Kim namərddir, Kim mərddir?!

Əvəz Zeynallı

Bütün Azərbaycan bilir. Mən ömrüm boyu savaşlardan qorxmadım. Əksinə, ona doğru getdim – çəkinmədim, usanmadım, bezmədim. İndi də istəmədən və arzulamadan bir atəş çəmbərinin içinə düşmüşəm. Bunu hərə bir cür qiymətləndirə bilər, amma bu, belədir. Ona görə də deputat Etibar Hüseynovla yaranan bu qalmaqalda cənab deputatın ironiyalı və minnətli şəkildə ona jest etməyimi xatırlatması, amma bunu məhkəmədən sonra etdiyim üçün artıq səmimiliyini itirməsini deməsi, ictimai qınaq yükünü onun çiyninə qoyur, mənim yox. Mən əksinə, çalışmışam və məmnuniyyətlə Etibar Hüseynovun oyundan – sifariş almayıbsa – çıxmasını istəmişəm. Mənim davam onunla deyil ki. Onun və Azərbaycanı idarə edənlərin hamısının adını çəkməyə belə qorxduğu Ramiz Mehdiyev və onun arxasında dağ kimi dayanan prezident İlham Əliyev varsa və mənim müstəqil mətbuat olaraq döyüşüm bu adamlarladırsa, sıravi bir deputatla qovğa mənim bütün hallarda marağımda deyil axı. Olmamalıdır… Hələ bu gəncin deputat olmadan əvvəl «Xural»la dostanə münasibətlər yaratması, dəfələrlə onun səhifələrində çıxış etməsi, bizi informasiyalarla təchiz etməsi və s. varsa, mən niyə onunla cəngə çıxmalıyam ki?! Qısası, hər şey dobra-dobradır və mən savaşımda da, barışımda da səmimiyəm. Hər kəs özünə görə anlasın…

Bu yazını oxu və sən özün qərar ver, Əlahəzrət Oxucu, kim mərddir, kim namərd?!

***

Hər şey Etibar Hüseynovun 30 İyun Sevgililər Gününə sataşmasından başlayıb. Bilənlər bilir, mən 30 İyun məsələsində çox həssasam və son 9 ildir məmləkətə İlham-Fərizə sevgisinin işığında bir gün gətirməklə məşğulam. Təbiri caizsə, bütün şüurlu ömrümün yolunda qurban edildiyi və millətimin ən əziz günlərindən birinə çevrilən bir gün haqqında parlamentə yenicə düşən bir deputat yumur gözünü, açır ağzını. İlhamla Fərizəni «ər-arvad» adlandıran, onların «sevgili» olmadığını bildirən Etibar Hüsenyov nə yazıq ki, ciddi bir yanılqıya düşür. İllər əvvəl bir zamanlar haqqında yazdığı açıq təhqirlərə görə üstündə cinayət işi olan və bu səbəblə təmtəraqlı üzr istədiyi Faiq Ağayevlə də, bu gün həvəslə müdafiə etməyə cəhd göstərdiyi Nüşabə Ələsgərli ilə də Etibar Hüseynovun dediyi və irəli sürdüyü fikrə görə mübarizə aparmışam. Onlar kimi Etibar da İlhamla Fərizənin «sevgili yox, ər-arvad olduqlarını» əsas gətirir və 30 İyunun qalmasını, amma günün Sevgililər Günü adlanmamasını təklif edir. Mən ona cavab yazmışam və münaqişəyə də bu yazı və onun üslubu səbəb olub.

