“Kür” qərargahı: Məhkəmə İlham Əmiraslanovun işi üzrə hərtərəfli təhqiqat aparmayıb

13.09.2012

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı İlham Əmiraslanovun işi üzrə məhkəmə istintaqı obyektiv keçirilməyib, prosessual normaların pozulması ilə müşayiət olunub. Bu barədə “Kür” qərargahının üzvü, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.

Xatırladaq ki, sentyabrın 12-də Sabirabad Rayon Məhkəməsi İ.Əmiraslanovu iki il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu  CM-in 228.1-ci (odlu silah və döyüş sursatları saxlamaq, daşımaq) maddəsi ilə təqsirli bilib.

  Hökm oxunmazdan əvvəl dövlət ittihamçısı məhkəmədən 2,5 il həbs cəzasının çıxarılmasını istəyib.

  İ.Əmiraslanov iyunun 8-də yaşadığı Əsgərbəyli kəndinin yaxınlığında saxlanılıb. “Kür” qərargahının məlumatına görə, həmin gün fəal silahlı adamların müşayiəti ilə evə gətirilib. Şahidlər bildiriblər ki, onu zirzəmidən hansısa əşyaları çıxarmağa məcbur ediblər və şəklini çəkiblər. İyunun 11-də

İ.Əmiraslanova qarşı qanunsuz silah və döyüş sursatı saxlamaq maddəsi ilə ittiham irəli sürülüb. O, Sabirabad Rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs olunub. Avqustun 4-də Sabirabad rayon polis bölməsində ibtidai istintaq başa çatıb. Fəalın məhkəməsi sentyabrın 8-də başlayıb. Müttəhim öz günahını inkar edib.

“O, vəsaitlərin məmurlar tərəfindən mənimsənilməsi faktı ilə bağlı barışmazlıq nümayiş etdirib”.

  Məhkəmə müdafiə şahidlərinin ifadələrini dinləməyib, müdafiə tərəfinin təqdim etdiyi video sübutları nəzərə almayıb. Bu barədə M.Əliyev “Kafkazskiy uzel”in müxbirinə bildirib.

  “Bu kadrlar ittiham tərəfinin versiyasını tamamilə dağıdır. Belə ki, sentyabrın 6-da məhkəmə iclasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bildiriblər ki, İ.Əmiraslanovun saxlanmasında və onun evində axtarışın aparılmasında qurumun yalnız üç əməkdaşı və Bakıdan iki hal şahidi iştirak edib. Onlar həmçinin bildiriblər ki, Sabirabad polisi bu işə cəlb olunmayıb. Lakin yerli sakinlərin mobil telefonlara çəkdikləri videodan aydın görünür ki,  Sabirabad polis bölməsinin rəis müavini Rauf Məcidov İ.Əmiraslanovun həbsindən narazı qalan kənd sakinləri ilə söhbət edir. Ancaq  məhkəmədə polislər və hal şahidləri bildiriblər ki, ətrafda heç kim olmayıb”, – M.Əliyev qeyd edib.

  Onun fikrincə, məhkəmə hərtərəfli təhqiqat aparmayıb, cəmi iki iclas keçirib. Bundan əlavə, məhkəmədə jurnalistlərin və vətəndaş fəallarının prosesi işıqlandırmasına maneçilik törədilib.

  M.Əliyev bildirib ki, İ.Əmiraslanov 2010-cu ilin yaz-yayında Kür və Araz çaylarının daşması nəticəsində zərər çəkən əhalinin hüquqlarının müdafiəsi ilə fəal məşğul olub. O, daşqının nəticələrinin aradan qaldırılması və vətəndaşlara kompensasiya verilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məmurlar tərəfindən mənimsənilməsi faktına qarşı prinsipiallıq  və barışmazlıq nümayiş etdirib.

  “İ.Əmiraslanova qarşı cinayət işi saxtalaşdırılıb”.

  İ.Əmiraslanovun  vəkili Samir İsayev hökmün əsassız olduğunu bildirib və qeyd edib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

  İ.Əmiraslanov yekun sözündə ona qarşı irəli sürülən ittihamları rədd edib və bildirib ki, tapança və silahı onun evinə qəsdən qoyublar, cinayət işi isə onun hüquq müdafiə fəaliyyəti ilə əlaqədar  saxtalaşdırılıb.

  İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov İ.Əmiraslanovun barəsində çıxarılmış hökmü pisləyib. “Əminik ki, İ.Əmiraslanova qarşı cinayət işi saxtalaşdırılıb. Məqsəd vətəndaş mövqeyinə görə onu cəzalandırmaqdır. Bu, həm də ona görə edilib ki, əhali nəticələrdən ehtiyatlanaraq öz hüquqlarının müdafiəsindən çəkinsin”, – R.Cəfərov vurğulayıb.

  Onun fikrincə, İ.Əmiraslanov Azərbaycanda ümumi sayı 60-dan çox olan siyasi məhbusların sırasını genişləndirib.

  Bundan əvvəl, avqustun 3-də vəkil S.İsayev bildirmişdi ki, ibtidai istintaq prosessual qanunvericilik kobud pozulmaqla keçirilib.

  Sabirabad Rayon Məhkəməsində iş günü başa çatdığından şərh almaq mümkün olmayıb. Azərbaycan DİN də hələlik fəalın barəsindəki hökmü şərh etməyib.

  Xatırladaq ki, iyulun 13-də “Kür” qərargahının digər fəalı Mirabad Rzayev və onun oğlu Mirsaleh Rzayev Saatlı rayon İcra Hakimiyyətinin binasında saxlanılıblar. Belə ki, onlar daşqın nəticəsində ziyan dəymiş evlərinin bərpasının yubadılmasından şikayət etmək üçün ora gediblər. Oğul Rzayev 10 sutka inzibati həbsə məruz qalıb. Məhkəmə atanın barəsində həbs qətimkan tədbiri seçib – 2 ay müddətinə həbs cəzası. Ona qarşı  “Hakimiyyət nümayəndəsinə güc tətbiq olunması” maddəsi (CM-in 315.1 maddəsi) üzrə ittiham irəli sürülüb.

  2010-cu ilin may-iyun aylarında Azərbaycanda baş vermiş daşqınlar zamanı 20 mindən çox evə ziyan dəyib, minlərlə ailə təsərrüfatdan məhrum olub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə baxmayaraq, yerli əhalinin problemləri hələ də həllini tapmayıb

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button