Milləti hər cür rəzalətlə üz-üzə qoymaqdan qorxub onu şirin nağıllarla yatmağından rol almadınızmı? Adicə bir yol polisinin sənin alimindən yüksək əməkhaqqını görəndə cəsur davranış əvəzinə yuxarıların məsləhətini əsas sayıb bunlara susmadınmı?

Amma yapon müəllimi bunun hesabını özünün hökumətindən sordu. Yaponiyanın sabiq baş naziri C.Koudzumidən soruşanda ki, siz dünyada elm ve texnologiya üzrə liderliyə necə nail oldunuz? O, buna mükəmməl cavab verdi: “Biz müəllimlərə nazirlər qədər maaş, diplomatlarda olduğu kimi mühafizə və imperatora olan qədər hörmət təsis etdik…”  Dövlət büdcəsinin müzakirəsində iştirak edəndə, hökumət qərarlarına təsir imkanı olanda və ziyalı sözünə ehtiyac duyulunda onda sənin də səsin duyulacaqdı. Yazımın məqsədi ölkəmizdə müəllimlərin sosial-iqtisadi problemləri ilə narahatlığı ifadə etmək deyil. Bu, yaşam vəziyyətidir. Nəsib olduğumuz payı alırıq və əkdiklərimizi biçirik. Onunla işim yox.

Məni daha çox düşündürən ölkəmizdə müəllim düşüncəsinin ölçüsü ilə bağlıdır. Vaxtı ilə Həzrət Əli deyirdi ki, ac qalmaq, alçalmaqdan daha xeyirlidir. Aclıq gəlib keçəcək, amma alçalmağa və alçaq davranışlara heç zaman bəraət qazandırmaq mümkün olmayacaq. Bu, zamanla gələn imtahanlardır. Hər müəllim imtahanlarda öz tələbəsinı sınaq nəticələrini gözləyir. Zəmanə də biz müəllimlərin sınaqlarımızı test etməklə məşğuldur. Biz həmin sınaq imtahanlarının aşağı ballı məzunlarıyıq. Dahilər doğru olaraq deyirlər ki, zaman ən yaxşı müəllimdir, amma heyf bütün tələbələrini öldürür! Gərək hər dəfə tələbələrimizin cari sınaqlarına çox aludə olmayaq, tarixi planda bizim sınaq nəticələrimizin aşağı olmasının xəcalətin yaşayaq. Bunu indiki düşdüyümüz utanc gətirən reallıqlarımız deyir. Heç olmasa bayram günləri bu haqda gərək düşünək.

Parlamentdə yer tutanların bir çoxu müəllim “şinelindən” çıxıb. Amma buna baxmayaraq orada təhsil və elm büdcəsinin artımının davasını etmirlər. Növbəti ilin dövlət büdcəsində elm xərclərini 7 faizə (cəmi 125 mln.) yaxın azaltdılar. Belə təəssübkeşlik nümunələrin görmərik. Amma müəllimə “yol xəritəsi” təqdim etməkdə mahirdirlər. Hadi Rəcəbli sənə işdən sonra bənnalıq təklif etdi. Aqil Abbas sənə soğan əkmək tövsiyəsində bulundu. Siyavuş Novruzov daha nələr təklif edəcək, bilmirəm. Amma hər şeyə hazır olmaqda mütləq və mütləq fayda var. Bunlar şəxslərini nə qədər öydükcə, təkəbbür nümayiş etdirdikcə, özlərinin istedad və bacarıqlarının nə qədər azaldığını hiss etmirlər. Amma ciddi müşahidə qabiliyyəti olanlar bunun fərqindədirlər. Əslində, müəllimi aşağılayan bu cür “aforizm” müəlliflərinin nüfuz zədələnməsinin sürətlə getdiyini də görməmək mümkün deyil. Halbuki həmin müəllimlərin problemlərinə sayğısı olmayan insanların bəziləri bu peşədən ora gediblər. Çoxsaylı xalqlarda digər peşələrin müəllimliyə ucalması kimi əsas hədəfləri olur. Bizdə müəllimlikdən sonra vəzifə pilləsinə ucalmaq kimi karyera nərdivanı formalaşması kütləvi hal alıb..

Olsun, onsuz da bu məmləkətdə Allah-Təala qozu verib dişsizə, plovu da verib iştahsıza. Yenə tariximizdə baş verənlərə istinad edək. Vaxtilə Abbas Səhhətdən soruşurlar: Mirzə, siz həkimsiniz. Bəs niyə uzun illərdir ki, müəllimlik edirsən? Abbas Səhhət isə cavabında deyir: “Mən müəllimlik etməklə, öz xalqımın ən böyük xəstəliyini, savadsızlığını müalicə edirəm.” Biz müəllimlər hansı milli xəstəliyin sağalması yox, heç olmasa onun düzgün diaqnozunu qoymağa cəhd etdikmi?

Müəllim seyrçiliyinin faciəsi

Müəllimin vəzifəsinin yalnız dərs deməklə bitdiyini dərk edən insan həmin peşənin fəlsəfəsi haqqında dərin düşüncəyə malik deyil. İşi bostan məhsulu yetişdirilməyən, obyekti insan olan müəllim onu bir ömürlük həyat trayektoriyası haqqında illər öncəsi həyat bilgisi verməlidir. Onu yaşadığı dövrün passiv tamaşaçısı yox, aktiv iştirakçısı olmasına dair mənəvi öhdəliklərini xatırlatmalıdır. Onu seyrçilikdən qaçmasını anlatmalıdır. Onun işi müşahidə kamerasını əlinə alıb ətrafda olanları yaddaşımızın lentinə köçürmək olmalı deyil. Onun xilasedici rolunu və ətrafdakıl hadisələrə milli yanğı hissinin olmasının aşılamaqdır. Yəqin ki, Kevin Carterin əhvalatını xatırlayırsız.  Kevin Carter adında fotoqraf Afrikada zəiflikdən ölmək üzrə olan və onun ölməsini gözləyən yırtıcı quşun şəklini çəkmişdi. Bu şəkil Carterə 1994-cü ildə “Politzer” mükafatını qazandırır. Mükafatı aldıqdan 3 ay sonra o intihar edir. İntihardən əvvəl yazdığı məktub çox heyranedicidir: “O uşağı xilas edə bilərdim. Fotoaparatımı yerə qoyub o uşağı kömək üçün olan çadıra apara bilərdim, amma o vaxt təkcə fotoqraf-jurnalist olduğumu düşünürdüm. İndi isə əvvəl insan olduğumu…”

Lampanı icad edən Tomas Edison qaranlıqdan qorxurdu. Qorxunun dəhşəti ona güc gəldiyi üçün bəlkə də onun ixtirasına bütün varlığı ilə can atıb. Cəmiyyətin qaranlıq tuneldə olduğunu da hiss edən müəllim də eyni qorxu və uzaqgörənliklə hamıya həqiqəti uca səslə söyləmək cəsarətinə sahib olmalıdır. Mən belə müəllimlərin bayramlarını təbrik edirəm! Vazkeçilməz ləyaqəti, dürüst davranışı və həqiqətə tapındığı üçün! Bu gün beynəlxalq müəllim günü münasibətilə o ada layiq olanların hamısını təbrik edirəm!

Var olun, əziz müəllimlər!

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button