30 İyun və 14 fevral haqqında uzun-uzadı yazmaq niyyətim yoxdur. Bu yazıda yalnız deputatın «Xural»ın ötən sayında (sonradan bu yazını deputat «qafqazinfo»ya da verib) dərc olunan yazısındakı bəzi məqamlara cavab verəcəyəm. 30 İyun haqqında 9 ildir yazıram, mübarizə aparıram və bu gün artıq təkcə mənim yox, bütöv bir xalqın, bütöv bir sivilizasiyanın uğrunda vuruşacağı günə çevrilib. Sadəcə, bəzi məqamlara bir daha toxunmaq ehtiyacı yaranıb…

Etibar Hüseynov israrla bu günün əcnəbi dillərdə və adətlərdə əks-sədasını axtarır. Ola bilsin, rus dilini bilmir, heç mən də yaxşı bilmirəm, amma mən axı bu haqda mətbuat konfransında danışmış, yazmışdım. Heç olmasa bundan sonra xırda bir araşdırma aparmaq, izahlı lüğətə-filan baxmaq olardı. Axı «den lyubovnikov» rusca başqa mənaya gəlir? Sevgililər Gününün rusca qarşılığı «Den Vlyublyonnıy» kimi səslənir və bu da «Aşiqlər Günü», «Vurğunlar Günü», «Aşiq olanlar günü» – «Sevgililər Günü» kimi tərcümə olunur. Amma «den lyubovnikov» tam olmasa da, elə Valentin gününün qarşılığını verir – «Oynaşlar Günü», «Aşnalar Günü» kimi…

Bu xırda olmayan məqamları Etibar Hüseynov dəqiqləşdirməyib və bilgisizlikdən ciddi yanlışlığa yol verib. Qaş qayırdığı yerdə vurub gözünü də çıxarıb. Daha ciddi qaflar da davamında gəlib. Etibar Hüsneynov etinasızca bu günü «pomidorçular», «mavilər» günləri ilə müqayisə edib və günün əhəmiyyətini azaltmağa çalışdığı halda, müqəddəs şəhidlərimizin ruhunu təhqir edib…

Bunu bir millətin övladı öz millətinin övladına etməz. İlham-Fərizə sevgisini, bu əziz sevgililərin gününü və xatirəsini belə ucuzlaşdırmaq olmaz. Onların ailələrini narahat etmək, onları çağırıb «bu gün Əvəz Zeynallının adı ilə bağlıdır, olmaz» demək olmaz. Mərdcə yanaşma deyil…

«Sevgili» sözünün Azərbaycan türkcəsində qarşılığına gəlincə, əvvəlcə istədim klassiklərimizin şeirlərindən parçalar yazım. Xırda araşdırma nəticəsində məlum oldu ki, qəzet səhifələri yetməz bu misalların yazılmasına. Bir vacibi və önəmlisi ilə fikrimi toparlayım. Abbas Səhhət deyir ki:

Könlümün sevgili-məhbubu mənim,
Vətənimdir, Vətənimdir, Vətənim!

Deputat Etibar Hüseynovun məntiqi ilə indi burada Abbas Səhhətlə Vətən nə olur? Onun rus dilində tərcümə məntiqinə baxanda Abbas Səhhət Vətənə «aşna» gözüylə baxıb – Vətən onun «oynaş»ıdır?! Və… yüzlərlə belə misallar çəkmək olar… «Sevgili yar»…, «Sevgili canan»… «Sevgili üz»…

Adam nə qədər məlumatsız olar?!

***

Yazımda heç bir təhqirə yol verməmişəm. Bu gün məhkəməyə məruz qalan bütün yazılarım Avropa Məhkəməsinin kriteriyalarına cavab verir və hamısı Avropa Məhkəməsinin qərarları ilə bir daha təsdiq olunacaq. Mən sərt yazıram, bunu deyirlər. Ola bilər, hansısa yazını bir az yumşaq yaza bilərəm, o, ayrı məsələdir, amma mənə «şər-böhtan yazırsan» demək olmaz. Çünki heç bir zaman yalan yazmadım. Mənim yazdıqlarım ağır, bəzən çox ağır oldu, amma təhqir olmadı, kimsənin şərəf və ləyaqətini alçaltmadım. Sən bir millətin ən əziz dəyərlərini «mavilər günü» kimi günlərlə müqayisə edərsən, mənim cavabım təbii ki, xoşuna gəlməyəcək. O baxımdan, hörmətli Etibar Hüseynovun iradları, öncəki yazımda səsləndirdiyim «qiymətləndirici mülahizələri» və yerində müqayisələri doğru anlamaması, mənim problemim deyil və çox güman ki, diqqətli Oxucu yazılan yazıları və verilən cavabları qarşılıqlı müqayisə etsə, hər şeyi aydınca görər.

