Kim haqlıdır: Rauf Arifoğlu, yoxsa Elnur Məcidli?

Azad Mursaliyev

mətbuat 149Milli Mətbuat günü münasibəti ilə dövlət başçısı təxminən 163 nəfəri, o cümlədən 44 nəfəri “Əməkdar jurnalist”, 17 nəfəri “Əməkdar mədəniyyət işçisi”, 97 nəfəri “Tərəqqi medalı”, 4 nəfəri “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, 1 nəfəri “2-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif etdi.

İlk baxışdan dövlət başçısının istədiyi şəxsləri təltif etməyində təəccüblü bir şey yoxdur, əlbəttə, əgər bu təltifat tədbirindən öncə fəxri adlara layiq görülmələri üçün 800 jurnalistin müraciətini və tədbirdə uzun illər xalq hərəkatında müxalifətçi olaraq mübarizə aparmış tanınmış şəxslərin yüksək adlara, mukafatlara layiq görülmələrini nəzərə almasaq. Elə əsl məsələ də bundan başladı ki, bu tədbirdən sonra mediada və internet resurslarında ölkə başçısı tərəfindən təltif olunmuş şəxslər ciddi tənqidlə qarşılaşdılar. İstər ümumilikdə, istərsə də fərdi qaydada təltif olunanlar barəsində nələr söylənilmədi, nələr deyilmədi. “İqtidara qulluq edən və özünü müxalifətçi kimi qələmə verən bir qrup jurnalistlər”, “rejimin verdiyi pullarla, medallarla, fəxri adlarla fəaliyyət göstərənlər”, “dilləri bir metrə olanlar”, “özlərinə heç bir hörmət qoymuyanlar”, “maskaları yırtılanlar”, “korrupsiya bulaşmışlar” və bu kimi, saysız-hesabsız qınaqlar bir neçə gündü sosial şəbəkələrdə səslənir, yazılır. Eyni zamanda bu ittihamları irəli sürənlər “hamını bir tutmaq olmaz, bizim mərd və ölümünü gözə alan, sözünü deyən jurnalistlərimiz də var” kimi fikirlər yürüdərək, onların bayramını təbrik etməyi də unutmamışlar. Bizlər də bu yazıları nəzərdən keçirib məlumatları paylaşırıq, səslənən fikirlərə mövqeyimizi bildiririk, bu da istər-istəməz bəzilərini narahat edir, bəzilərinin isə alqışlarına səbəb olur. Lakin təəssüflər olsun ki, yaxın keçmişimizdə olduğu kimi, bəzi tanınmışlarımız həmişə olduğu kimi, bu gün də mövqe bildirməkdən yayınırlar. Elələri də var ki, bilərəkdən “təbriklər” formatında ədalətsizliyə imza atırlar. Kimin düz olub-olmamasını (“kimin düz olub olmaması” fikri o səbəbdən vurğulanır ki, hələ gələcəkdə ifşalar çox olacaq) hesab edirəm ki, zaman göstərəcək, biz isə sadəcə baş verənləri təhlil etməyə çalışacağıq. Başlayaq ondan ki, mətbuat nümayəndələri oxucunun-xalqın siyasi mədəniyyətinin səviyyəsini yüksəltməyə çalışmalıdırlar, öz ölkələrinin tərəqqisinə xidmət etməlidirlər. Onlar ölkənin mənafeyini hər birimizdən yaxşı bildikləri üçün, onu öz qələmləri ilə daha yaxşı müdafiə etməli və cəmiyyət də onları müdafiə etməlidir. Boşuna demirlər ki, mətbuat «dördüncü hakimiyyət»dir, media cəmiyyətin hakimiyyət üzərində nəzarətini həyata keçirir. Lakin gəlin diqqət yetirək, bu, həqiqətənmi belədir?. Ümumiyyətlə, bugünkü mətbuat cəmiyyətimizin tələblərinə cavab verirmi?

