Konstitusiyalı monarxiya – Viktor Hüqodan III Napoleona

İbrahim İbrahimli

Azərbaycan hakimiyyəti üçüncü dəfə Konstitusiyaya dəyişiklklər edir… Hər üç dəyişiklik birbaşa sülalə hakimiyyətinin qurulmasına, gücləndirilməsinə və otürülməsinə xidmət edir: 2002-ci ildə əsas məqsədi sülalənin varisi İlham Əliyevin hakimiyyətə maneəsiz gəlişini təmin etmək; 2009-cu ildə bu hakimiyyətin ömrünü uzatmaq; 2016-cı ildə isə bu hakimiyyətin maneəsiz ötürülməsinə nail olmaq. Əslində, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, deputat və prezident seçilmək üçün mövcud olan yaş məhdudiyyətinin (müvafiq olaraq 25 və 35 yaş) aradan qaldırılması, prezidentə Milli Məclisi buraxmaq və nöbədənkənar prezident seçkisi təyin etmək səlahiyyətinin verilməsi, 1-ci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin yaradılması birbaşa ölkədə indiki hakim ailənin davamlı və qeyri-məhdud hökmranlığına qanuni əsaslar yaratmağa xidmət edir. Bu dəyişikliklər faktiki olaraq neçə illərdir ki, tətbiq edilən monarxiya quruluşunun qanuniləşdirilməsidir. Daha doğrusu, İlham Əliyev sülalənin əbədi hakimiyyətini təmin etmək üçün dövlət quruluşunu faktiki olaraq konstitusiyalı monarxiyaya dəyişmək istəyir.

Ayının yüz oyunu var, bir armudun başında…

1-ci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılması, əslində hakimiyyətin gələcəkdə maneəsiz olaraq sülalə üzvlərindən birinə ötürülməsi üçün bir mexanizmdir. 1-ci vitse-prezident və vitse-prezidentləri birbaşa prezident təyin edir. Bu vəzifəyə təyin olunan namizəd gələcək hakimiyyətin varisi hesab oluna bilər. Çünki konstitusiya dəyişikliklərində 1-ci vitse-prezidentə prezident olmadığı təqdirdə onu əvəzləmək hüququ nəzərdə tutulur. Bu isə o deməkdir ki, prezident öz səlahiyyətlərini istənilən vaxt faktiki olaraq xalq tərəfindən seçilməmiş, parlament tərəfindən təsdiq edilməmiş istənilən bir adama verə bilər. Əslində, 1-ci vitse-prezident və vitse-prezidentlər postlarının təsis edilməsi hüquqi cəhətdən hakimiyyətin ötürülməsinin yeni mexanizmi kimi qəbul edilməlidir.

Tarixi ibrət…

Deyirlər, tarix adətən iki dəfə təkrar olunur, əvvəl faciə kimi, sonra isə komediya-məzhəkə şəklində – təbii ki, birinci ağlamalı olur, ikinci isə gülməli… Bəli, gerçəkdən gülməli günlərə qalmışıq… İham Əliyevin 21-ci əsrdə etmək istədiklərini hələ Lui Napoleon orta əsrlərdə Fransada həyata keçirmək istəmişdi. Amma başda Viktor Hüqo olmaqla böyük bir ziyalı ordusunun müqavimətilə qarşılaşdı və sonda məğlub oldu. Bu gün “mən siyasətlə məşğul olmuram, məni siyasətə qatmayın, filan şeyi siyasiləşdirməyin” deyərək, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınıb öz hərəkətlərinə haqq qazandırmaq istəyən və zaman-zaman parlamentdə təmsil olunan ziyalılarımız və yazarlarımız gözlərinə su verib Viktor Hüqonun həyatını, lütfən oxusunlar…