Mən 2005-ci ildə bir dəfə İlham Əliyevin sözlərinə inanmışam və seçkilərə qatılmışam. Prosesin pik vaxtı dünyadakı ən dəyərli dostumu – atamı qəfildən itirmişəm. Bir gözüm gülə, bir gözüm ağlaya seçkilərdən çıxmışam. Prosesin yarısında seçkilərin təyinat olacağını bilmişəm. Sadəcə o zamankı şəhər rəhbərliyinin ultimatuv tələblərinin tərsinə olaraq namizədliyimi geri götürməmişəm. Seçkilərə bir həftə qala təxminən başım yasa qarışıb və qutudan 330 səslə ayrılmışam. Sonra bu haqda dəfələrlə «Xural»da yazmışam – özüm öz imzamla yazmışam. 330 nəfərə təşəkkür etmişəm. MSK-nın deputatlığa namizədlərə verdiyi təxminən 350 manat dəyərində pulunu geri istəməsini də «Xural»da yazıb darmadağın etmişəm. Pulu xərclədiyimi, həm də seçkilərə xərclədiyimi əsas gətirmişəm. Bunu da yazmışam – özüm yazmışam…

Mənim yazdığım və Oxucularımla paylaşdığım, həftələrlə üzərində dayandığım mövzuları mənə kompramat kimi yazmaq olmaz. Çünki mən özüm onları çıxarmışam kompramatlıqdan. İndi buyur, Etibar Hüseynov, sənə görə bir daha gündəmə gələn 350 manatlıq MSK borcunu ödə. Qayda budur çünki…

Mən 2005-ci ildə gördüyümü gördüm. Və… inandım ki, İlham Əliyev, atası Heydər Əliyevə nisbətən yalançı və despotik adamdır. Bir daha o yanlışlığı etmədim. Bu il də namizədliyimi vermədim. Amma o zaman məndən o qədər də fərqli nəticələr göstərməyən Etibar Hüseynov bu il İsa Qəmbəri, Nemət Pənahlını «uddu». Buna Etibar Hüseynov və onu oraya göndərənlər inanar, mən daha uşaq deyiləm…

***

Etibar Hüseynovun bir Rahim Qazıyev dərdi var. Mən o dərdi yaxşı bilirəm. Hər yerdə «Xural»ı Rahim Qazıyevin maliyyələşdirdiyini deyir, bizə Rahim Qazıyevin təsirinin olduğu görüntüsünü yaratmaq istəyir. Amma özü də bilir ki, bu, mərdcə yanaşma deyil. «Xural»ın kimin olduğunu Etibar Hüseynovu parlamentə göndərənlər də yaxşı bilirlər. Və həmin «Xural» və həmin «Xural»ın indi Etibar Hüseynovun rişxəndlə yanaşdığı kollektivi də yaxşı xatırlayırlar Etibarın «Xural»a gəldiyi günləri. Bu mövzu mənim üçün məlumdur, sadəcə, onu demək istəyirəm ki, «Xural» qəzetinə «Lider» kanalının əməkdaşı Etibar Hüseynovun göstərdiyi maddi dəstək keçmiş müdafiə naziri Rahim Qazıyevin göstərdiyi maddi dəstəkdən çoxdur. Etibar bizə bir köhnə – «Maraqlı qəzet»in dövründən qalma – bilgisayar göndərmişdi (gələndən 1 həftə sonra «Xural»ın meyitxanasına göndərildi), işlətməyə bir köhnə telefon aparatı gətirmişdi (1 gün belə işləmədi, onu da bilgisayarın arxasınca göndərdik), bir dəfə də redaksiyamıza aldığımız yeni printerin bir aylıq kreditini ödəmişdi, vəssalam. Amma Rahim Qazıyev «Xural»a bu qədər müddətdə onun göstərdiyi məbləğdə dəstək göstərməyib. Bunu elə-belə dedim… Düşünmək üçün…