Mənə elə gəlir ki, bu gün mətbuatın «dördüncü hakimiyyət» olmasını söyləməklə biz yanlışlığa yol verərik. Görünən odur ki, mövcud problemləri xalqa başa salmaq əvəzinə, mətbuat bu gün yüksək vəzifələrdə təmsil olunanların arzularını, niyyətlərini reallaşdıran, qanunsuzluqlarını ört-basdır edən, tutduqları vəzifələri həmlədən qoruyan bir alətə çevrilib. Və mətbuat nümayəndələri cəmiyyətimizin aparıcı qüvvəsi olduğundan, elə zərbəni də bilavasitə olaraq cəmiyyətimiz alır. Elə buna görə də Azərbaycanda söz azadlığı formal şəkildədir. Tanınmışlarımızdan birinin müsahibəsində qeyd olunurdu ki, “bugünkü Azərbaycan mətbuatı təkərsiz velosipedə bənzəyir.” Bir ziyalı üçün, xüsusilə jurnalist üçün bundan ağır ittiham ola bilərmi? Bəlkə uzun illər müxalifətdə təmsil olunaraq hakimiyyəti tənqid etmək görüntüsü yaradanlar, bu gün elə həmin hakimiyyətin verdiyi fəxri adı, mükafatı, medalı məmnuniyyətlə qəbul etməsi onların siyasi mədəniyyətlərinin çox aşağı olmasından xəbər verir? Belə çıxır ki, heç kim bunların siyasi mədəniyyətlərinin qayğısına qalmayıb. Son hadisələr göstərdi ki, ancaq korrupsionerlər deyil, siyasi mədəniyyət sarıdan axsayan jurnalistlər də beynəlxalq aləmdə bu ölkənin imicinə zərər gətirirlər. Bəli, təsəvvür edin ki, bəzi hallarda Jurnlistlər korrupsionerlərdən də pis ola bilərlər. Yəqin ki, söz azadlğı bəzi jurnalistlərə vicdansızlıq və qeyri- etik sərbəstlik bəxş edib. Bunun aksioma olduğunu son bir neçə gündə gözəl nümunələrdən olan, Azərbaycan jurnalistikasının əsl simasını nümayiş etdirən yazarlarımız bir daha sübut etdilər. Lakin onların səyi kifayət etmir. Çünki onlar azlıq təşkil edirlər. Təltif olunan jurnalistlərdən fərqli olaraq, azlıq təşkil edənlərin mətbuatda dərc etdikləri ciddi məlumatların əksəriyyəti dövlət başçısı ilə bərabər, cəmiyyətin də diqqətini cəlb etmir. Onlar tərəfindən qaldırılan vacib problemlər ən yaxşı halda sosial şəbəkələrdə öz əksini tapır, bu isə istənilən effekti vermir, ictimai rəyin formalaşmasına təsir etmir. Hakimiyyət və hakimiyyət tərəfindən təltif olunan jurnalistlər insan keyfiyyətlərinin təbliğatına ehtiyac duyulmasını unudaraq, əsasən siyasətə başları qatışıb. Bu da öz növbəsində mediada məqsədlərə vicdanlı əməklə nail olmağın yolunu göstərən, müntəzəm qaydada gündəlik tələb olunan məlumat qıtlığına səbəb olur. Böyük pullar və mükafatlarla şirnikləndirilmiş jurnalistlər hesabına maliyyələşən və eyni zamanda siyasətlə doldurulmuş bulvar mətbuatı bizi ovsunlayıb. Sivil, insan azadlıqlarına üstünlük verilən ölkələrdə bizdən fərqli olaraq hakimiyyətdə təmsil olunanların sözlərinə elə də böyük əhəmiyyət vermirlər. Yalnız qüsurlu, tamamilə müstəmləkə boyunduruğundan xilas olunmayan məmləkətlərdə siyasət ön xətdə yer alır. Media bir qrup insanın icad etdiyi, özünü doğrultmayan, elə buna görə də perspektivinin olmamasına baxmayaraq, yürüdülən siyasətdən deyil, ümumiyyətlə adi insanlara lazım olanları dərc etməlidir, onların maraqlarından çıxış etməlidir. Çünki bizim insanlarımızın hamısı başdantutma siyasətlə maraqlanmır, heç buna onların mövcud sosisal-iqtisadi durumları da imkan vermir. Əksəriyyət bir tikə çörək arxasınca düşərək ailəsini dolandırmağa çalışır və siyasətlə maraqlanmağa onun vaxtı belə yoxdur.