Fransanın sonuncu monarxı: 3-cü Napoleon

Hakimiyyətə can atan Lui Napoleon, nəhayət, çevriliş cəhdlərindən əl çəkib 1848-ci ildə kecirilən prezident seçkisində iştirak etmək üçün İngiltərədən Fransaya qayıdır. Sosial ədalət və milli həmrəylik şüarları altında seçkiyə qatılır, 70 faiz səslə rəqibi Lui Ejen Kavenyaka qalib gələrək ilk dəfə demokratik yolla hakimiyyətə gəlir. Amma demokratiya uzun sürmür… Üç ildən sonra hakimiyyətinin sona çatmasına çox az müddət qalmış Lui Napoleon konstitusiyanı dəyişmək, öz prezidentlik müddətini artıqmaq barədə parlamentə layihə təqdim edir, cünki mövcud qanunvericiliyə görə prezident bir dəfədən artıq seçilə bilməzdi. Parlamentdə respublika tərəfdarları ilə monarxiya tərəfdarları arasında amansız mübarizə başlayır. Bu mübarizədə təşəbbüsü öz üzərinə götürən Viktor Hüqo məslis üzvü kimi Lui Napoleon başda olmaqla bütün monarxiya tərəfdarlarına qarşı çox sərt və kəskin çıxışlar edir: “Siz başqa əsrin adamlarısınız, siz meyitsiniz. Gəlin canlıları rahat buraxın… Siz qəbirdən xortlamaq istəyirsiniz? Keçənləri unutmusunuz? Ayağınızı məşum Tüilri sarayınin iki addımlığında olan səkiyə qoyun, onda iki şeydən birini seçməli olacaqsınız: ya köhnə monarxiyanı qəbirə sürükləyən eşafot, ya da yeni kralları sürgünə göndərən kirayə edilmiş kareta. Ömürlük prezidentlik size hara aparıb çıxaracaq? Əlbəttə, imperiyaya… Məgər biz vaxtilə Fransada Böyük Napoleon olduğuna görə indi də Kiçik Napoleona dözməliyik?” – Siz prezidenti təhqir edirsiniz. – Prezidentin böyük adam olmadığını söyləmək əsla təhqir etmək deyil. Bizim cənab prezidentdən tələbimiz budur ki, ləyaqətli bir adam kimi hakimiyyətdən əl çəksin. Mən Boyük Napoleondan sonra Kiçik Napoleonu hakimiyyətdə görmək istəmirəm. Parlamentdə güclü müqavimətlə qarşılaşan Lui Napoleon faktiki olaraq 2 dekabr 1851-ci ildə dövlət çevrilişi edir. O, yaranmış vətəndaş qarşıdurmasından istifadə edərək parlamentə təqdim etdiyi konstitusiya dəyişikliyini nəzərdə tutan layihəni ümumxalq səsverməsinə – referenduma çıxarmaq istəyir. Fransanın ağır günləri başlayır… Parlamentdə təmsil olunan müxalifətçi deputatlar Milli Müqavimət Hərəkatını təşkil etmək üçün Viktor Hüqonun başçılığı altında Milli Müqavimət Komitəsi yaradırlar.

Viktor Hüqonun xalqa müraciəti:

Son dərəcə böyük bir toqquşmanın baş verəcəyi gün yaxınlaşır. Böyük və şanlı döyüş meydanı keçmişin inadcıl iddiaları sayəsində yenidən zülmət pərdəsinə bürünəcəkdi. O meydan ki, orada təfəkkür və tərəqqi öz vuruşunu genişləndirir. O meydan ki, onun adı Fransadır. Bu qaranlığın nə qədər sürəcəyini, bu döyüşün nə qədər davam edəcəyini deyə bilmirəm, amma bir şeyə əminəm və əmin olduğuma görə də qəti şəkildə öncədən deyirəm ki, haqq ölməyəcəkdir! KONSTİTUSİYANIN MÜDAFİƏSİ FRANSA VƏTƏNDAŞLARININ HÜQUQUDUR. PARLAMENT LUİ NAPOLEONUN SƏLAHİYYƏTLƏRİNƏ XİTAM VERİR. XALQI ÖZ KONSTİTUSİON HÜQUQLARININ BƏRPASI UĞRUNDA MÜBARİZƏYƏ ÇAĞIRIR. ÜMUMİ SEÇKİ QANUNU BƏRPA OLUNUR. YAŞASIN RESPUBLİKA! Amma Lui Napoleon daxili çəkişmələrdən – vətəndaş qarşıdurmasından istifadə edərək ümumi vəziyyəti öz xeyirinə dəyişir. Konstitusiya dəyişiklikliyini xalq səsverməsinə – referenduma çıxararaq səs çoxluğu ilə (7,5 milyon lehinə və 640.000 əleyhinə) təsdiqləyir.

2-ci imperiyanın 3-cü imperatoru

Vəziyyət təhlükəli hal alır. Müqavimət komitəsinin üzvlərini izləyirlər. Onlar 2 gün ərzində 17 dəfə yerlərini dəyişməyə məcbur olurlar. Lui Napoleon şəxsən Hüqonu tutub təslim edənə və ya öldürənə 25.000 frank mükafat vəd edir. Respublikaçıları sıradan çıxarmaq üçün ölkədə kütləvi repressiyalara başlayır. Minlərlə insan həbsxanalara atılır, xeyli Fransa vətəndaşı mühacirətə gedir. O cümlədən, Viktor Hüqo da əvvəl Brüsselə, oradan da Normand (Kanal, La-Manş) adalarına qaçır və mühacirətdə ikən Lui Napoleona qarşı sərt mübarizəsini davam etdirir. Mütləq hakimiyyət əldə edən Lui Napoleon müxalifətin müqavimətini qırandan sonra prezidentliklə kifayətlənmir, yeni iddiaya düşür, daha doğrusu, imperator olmaq istəyir. Bu məqsədlə 21 noyabr 1852-ci ildə imperiyanın bərpa edilməsini ümumxalq səsverməsinə çıxarır. Və imperiya səs çoxluğu ilə – 7.824.000 lehinə və 253.000 əleyhinə təsdiqlənir. Lui Napoleon 2 dekabr 1852-ci ildə özünü Fransa İmperatoru III Napoleon elan edir.