Etibarın dərdi başqa dərddir. Onun «Xural»da Rahim Qazıyevlə debatını təşkil etmişəm və bu debatda o, axıra qədər Rahim Qazıyevlə dirəşib. Sonra Etibar yazılara baxmaq istəyib, etiraz etməmişəm. Amma görəndə ki, Etibar Hüseynov ona bəslədiyimiz münasibətdən sui-istifadə edərək debatda işlətdiyi fikirləri əsaslı redaktə etmək məqsədi daşıyır, razı olmamışam. Debat bütünlüklə yayınlanandan sonra Etibar bizim əleyhimizə başqa bir qəzetdə bir səhifə yazı yazıb. Etiraz edib. O gün-bu gündür bu adamın Rahim Qazıyevlə bizi bağlamaq cəhdlərini hiss edirəm. Özünə də dəfələrlə demişəm, bir daha da bəyan edirəm. Ola bilər unudub, mən «Xural»ın önəmli müsahibələrini videolentə köçürürəm. Rahim Qazıyevlə Etibar Hüseynovun debatı da əvvəldən axıra qədər «Xural»ın arxivlərində qorunub saxlanır. Özünün məsləhət bildiyi bir heyətlə kasetə baxış keçirək. Yanlışımız varsa düzəltməyə hazıram.

Daha özünü «lezvalamaq», «Xural»ı olmadıq yerlərə bağlamaq niyə?

***

Nə Nüşabə Ələsgərliyə, nə də bir Allahın quluna yalvarmaq nədir, eyhamlarına belə dünyanı başlarına dar etmişəm. Etibar ağ yalanlar yazıb və iddia edib ki, bir yazıda Nüşabədən aman diləmişəm, digər yazıda onu «müğənnicik» adlandırmışam. Olmayıb elə bir şey. Sadəcə, sifarişli məhkəmə qərarları gələndə yazmışam və Nüşabə Ələsgərlidən də, Ağabəy Əsgərovdan da cərimələri geri götürmələrini istəmişəm. Onlar da götürməyiblər. Vəssalam. Sonra da fikirlərimi yazmışam və bu adamların «mətbuat düşməni» olduqlarını bəyan etmişəm. Mən qəzetçiyəm. İndi hədəfdəyəm. 4-5 il bundan əvvəl unudulan bir məhkəmə işində bir adama kəsilən 100 manatlıq cərimə var. Artıq hər şeyi unudan adama xatırladıram ki, adam, üstümə gəlirlər, sənin 100 manatlıq cəriməndən də istifadə edirlər. Ya imtina et, ya da etmirsənsə de, sənə ödəyim o 100 manatı. Nüşabə məhkəmə gününə qədər «mən artıtq unutmuşam, imtina edirəm» deyir, məhkəməyə 1 saat qalmış telefonu sondürür, məhkəmə 3.000 manat cərimə edir və yalnız bundan sonra Nüşabədən cavab gəlir: «Mənə dedilər ki, o, hamını təhqir edir». Allah, Allah, Etibarın mərdlik anlayışı budur?

Bu Nüşabəyə mən başqa nə deməliyəm?

***

Görəvimiz təhlükədir. Etibar hakimiyyətin qanadının altına girənə qədər o da bəlkə belə idi. İndi mənə tənə edir. Ay «tək qalmısan», ay «başından hamı gedir», ay «get uzun müddətli dincəl» və s. Təbii ki, tək qalmışam və mən bu təkliyimlə qürur duyuram. Bir ölkənin qoyun sürüsü olmadığını mənim kimi tək qalan insanlar göstərir Etibar Hüseynovun can-başla qulluq etdiyi bu hakimiyyətə. Mənim başımda çox adam olub və onların çoxu da gedib. Azərbaycana xasdır bu gedişlər. Amma yanımdan gedənlər artdıqca işləmək gücüm də artıb. Etibar Hüseynov «Xural»a sığındığı dövrlərdə də mən tək idim. «Xural»ı «bir zamanlar ölkənin ən müstəqil qəzeti» adlandırdığı dövrlərdə də mən yalnızdım. Amma mənim yanımdan gedənlər də bu hakimiyyətə satılmadılar. Hərəsi bir ocaq açdı və fillər kimi döyüşdü. Mənim yanımdan gedişin isə başqa bir səbəbi yox idi – pulsuzluq, imkansızlıq və kasıblıq. Bax ona görə dövlət bütün arsenalı ilə üstümə gəlir – KİV-in inkişafına yardım etməli olan Vüqar Səfərli, ölkənin pərdəarxası prezidenti Ramiz Mehdiyev və onların olan-qalan bütün aparatları…