Amma kimə deyirsən? Bəzi mətbuat nümayəndələri, hətta deyərdim onun üstünlük təşkil edən hissəsi ağasız keçinə bilmirlər, mütləq hansısa siyasinin və yaxud harınlamış məmurun sifarişi əsasında “yazıb-yaratmalıdır”, bu, onların uzun illər ərzində ancaq adətkara çevrilməkləri ilə əlaqəli deyil, bu, eyni zamanda onunla bağlıdır ki, fərqli, proqressiv mövqedən çıxış etmək onlara artıq nə sərf etmir nə də onlar artıq bulaşdıqları pislikdən qurtula bilmirlər. Ən böyük nailiyyətləri isə son vaxtlar vurulmuş, özlərini disklafikasiya etmiş məmurlardan dərc etdikləri qalaq-qalaq yazılardır.. Sözsüz ki, sifarişçilər də bu “müxalif yönlü” mətbuatı oxuyur və razılıq əlaməti olaraq onlara fəxri adlar verməklə, medallarla təltif edib bu şəkildə təşəkkürlərini bildirirlər. Bu siyasətin nəticəsidir ki, haqlı olaraq iqtidarı gözdən sala biləcək yazılar dərc edən qazet-mətbuat demək olar ki, qalmayıb. Ağır şəraitdə, bəzi hallarda sürgündə, pərakəndə fəaliyyət göstərən həqiqi müxalif yönlü media bütün mümkün vasitələrlə sıxışdırılır, yazarları və onların yaxınları təqiblərə məruz qalırlar. Onlara qarşı irəli sürülən əsassız ittihamlar isə “respublika haqqında dəyərli bir mövzuya müraciət etmirlər” qınağından ibarətdir. Nə qədər gülünc olsa belə, ədalət çarçısı adı altında bir vaxtlar müxalifət düşərgəsinə nüfuz etmiş bəzi qələm sahibləri vicdan əzabı çəkmədən onları ifşa etməyə çalışanların ünvanına bu kimi əsassız fikirlər səsləndirirlər: ”Onlar insanlarımızın kamilləşməsi, hər birimizin təsəvvür etdiyi ideala çatması və ya cəmiyyətdə arzuladığımız yeri tutmaq istiqamətində hakimiyyətin misilsiz fədakarlığını qəsdən görmək istəmirlər və bu işlərin nəticəsi olaraq Azərbaycan xalqının nail olduğu inkişafdan bir kəlmə olsun belə yazmadıqları halda, daima mitinqlərdən, yolların bağlanmasından reportajlara, bir sözlə, neqativə üstünlük verirlər. Bundan da uduzan ancaq Azərbaycandır.”

Özündə bir damla olsun belə ciddiyyət əks etdirməyən bu ittihamlar ancaq məyusluq hissi yaradır. Birincisi, əgər belə demək mümkündürsə onlar Azərbaycanın deyil, Azərbaycan iqtidarının imicinə zərər vururlar. İkincisi, əgər hakimiyyət öz həqiqətini ortaya qoymaq qabiliyyətinə malik deyilsə, o zaman yaranmış boşluğu şayiələr və dedi-qodular doldurur. İlk dəfə deyil ki, xalqın hissləri ilə manipulyasiya edən, özləri də bunu bilmədən çirkaba batmış “müxalif yönlülər” əsl mübariz, öz peşələrinə məsuliyyətlə yanaşaraq, mövcud problemləri qabartmağa üstünlük verən jurnalistlərə qarşı əsassız iddialar irəli sürürlər. Lakin bu müvəqqəti xarakter daşıya bilər. Xalq arasında belə bir deyim var, “həqiqət onsuz da üzə çıxacaq.”

