Konstitusiyadan Rüstəm İbrahimbəyova daha bir əngəl

rustem ibrahimdfch09.07.2013

Eldar Namazovla tanınmış hüquqşünas Erkin Qədirli bir-birini təkzib edir

“Konstitusiya Məhkəməsinin xarici ölkədə vergi ödəyici olan şəxslərin prezidentliyə namizədliyinin qadağan edilməsi ilə bağlı şərhi 2003-cü ildə Rəsul Quliyevin ölkəyə qayıdıb, namizəd olmaması üçün qəbul edilmişdi. Ancaq bilirsiniz ki, Rəsul müəllim 2005-ci ildə parlament seçkilərində qeydiyyatdan keçib, seçkidə iştirak etdi. Buna görə də deyə bilərəm ki, həmin qərar Rüstəm müəllim üçün heç bir maneçilik törətmir”.

Bu sözləri Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov qurumun bugünkü sessiyasından sonra keçirilən brifinqində AzNews.az-ən əməkdaşının bu barədə sualına cavab verərkən deyib.

O bildirib ki, 2005-ci ildə R.Quliyevin namizədliyi qeydə alındığı üçün həmin şərh özü hüquqi qüvvəsini itirmiş hesab edilir: “Ona görə də indi 2003-cü ilin qərarını bəhanə gətirmək mümkün deyil”.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 2003-cü ildə prezidentliyə namizəd olan şəxsin namizədliyinə mane olacaq hallarla bağlı maddəni şərh edib və orada xarici dövlətdə vergi ödəyicisi olan şəxslərin Azərbaycan prezidentliyinə namizəd ola bilməyəcəyi barədə rəy çıxarıb.

E.Namazov deyib ki, o, R.İbrahimbəyovun xarici ölkədə vergi ödəyicisi olduğu barədə dəqiq bir söz deyə bilməz, ancaq bu məsələ ilə Milli Şuranın hüquqşünasları məşğul olur: “Hüquqşünaslarımız həm Rüstəm müəllimin Rusiya vətəndaşlığı, həm də xarici ölkələrdəki mülkiyyət və vergi ödəyicisi olması ilə bağlı maneələrin aradan qaldırılması üçün çalışırlar. Rüstəm müəllimin heç bir ölkə qarşısında öhdəliyi yoxdur. Bunu sizə əminliklə deyə bilərəm”.

Milli Şuranın icra aparatının rəhbəri bəyan edib ki, qurumun hüquqşünasları R.İbrahimbəyovun namizədliyi ilə bağlı məsələni araşdırıblar və onun namizədliyinin qeydə alınmaması üçün Azərbaycan qanunvericiliyində hər hansı əngəl olmadığı qərarına gəliblər.

E.Namazov onu da deyib ki, avqustun ortasında təşəbbüs qrupu yaradılacaq və R.İbrahimbəyovun namizədliyi həmin təşəbbüs qrupu tərəfindən irəli sürüləcək.

Tanınmış hüquqşünas, Respublikaçı Alternativ Hərəkatın (REAL) Məclis sədri Erkin Qədirli isə Aznews.az-a açıqlamasında deyib ki, Konstitusiya Məhkəməsinin 100-cü maddəsinə edilən şərh normativ xarakterlidir. Yəni konkret adamlara deyil, həmin normanın təsiri altına düşən münasibətlərə və onların bütün iştirakçılarına aiddir: “Aydındır ki, 2003-cü ildə bu qərarın kontekstual bəhanəsi Rəsul Quliyev idi. Amma dediyim kimi, qərar yalnız ona şamil edilmir”.

Hüquqşünasın sözlərindən belə aydın olur ki, Konstitusiya Məhkəməsinin 2003-cü ildə 100-cü maddəsinə verdiyi şərh həm də Rüstəm İbrahimbəyova şamil ediləcək. Ancaq görünür, Milli Şura sədrinin hüquqşünasları bu barədə fərqli fikirdədirlər və ya R.İbrahimbəyovun xarici ölkədə vergi ödəyici olduğu ilə bağlı iddialar yanlışdır.


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button