Mən hələ təkəm bunlar bu qədər qüvvə ilə gəlirlər üzərimə. Gör hələ əlimdə «Lider» kanalı kimi bir kanal olsa nə edərlər? Gör – çox demirəm, elə Etibar Hüseynovun səlahiyyəti qədər səlahiyyətim olsaydı, nələr olardı? Bunlar təklənmiş bir Əvəz Zeynallı ilə bacara bilmirlər, gör bir neçəsi ilə nələr olardı? Elə məsələ də budur! Yoxsa mənim yanımdan ayrılıb ölkənin müxtəlif yerlərində çürüyən nəhənglər hərəsi bir yazı yazar, deputatlıq müddətin məhkəmələrdə keçər, Etibar qardaş! Bir də, məndən sənə qardaş məsləhəti, «Xural»ın səhifələrində dəfələrlə yıxıb-sürüdüyün, gəlib «Lider» rəhbərliyinə səndən şikayət və yerini soyuq edən bir deputat vardı – Aynur Quliyeva, onun aqibətini heç unutma! Məndən deməsi…

***

Həqiqətən əsəbiyəm. Etibar Hüseynov onu doğru deyir ki, «uzun müddətli müalicəyə ehtiyacın var». Əslində, «xəstəsən» demək istəyir, amma mən o mənada başa düşmək istəmədim. Təbii ki, onun qulluğunda durduğu hakimiyyət və onun ali rəhbərliyi bu milləti xəstə edib. Bizim hamımızın əslində uzun müddətli müalicəyə ehtiyacımız var, amma adım qədər əminəm ki, gün gələcək bu gözəl və sevgili («lyubovnik» yox a…) milləti bu günə salanları həqiqətən uzun müddətli və biryolluq istirahətə göndərəcəyik. Nə var Əvəz Zeynallını məhkəməyə verməyə? İndi bu ölkədə bundan asan iş yoxdur! İndi tək qalmaq nədir, yekə-yekə məmurlar adama mesaj yazıb Mehdiyevdən üzr istəmədikcə dostluqlarını kəsdiklərini bəyan edirlər… Etibar da başıma tək qaldığımı qaxınc edir. Ramiz Mehdiyevin, İlham Əliyevin üstünə gəldiyi adamın üstünə yerimək nə çətin işdir ki? Nə Nüşabə, nə Ağabəy, nə Vüqar – kimi desən indi hazırdır. Bu bataqlıqda şükür etməli bircə şey var ki, heç olmasa Etibar Hüseynov bu sırada olmadı.

Deməli, hər şey itirilməyib hələ…

***

Bu yazı təxminən Etibar Hüseynovun yazdığı yazı qədərdir. Onun mənə göndərdiyi birinci varint ikinci dəfə göndəriləndə bir hissə redaktə olunub çıxarılmışdı. Mən o çıxarılmışın yerinə də yazdım. Sonda bir şeyi demək istəyirəm. Etibar həqiqətən yaxşı bir misalı – «Mərdi qova-qova namərd etməmək» məsələsini xatırladıb… Bunu diqqətli Oxucu hamıdan yaxşı bilir. Mən müstəqil bir qəzetin baş redaktoru olaraq özüm təklif etdim və Etibar Hüseynovun yazısını olduğu kimi dərc elədim – hətta bol olan hərf səhvlərini də düzəltdim… Özü də yazını qəzetin ən parlaq səhifələrindən birində – 4-cü səhifədə yayınladım… Yenə yazsa, yenə dərc edəcəyəm. Bundan əvvəl başqalarına da bu imkanı – mənim qəzetimdə əleyhimə yazmaq imkanı tanımışam…