Təsadüfi deyil ki, öz fədakarlıqları ilə cəmiyyətimizdə özlərinə layiq yer tutmuş jurnalistlər həmrəylik göstərib milli mənafeyimizə, hüquq və azadlıqlarımıza, bu hüquq və azadlıqlarımız uğrunda mücadilə apararaq həbsə atılmış insanlarımıza xəyanət etmiş şəxslərin yüksək adlara, mukafat və medallara layiq görülmələrinə sərt reaksiya verdilər. Biz etiraf etməliyik ki, bu gün Azərbaycanın düşdüyü situasiyadan çıxış yolunu özlərinə məxsus (əslində özlərinin daha heç nəyi yoxdur, qələmlərinə kimi – hamısı maliyyələləşdirənindir) qəzet səhifələrində, elektron portallarında müzakirə etmək əvəzinə, bəzi jurnalistlər, siyasilər dedi-qodu ilə məşğuldurlar. Bu dedi-qoduların cəriməsini isə Azərbaycan xalqı ödəyir və gələcəkdə də ödəyəcək. Sözsüz ki, jurnalistlər hansısa varlılar, yüksək vəzifəli şəxslər tərəfindən maliyyələşən qəzetlərdə çalışaraq muzdlular rolunda çıxış edirlər və burada deyiblər, “əgər özün bayrağı daşıya bilmirsənsə, o zaman özün kiminsə əlində bayrağa çevriləcəksən.” Siyasilər öz aralarında apardıqları müharibədə onlardan istifadə edirlər. Əlbəttə, hər kəs müdafiə olunmağa çalışacaq, özlərinə bəraət qazandırmağa başlayacaqlar, lakin biz bilirik ki, bu cəhd müdafiədən başqa bir şey deyil. Heç kim etiraz etmir ki, onların arasında patriotlar var, onlar ağıllıdırlar, onu da bilirik ki, onların sosial müdafiəsi təmin olunmaması səbəbindən özlərini dolandırmaq üçün kimlərin isə sifarişlərini yerinə yetirməyə məcburdurlar. Lakin razılaşın ki, bu arqumentlər mənəviyyatımızı satmağa, prinsiplərimizi qurban verməyə əsas ola bilməz.

Elə götürək bu gün tanınmış və təltif olunmuş jurnalistlərimizdən olan Rauf Aridoğlunun Norveçin Azərbaycanda səfiri olmuş Steynar Gilə cavab məktubunu. Səmimi olacam və hesab edirəm ki, respublikada kifayət qədər ciddi elektorata malik olan bir qəzetin rəhbəri kimi, Rauf bəy də mənim söylədikərimi səmimi qəbul edəcək. İş burasındadır ki, istəsəm belə, Sizin cavab məktubunuza haqq qazandıra bilmirəm. Həmin məktubu bir neçə dəfə oxusam da, bircə sətir olsun belə tapa bilmədim ki, sizi ittiham edənlərə cavab xarakteri daşısın. Əksinə, cənab Steynar Gilin sizə ünvanladığı cavab məktubu mənim fikirimcə, daha tutarlı və həqiqətə uyğun idi. Bir müddət öncə, hakimiyyətin ünvanına ittihamlar səsləndirən, şəxsiyyətinə xüsusi hörmət bəslədiyim Elnur Məcidli də düşərgəsini dəyişdi. Lakin o, davamlı olaraq qınaq obyektinə çevrilmədi. Bilirsiniz niyə? Elnur Məcidli sizdən fərqli olaraq doğrunu deməyi özünə borc bildi. Məlum qərarı verdiyi günə qədər gördüyü, şahidi olduğu yanlışları çox dilə gətirdiyini, lakin həqiqətin yalnız bunlardan ibarət olmadığını bildirdi. O, belə düşünür və heç kimdən çəkinmədən qərarını açıqladı və hesab edirəm ki, onun bu qərarına hörmətlə yanaşmaq lazımdır. Əslində, bu addım bu günə kimi təmsil olduğu düşərgəni tərk edənlər üçün nümunə olmalıdır, yoxsa sən insanları haqq yoluna dəvət et, onlar sənə inanıb təqiblərə məruz qalsınlar və günün birində sən açıqlama ver ki, mən istefa verirəm, özü də səbəblərini söyləmədən. Belə olmur, cənablar.

