“Kredit məhbusu”na ədalət istənilir

beybank

Azərbaycan Beynəlxalq Bankından götürdüyü kreditə görə həbs olunan iş adamı, “Bermud City” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Səməd Sadıqovun hüquqlarını müdafiə komitəsi müraciət yayıb. Müqavilə üzrə 2020-ci ilə qədər ödənilməsi nəzərdə tutulan kreditə görə həbsdə saxlanılan iş adamının müdafiəçiləri onun qanunsuz həbs olunduğunu qeyd edir.

2020-ci ilə qədər ödənilməli olan krediti “indi ödə” deyə tələb edirlər

Müraciətdə vurğulanır ki, biznesdə 10 ildən artıq təcrübəsi olan S.Sadıqovun ümumi dövriyyəsi 2015-ci ildə 12 milyon dolları ötüb. Biznesdə kreditlərdən də istifadə edən iş adamı “Parabank”, Azərbaycan Beynəlxalq Bankının müştərilərindən olub. Həmin illərdə adları çəkilən banklardan ümumi məbləği yüz minlərlə manatla ölçülən kreditlər götürüb, kredit öhdəliklərini davamlı olaraq nümunəvi şəkildə icra edib.

S.Sadıqov qısa zamanda iri biznes şəbəkəsi qurmağa nail olub. Biznes şəbəkəsi əsasən, məişət texnikası, qida, habelə media sahəsini əhatə edib. Məişət və elektroqida sektorunda Azərbaycanın bütün bölgələrində üst-üstə 3200-dən artıq topdan və pərakəndə satış məntəqəsi və nöqtəsi yaradılıb. Bu şəbəkə ümumilikdə 5000-dən çox insanın qazanc mənbəyi olub. 2014-cü ildə 30-dan artıq jurnalistin çalışdığı “City TV” (www.citytv.az) internet televiziya kanalı layihəsi yaradılıb. S.Sadıqovun qurduğu biznes şəbəkəsi qısa zamanda Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Türkiyə, Macarıstanla ticarət əlaqələri qurub. İş adamı bir neçə ünlü brendin Azərbaycandakı distribütoru olub. S.Sadıqovun təmsilçisi olduğu “Powerfull” brendi iki il dalbadal Azərbaycanda “İlin brendi” seçilib”.

Beynəlxalq Bankla mülki mübahisədə iş adamını həbs ediblər 

S.Sadıqovun bütün bu işlərin qurulmasına xərclədiyi vəsaitlər daxilində Beynəlxalq Bankdan götürülən 4.410.000 min manat vəsait də olub. Bu vəsait iş adamının biznesinin bir hissəsini təşkil edib. Bankla iş adamı arasında 2013-cü ildə bağlanmış kredit müqaviləsinə görə, kreditin 2020-ci ilədək ödənilməsi nəzərdə tutulub. Kredit üzrə ödəmələr zamanında ödənilsə də, ölkədə Beynəlxalq Bankla bağlı yaranan qalmaqal zamanı S.Sadıqov da hədəfə çevrilib. Kredit müqaviləsi üzrə bütün öhdəlikləri zamanında icra edən iş adamından götürdüyü bütün vəsaiti dərhal ödəmək tələb olunub. İş adamı isə bunu qısa müddətdə edə bilməyib.

İş məhkəmə müstəvisinə çıxdıqda məhkəmə Beynəlxalq Bankdan götürülən kreditlə bağlı mübahisənin mülki xarakterli olması haqqında qərar qəbul etsə də, iş adamını Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham edərək həbs ediblər. Bakı İstintaq Təcridaxanasında saxlanılan iş adamı hazırda istintaq altındadır. Onun həbsdə saxlanması həm iri biznes şəbəkəsinin işini iflic edib, həm də kreditin ödənilməsində ciddi problemlər yaradıb.

İş adamının müdafiə komitəsi qeyd edir ki, iri biznes şəbəkəsi quran iş adamının qurama dələduzluq ittihamı ilə həbsdə olması onun yaratdığı minlərlə insanın qazanc mənbəyi olan biznes şəbəkəsinin mövcudluğunu sual altında qoyub. İş adamının müdafiə komitəsi qeyri-neft sektorunun inkişaf etdirilməsinin, investorların ölkəmizə cəlb edilməsinin zəruri olduğu zamanda belə nümunələrin olmasının investorlar üçün cəkindirici xarakter daşıdığını vurğulayırlar. Bununla belə günahsız həbs olunmuş iş adamının hüquqlarının müdafiəçiləri hər şeyin qanun çərçivəsində həllini tapacağına ümidlidirlər.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button