İndi Etibar Hüseynov əlini ürəyinin üstünə qoyub 11 dəfə getdiyi müqəddəs Həcc ziyarəti və sahiblərinə and içə bilərmi ki, ünvanına hədyanlar yağdırdığı yüzlərlə insanlardan tək bir adama bircə dəfə cavab haqqı verib?!

Etibar Hüseynov əlini ürəyinin üstünə qoyub 11 dəfə getdiyi müqəddəs Həcc sahiblərinə and içə bilərmi ki, onun xidmətində dayandığı hakimiyyət bircə dəfə ünvanına hədyanlar yağdırdığı bir adama cavab haqqı verib?!

Etibar Hüseynov əlini ürəyinin üstünə qoyub 11 dəfə getdiyi müqəddəs Həcc sahiblərinə and içə bilərmi ki, qulluq etdiyi rejimin telekanalları, onlarla qəzetləri bircə dəfə ünvanına hədyanlar yağdırdığı bir adama cavab haqqı veriblər?!

Bu suala verilən cavab kimin mərd, yoxsa namərd olduğunu sübut edəcək, Əziz Oxucu!

Səncə namərd kim, mərd kim?!

İ.S. Əgər Etibar Hüseynovun «Cavab Haqqı» doğursa, məmnuniyyətlə dərc edə bilərəm. «Cavab Haqqı»mdan istifadə etmək şərti ilə…

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Hörmətli Xural qəzetinin baş redaktoru!
    Mən artıq uzun illərdir ki,siyasi-publisistik mövzularda kitablar yazır və bu istiqamətdə tədqiqatlar aparıram.Əgər xatırlayırsınızsa bu tədqiqatlarımdan bir-neçəsini daha dəqiq desəm “Kreml liderlərinin psixoqramması”,”M.C.Bağırov ,Açilmamış səhifələr”,”Siyasilərin psixoloji portretləri “ kitablarım ictimayyətdə böyük əks-sədaya səbəb olmuşdur..
    Hörmətli dostum!
    Xural qəzetinin xüsusən fırıldaqçilara qarşı apardığı mübarizə bir çox ziyalılarımız kimi Mənim və rəhbərlik etdiyim təşkilatımın bütün üzvüləri tərəfindən də böyük rəğbətlə qarşilanibdır. .Ancaq görünür ki,yanınızda olan insanları hecdə yaxşı tanımırsız. .O, cümlədəndə Xaliq Bəşəri.Çünkı onun Xural qəzetində yazıların gördükdə təəcübləndim.
    Başa düşə bilmədim ki,Onu orada hələ tanımırlar?.
    Belə ki,Xaliq Bəşər Mənim müəlifi olduğum “Siyasilərin psixoloji portretləri”(2000-ci il) və “Baş tutmamış çevriliş”(2003 -cü il) kitablarimin fotosürətini çıxararaq 2009 -cu ildə yeni adla “Diktatorların bilinmıyın sirlərii” kimi cap etdirərək öz adına çıxarmışdır.Təsəvvür edin ki”Diktatorların bilinmıyın sirlərii” kimi təqdim olunan kitabın 253 səhifəsi mənim kitablarimin fotosürətidir..Öz-özlüyümdə fikirləşdim ki,bu plagiatı iffşa etmək üçün Sizə müraciət etməyib,kimə müraciət edim. Müdrüklüyünüzə sığınaraq, bu özbaşnalığa və harınlığına son qoymaqda Mənə yardımçı olacağınızdan tam əmin olduğum ücün məhz Sizə müraciət edirəm!

    Bakı –Seul körpüsü” ictimai birliyinin sədri
    Azərbaycan yazıçılar birliyinin üzvü
    tədqiqatcı –yazıçı Adıgözəl Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button