Cəmiyyət və cəmiyyətin bir parçası olan jurnalist icması bu gün ancaq qınaq obyektinə çevrilmiş insanlardan ibarət deyil. Kimlərinsə bunu istəyib-istəməməyindən asılı olmayaraq, jurnalistlər içtimai fikirin formalaşması üçün gələcəkdə hələ mühüm rol oynayacaqlar. Ona görə də məqsədə uyğun olmazdı ki, bir neçə jurnalistə görə bütün jurnalist icmasını günahlandıraq. Dövləti, hakimiyyəti və hər hansı bir imtiyaza görə onların xidmətində duran mətbuat nümayəndələrini tənqid edən jurnalistlər öz fikir və rəylərini ifadə etməkdə onları ictimaiyyətin müzakirəsinə çıxarmaqda haqlıdırlar. Axı jurnalist icması təmamilə görmək qabiliyyətini itirməyib ki, ətraflarında baş verənlərə göz yumsunlar, həqiqəti görməsinlər. Onlar cəmiyyətdə baş verənlər haqqında açıq-aydın yazmalı, sadə xalqla ünsiyyətdə olmalı, ədalətsizliklə qarşılaşmış vətəndaşları dinləməli, onların tələb və diləklərini hakimiyyətə çatdırmalı, hakimiyyətlə xalq arasında körpü rolunu oynamalıdırlar. Onlar buraxılmış səhvlərə görə hakimiyyəti tənqid etməli, necə var elə də yazmalıdırlar ki, hakimiyyət xalqın səsinə qulaq versin. Lakin nədənsə bu məmləkətdə hər şey əksinə inkişaf edir və bəzi jurnalistlər ölkədə baş verən xoşagəlməz hallara görə haqlı olaraq günahkar çıxarılırlar.

Bu gün görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabinin davamçıları sayılan jurnalistlərimizin və eləcə də hazırda Azərbaycanda 200-dən çox qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatlarının fəaliyyətləri haqqında uzun-uzadı danışmaq, monoqrafiya yazmaq mümkündür. Hətta bura “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, milli mətbuatın hərtərəfli inkişafı üçün ardıcıl tədbirlərin keçirilməsini də əlavə edə bilərik. Lakin gəlin diqqət yetirək, görək bütün bunlar jurnalistikanın inkişafına, onun qarşısında duran vəzifələrə nə kimi təsir göstərir. Mənə elə gəlir ki, çox az sayda jurnalist istisna olmaqla, yerdə qalan mətbuat nümayəndələrimiz öz qələmləri ilə harınlamış məmurların, korrupsionerlərin və başqa neqativ ünsürlərin müdafiəsini təşkil edirlər. Əsl faciə də bundadır ki, bütün bunlar açıq-aydın xalqın gözü qarşısında baş verir. Bizlər isə özümüzü elə aparırıq ki, guya heç nə baş vermir.

Bu durumu daha dərindən sezmək üçün argentinalı rəssam Luçiana Rondolininin əsərlərinə müraciət etmək yerinə düşərdi. Argentinalı rəssam Luçiana Rondolini üzərlərinə qiymətli daş-qaş döşənmiş çürüyən meyvələrin kolleksiyasını yaratmışdı. Öz işlərində o, adətən gözəllik və dəyər anlayışlarını araşdırır. Onun “Tiffany” adlı projesi də bu qəbildən olan işlərdən olub. Rondolini, fud-arta janırna müraciət edərək, özünün yeni işini tanınmış yuvelir evlərinin analogiyasına uyğun adlandırır və təzə, yaxud tərk olunmuş meyvələrin, eləcə də banan qabığının üzərini brilliant qatı ilə örtür. Bununla rəssam daş-qaşla örtülmüş meyvələrin üzərlərini cəmiyyətlə müqaisə etməyə çalışır. Hansı ki, parıldayan, cəlbedici, maraqlı görkəm bağışlayır, lakin daxildən çürümüş və xəstəliklərə düçardır.

Eynilə bizim cəmiyyət və cəmiyyətin bir parçası sayılan jurnalist icması kimi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button