3-çü Napoleonun məğlubiyyəti

Krım müharibəsində Rusiyanı məğlub edən 3-cü Napoleon Fransa İmperiyasının hegemonluğunu bir daha təsdiq edir. Keçmiş kontinental Rusiya İmperiyasının yerini Fransa tutmuş olur. Artıq Rusiya Avstriyanın deyil, Fransa və Prussiyanın müttəfiqinə çevrilir. Amma çox çəkmir ki, Fransa-Prussiya münasibətləri gərginləşir. Fransanın hərbi gücünə arxalanaraq guya əldə edəcəyi qələbə ilə öz siyasi səhvlərini ört-basdır etmək məqsədilə 3-cü Napoleon müharibəyə başlayır. Və baş komandanlığı öz üzərinə götürərək Metç qalasına gəlir. Beumont döyüşündən sonra Metç qalasına qayıdarkən prussiyalıların mühasirəsinə düşür. Hamının, hətta xanımının da onun intihar edəcəyini gözlədiyi halda, Lui Napoleon könüllü olaraq almanlara şəxsən təslim olur.

3-cü Republikanın bərpası…

Artıq Prussiya ordusu Fransanın paytaxtına doğru irəliləyir. 4 sentyabr 1870-ci ildə Milli Müqavimət Komitəsi təşəbbüsü oz əlinə alıb Fransada III Respublika hakimiyyətini elan edir. Hüqo sürgündən Fransaya qayıdır. Gecə vaxtı minlərlə parisli Hüqonu “Var olsun Fransa, Yaşasın Hüqo” çağırışlarıyla vağzalda qarşılayır. Hüqo izdihama müraciət edir: ”…Mən sizə demişdim ki, Azadlıq geri dönəndə Respublika qayıdan gün, mən də qayıdacağam. Budur, mən burdayam. Mən buraya öz borcumu yerinə yetirmək üçün gəlmişəm. Parisi müdafiə etmək üçün, Parisi qorumaq üçün gəlmişəm. Bilirsinizmi Paris niyə böyük mədəniyyət şəhəridir? Çünki o, inqilablar şəhəridir… İnqilablar şəhərini işğal etmək mümkünmü? Yox, bu, mümkün deyildir! Belə bir şey heç vaxt ola bilməz! Yaşasın Respublika!”

P.S. Sülh müqaviləsindən sonra azad edilən 3-cü Napoleon İngiltərəyə – Çizelherstə gedərək ömrünün sonuna kimi orada qalır. Fransaya qayıtmaq üçün plan hazırlasa da, 9 yanvar 1873-cü ildə ürək çatışmazlığından vəfat etdiyinə görə o planı həyata keçirməyə müvəffəq olmur. Ölümündən sonra quruca adı qalır…

P.S. Viktor Hüqonun 80-cu ad gününü Paris – bütün Fransa milli bayram kimi qeyd edir. Eylau küçəsində triumfal arka quraşdırmışdılar. Evinin qarşısından 600 min parisli keçəndə nəvələriylə pancərənin qarşısında durmuş Hüqo öz pərəstişkarlarına minnətdarcasına baş əyirdi. Son mənzilə yola salınanda isə cənazə arabasının qabağında 200 min parisli gedirdi… 2 milyondan artıq fransalı isə yolboyu düzülüb mərhumla vidalaşırdı. Vəsiyyətnaməsində Hüqo belə yazmışdı: “Mən 50 min frankı kasıblarçün qoyub gedirəm. İstəyirəm ki, məni yoxsullar üçün nəzərdə tutulan arabada yola salsınlar. Bütün kilsələrdə matəm mərasimindən imtina edirəm. Hamıdan mənim ruhumçün dua etməyi rica edirəm. Allaha inanıram. Viktor Hüqo”.
Ölümündən sonra Fransızlar Hüqo üçün belə yazırdılar: “Hüqo doğulanda əsrin iki yaşı vardı, öləndə isə əsrin cəmi 15 il ömrü qalmışdı”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button