Korrupsiyaya qarşı mübarizəyə dair hesabat: görülən işlər və problemlər

korrupsiya23.07.2013

Baş Prokurorluğun Elmi-Tədris Mərkəzində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü ilin 6 ayı ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.  

2013-cü ilin birinci  yarısında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində vətəndaşların  1522 müraciətinə baxılıb, həmçinin 166 cinayət xarakterli material araşdırılıb. Cinayət xarakterli materialların 78%-i üzrə cinayət işi başlanıb.

İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 6 ayda 3237 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə cinayət işləri başlanıb, istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılmaq üçün məhkəmələrə göndərilib.

Birinci yarımildə idarənin əməliyyat qurumları tərəfindən cinayətlər barədə 301 müraciət araşdırılıb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslərin barəsində 16, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Həmin işlərdən 7-i üzrə ibtidai istintaq tamamlanaraq baxılmaq üçün məhkəmələrə göndərilib.

“2013-cü ilin birinci yarısında idarənin istintaq şöbəsi tərəfindən 200 şəxsin barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib. “Həmin cinayət işlərindən 1 şəxsin barəsində 1 iş rüşvət vermə, 25 şəxsin barəsində 9 iş rüşvət alma, 12 şəxsin barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxsin barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxsin barəsində 3 iş səhlənkarlıq, 73 şəxsin barəsində 32 iş mənimsəmə və israf etmə, 79 şəxsin barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulan 16 milyon 460.0 min manat həcmində  ziyandan istintaq müddətində 7 milyon 961.0 min manat və ya 48,4 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb”, – Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi  Kamran Əliyev bildirib.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynovun fikrincə,  son 6 ayda korrupsiyaya qarşı mübarizə dinamik olub.

“ASAN xidmətin fəaliyyəti ölkədə şəffaflıq mexanizminin nümayişidir. Bu il  ərzində bu xidmətə 270 min vətəndaş müraciət edib və müraciətlərin 98 faizi təmin edilib. ASAN  xidməti hazıra 9 sahəni əhatə edir və gələcəkdə əhatə dairəsi artırılacaq. Yaxın zamanda Bakının Yasamal rayonunda və Gəncə şəhərində ASAN xidmət mərkəzləri təşkil ediləcək”, – V.Hüseynov  bildirib.

O,  eyni zamanda qanunvericilik aktlarına müvafiq dəyişikliklərin nəticəsində vətəndaşlara pasport və digər sənədlərin verilmə müddətinin qısaldıldığını, avtomobillərə texniki baxışla bağlı dəyişiklikləri qeyd edib.

Həmçinin “İctimai iştirak haqqında” qanun layihəsi hazırlanıb.

QHT rəhbərləri isə korrupsiya ilə bağlı müxtəlif problemlərə toxunublar. Onların fikrincə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətlər artmaqda davam edir. “Müraciət və şikayətlərin artması vətəndaşlar arasında bu idarəyə etimad və inamın artmasının göstəricisidir”, –  Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlməmməd Nuriyev qeyd edib.

Bununla yanaşı Ə.Nuriyev idarənin araşdırdığı korrupsiya cinayətləri arasında çirkli pulların yuyulması, nüfuz alveri cinayətlərinə rast gəlinmədiyini deyib. “Banklar hələ də “şapka” alır. Mənzil tikintisi və satışı ilə bağlı korrupsiya, dələduzluq və rüşvət halları davam edir. Nəyə görə yuxarı vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmur?”, – o sual edib.

QHT rəhbəri  həmçinin cinayət təqibinin korrupsiyaya qarşı mübarizədə  effektli nəticə üçün yeganə vasitə olmadığını diqqətə çatdırıb.

“Korrupsiya  Qarşı Mübarizə İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində önləyici tədbirlər keçirir, korrupsiyanın qarşısının alınması məqsədi ilə  qurumlara təqdimatlar verir. Bunlar müsbət dəyişikliklərə səbəb olurmu? Suala cavab vermək üçün qiymətləndirmə də aparılmalıdır”, Ə.Nuriyev bildirib.

“Şəffaflıq Azərbaycan” təşkilatının rəhbəri Rəna Səfərəliyeva mülkiyyət qeydiyyatı, təbii monopolistlər tərəfindən kommunal xidmətlərin təşkili, satınalmalar sahəsində və latent korrupsiyalarla bağlı faktların araşdırılmasına ehtiyacın olduğunu bildirib.

“Vətəndaşlar göstərilən sahələrdə korrupsiya faktları ilə bağlı daha çox şikayət edirlər”, – o qeyd edib.

QHT rəhbərləri yerlərdə dövlət məmurlarının  vətəndaşları  qəbul etməsi sahəsində problemlərdən danışıb. ”Bəzi hallarda yerlərdə qəbullar yalnız qəbul xatirinə keçirilir. Vətəndaşlar icra hakimiyyətinə yaxın buraxılmır. İcra hakimiyyətlərini niyə polislər qorumalıdır?”, – Sevgim Rəhmanov deyib.

QHT rəhbərləri həmçinin yerlərdə məmur özbaşınalığı, satınalmalar sahəsində problemlərə və tenderlərdə bir çox hallarda qurum rəhbərlərinin qohumlarının rəhbərlik etdiyi şirkətlərin qalib elan edilməsinə diqqəti artırmağı vacib sayıb.

Sualların cavabında Kamran Əliyev deyib ki, ASAN xidmətinin təşkili digər qurumlarda da dönüşün yaxında olduğunu göstərir. Onun sözlərinə görə, hakimlərin korrupsiya faktı ilə bağlı idarəyə müraciət daxil olmayıb. Məhkəmə icraçıları ilə bağlı bir müraciət daxil olub və araşdırılıb.

Beynəlxalq mediada Azərbaycanda korrupsiya faktları ilə bağlı sualın cavabında K.Əliyev “yazılanlar çox vaxt siyasi təbliğat xarakteri daşıyır” deyib.

Məmurların gəlirləri ilə bağlı bəyannamənın nümunəsinin indiyədək təsdiq edilməməsinin səbəbləri ilə bağlı sualın cavabında Vüsal Hüseynov deyib ki, bəyannamənin nümunəsi artıq hazırlanıb. “Bəyannamə nümunəsi hazırda müzakirə prosesindədir. Bu sənəd beynəlxalq qurumlar, ekspertlər və yerli QHT-lər tərəfindən müzakirə olunub”, – o qeyd edib.

Bununla yanaşı bəyannamə nümunəsinin təsdiqinin və tətbiqinin nə vaxt olacağını bildirməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button